Gözəl səsli tarın hazırlanması - sənət sirləri
Qurban Verdiyev Şuşa şəhərindən məcburi köçkündür. İndi Azərbaycanın Bərdə rayonunun Mustafalı kəndində yaşayır. Kiçik emalatxanada tar hazırlayır.
Tarın hazırlanması uzun müddətli və çətin prosesdir. Qurban ustanın fikrincə, sənətkarın əsas vəzifəsi sənətin standartlarına mümkün qədər yaxın olmaqdır. Tarın ölçüsü, materialı, hazırlanma metodu – bütün bunlar əsrlər öncə müəyyən olub.
Qurbanın hələ lap gənc ikən işləməyə başladığı Şuşadakı tar fabrikində Mədəniyyət Nazirliyinin təsdiqlədiyi bu standartlara diqqətlə əməl olunurdu.
Qurban onun sənətinə marağın olmamasından gileylənir:
“Bir zamanlar tarla ümumiyyətlə heç kim maraqlanmırdı, o zaman mən sanki sənətdən incidim, işi buraxdım. Sonra isə yenidən başladım. Son vaxtlarda isə daha yaxşı olub, amma biz yenə də ildə bir-iki tar sata bilirik. Dəstəksiz ağırdır”.
Qurban Verdiyev hesab edir ki, turistlərin diqqətini cəlb etmək üçün sərgilər hazırlamaq lazımdır, bu yolla biznes inkişaf edərdi. Hələlik isə o, özünün də dediyi kimi, ənənəvi tarı “itirməmək” və onun sirlərini gələcək nəsillərə ötürmək üçün çalışır.