Gizlini daha az aşkara çıxarmaq
“Şəxsi məlumatların qorunması – Gürcüstanda bu söz birləşməsi ecazkar gücə malikdir, amma ona görə yox ki, burada şəxsi məlumatların üstündə əsirlər. Yəqin ona görə ki, müasir Gürcüstanda şəxsi məlumatların açıqlanması tez-tez mübahisələrdə, o cümlədən də siyasi mübahisələrdə arqument kimi istifadə olunur. Buna görə də yeni qanunvericiliyin qəbulu və vətəndaşların şəxsi məlumatlarını qorumalı olan yeni ayrıca qurumun yaradılması bir çox hallarda siyasi məsələ sayılır.
“Ölkə və onun vətəndaşlarını o vaxt azad hesab etmək olar ki, dövlət qurumları açıq, şəxsi həyat isə insanların özlərindən asılı olsun, – Gürcüstan parlamentinin spikeri David Usupaşvili bu yaxınlarda Tbilisidə qeyd edilən Beynəlxalq Şəxsi Məlumatların Mühafizəsi Günündə bu nitqlə çıxış edib.
Usupaşvili həmçinin şəxsi məlumatlardan buna haqqı olmayan insanların və qurumların istifadə edə bilməməsinin vacibliyini vurğulayıb. “Bu, azadlıq, demokratiya və dövlətin sabitliyi üçün əsas şərtdir.
Son zamanlar şəxsi məlumatların qorunmasına doğrudan da xüsusi diqqət ayrılır – bu mövzuya müntəzəm olaraq toxunulur. Amma fəal müzakirələrə baxmayaraq, Gürcüstan vətəndaşlarının özləri bunun – yəni şəxsi məlumatın gizli saxlanmasının nə dərəcədə vacib olduğunu demək olar ki, dərk etmirlər. Bir çoxları düşünmədən tək elektron poçtun ünvanı, telefon nömrəsi ilə deyil, həm də Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsinin məlumatlarını da bölüşürlər. Və əgər birincinin yayılmasına görə naşı vətəndaşa sadəcə tonlarla mesaj və meyl spamı göndərilirsə, şəxsiyyət vəsiqəsinə dair məlumatların açıqlanması daha ciddi nəticələrə gətirib çıxara bilər, ta sənəd sahibinin adına kredit götürməyə qədər – belə hadisələr artıq Gürcüstanda olub.
Bu cür informasiyanın mühafizəsi Gürcüstanda “Şəxsi məlumatların mühafizəsi haqqında qanunla tənzimlənir. Cəmi iki yaşı olan bu qanun konkret olaraq nəyin şəxsi məlumatlar hesab olunduğunu, kimin onu toplamaq və istifadə etmək haqqına malik olduğunu müəyyən edir, özəl və dövlət qurumlarının və təbii ki vətəndaşların hüquq və vəzifələrini təyin edir.
Gürcüstanda şəxsi məlumatların mühafizəsi haqqında qanunun pozulmasına görə, 500-dən 2000 lariyə qədər cərimə tətbiq olunur. Bu cəriməni “birbaşa marketinq həvəskarları, yəni çoxlu sayda mağazalar, banklar, apteklər, restoranlar, gözəllik salonları və əhalini sms-məlumatlar və elektron məktublarla bombardman edən digər şirkətlər ödəməli ola bilərlər.
Yeri gəlmişkən, çoxlu sayda şirkət və dövlət qurumları artıq cərimələnib – Şəxsi Məlumatların Mühafizəsi Üzrə Müfəttiş Aparatının saytında müvafiq siyahı iki səhifəyə yaxın yer tutur.
Qanunda çox aydın şəkildə yazılıb ki, istehlakçı asanlıqla hər belə reklam mesajından imtina etmək imkanına malik olmalıdır və nominal şəkildə belə bir imkan var. Amma sıravi şəhərlinin nömrəsinə gələn reklam mesajlarının sayını nəzərə alsaq, anlamaq olur ki, bu sonu bilinməyən axını asanlıqla dayandırmaq mümkün olmayacaq.
Hadisənin miqyasını anlamaq üçün demək lazımdır ki, fəal istifadə olunan telefon nömrəsinə gündə 5-7 reklam mesajı gələ bilər – misal üçün, Yeni il bayramı ərəfəsində və ya böyük endirimlər zamanı sms-lərin sayı iki və hətta üç dəfə arta bilər.
Gürcüstanda şəxsi məlumatların mühafizəsinə nəzarəti müstəqil qurum olan Şəxsi Məlumatların Mühafizəsi Üzrə Müfəttiş Aparatı həyata keçirir. Müfəttiş Aparatı istehlakçıya onun şəxsi məlumatlarının kimsə tərəfindən əldə edilməsi və üçüncü şəxsə ötürülməsi ilə bağlı şübhələrin yarandığı haqqında bütün hallarda onlara müraciət etməyi məsləhət görür. Bunu o cümlədən aşağıdakı veb-sayt vasitəsiylə etmək olar: http://personaldata.ge/
Şəxsi Məlumatların Mühafizəsi Üzrə Müfəttiş Aparatı daha bir neçə məsləhətlə bölüşür, bunlar aşağıdakılardır:
1. Məlumatı bölüşdüyünüz sosial şəbəkə istifadəçiləri dairəsinə məhz kimin daxil olduğunu bilməyə çalışın. Səhifənizin parametrlərinə fikir verin, məlumatlarınıza kimin girişi olduğuna nəzarət edin;
2. Məlumatınızın konkret təşkilatlara ötürülməsi zamanı (məsələn, anketi doldurarkən) maraqlanın ki, bu məlumatlar konkret nə üçün toplanır və onlar necə istifadə olunacaq. Məlumatlarınızın konkret hansı təşkilatlarda saxlandığını bilin;
3. Qoy sizin sənədləriniz təhlükəsiz yerdə olsun – şəxsiyyət vəsiqəsi və ya pasportunuzu nəzarətsiz qoymayın – sizin məlumatınızı kimsə ələ keçirə bilər;
4. Vacibdir ki, məlumatların öyrənilməsi ilə məşğul olan təşkilatlar öz vəzifələrini, vətəndaşlar isə öz hüquqlarını yaxşı dərk etsinlər.