Geriyə Azərbaycana. Üç hekayə
Azərbaycandan miqrasiya
Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzinin (ICMPD) hesablamalarına görə, dünyada milyondan çox azərbaycanlı mühacir var.
Ölkədən getmək üçün səbəblər – hamıya məlum siyahı: yaxşı təhsil, yaxşı əməkhaqqı, daha yüksək həyat səviyyəsi, siyasi səbəblər üzündən gedirlər. Uğurlu azərbaycanlı gənclər üçün bu, bəzən sadəcə həyatda öz yerini tapmaq, yeni həyata başlamaq cəhdidir. Bu cür cəhdlər heç də həmişə müsbət nəticə vermir. Yeni həyata mane olan nədir?
Oqtay. Çox soyuq və həddən artıq işıqlı idi
“Mən geriyə avqustun 1-də uçdum. Həmin gün qar yağdı”.
Oqtay Bakıdan qaçmaq cəhdini “mənim şimala və geriyə yolum” adlandırır. Bu yol 2017-ci ilin cəmi bir yay ayı uzunluğunda olub.
Azərbaycanı o baş-bu baş gəzməli olduğu uzun, yorucu layihədən sonra Oqtay elə öz doğum günündə naxoş hadisənin ortasına düşür, 9 saat polis idarəsində qalmalı olur, yalnız möcüzə nəticəsində gecə evə qayıdıb öz yatağında yata bilir.
Bu “son damla” idi – Oqtay maşınını satıb, Sankt-Peterburqa gedir.
“Piterdə ilk gün dəhşətli keçdi. Məlum oldu ki, mənim oraya köçməyim üçün özül hazırlamalı olan tanışım hələ mənə mənzil tapa bilməyib. Biz bütün günü kafeləri gəzib, internetdən mənə ev axtarmalı olduq. Yalnız gecəyə doğru tapa bildik. Mübahisə etdik və o getdi.
Əşyalarım, pulum və paltarlarım saxlama kamerasında qaldı, ora getmək üçün isə heç nə yox idi, həm də soyuqdu – bircə futbolkada idim. Bilmirdim ki, Piterdə gecələr belə soyuq olur. Gün yarım ancaq kola və siqaretlə qidalanmışdım, sonra başqa tanışımla əlaqə saxladım, o, əşyalarımı gedib götürməyə kömək etdi”.
Oqtay film istehsalı sahəsində – bədii və sənədli filmlərin çəkilişində çalışır. İş axtarışında o, elə ilk gündən dalaşdığı dostuna ümidli imiş. Müstəqil şəkildə iş axtarışına girişməyib, çünki Peterburq onun ümidlərini doğrultmayıb – Oqtay düşünürmüş ki, onun həyatı möcüzəvi şəkildə asanlaşacaq. Şəhər isə, əksinə, onu sıxırdı.
“İqlim qəribədir, bir günün içində bütün dörd fəsli yaşayırsan. Bəyaz gecələr də xoşuma gəlmədi – 12-də qürub, 3-də şəfəq, hər ikisi də pəncərəyə vurur, yatmaq mümkün deyil. Mənə pis təsir edirdi. Hər şey. Rahat şəraitdə təklik, diskomfort fonunda təklikdən fərqlənir. Mən Bakıya qayıtmaq istəmirdim, amma Piterdə qalmaq da dözülməzdi. Qayıdandan sonra bir müddət çox dilxor idim. Sonra yenə işlər başladı, nə cürsə hər şey fırlanıb getdi, həyat öz axarına düşdü”.
Oqtay deyir ki, nə zamansa, mütləq çıxıb gedəcək, amma öz təcrübəsini nəzərə alacaq və daha yaxşı hazırlaşacaq.
Tahir. Musiqini öz dilində yazmaq lazımdır
Tahir “miqrasiya” sözünü sevmir, ölkədən getməyi “köç” adlandrmağa üstünlük verir və sufi şair Fərid əd-Din Əttardan sitat gətirir: “Okean üzərində yağış buludları kimi səfərə yollan, çünki səfərə çıxmadan heç vaxt kişi olmayacaqsan!”
Tahir magistr dərəcəsi ala bilmək üçün səfərə çıxıb. 2015-ci ildə o, Avstriyanın Qrats şəhərinə yollanıb.
“Mənim magistraturada təhsilimin xərcini Azərbaycan ödəyirdi, mən dövlət təqaüdü alırdım. Magistraturadan sonra isə pedaqoji nəzəri-kompozisiya fakültəsinə qəbul oldum, Avstriyanın tədris metodikasını daha dərindən öyrənmək qərarına gəldim. Amma mənim təqaüdüm artıq buna şamil edilmirdi. İki il təhsil haqqını ödəmək və nə cürsə yaşamaq üçün işləməli oldum. Sonra isə şəxsi vəziyyət elə oldu ki, Avstriyada artıq məni heç nə saxlamadı”.
Azərbaycanda Tahir orkestrovka ilə məşğul olur, bəzən kiçik ansambllara dirijorluq edir, fərdi dərslər verir, musiqi bəstələyir.
“Mən orada özümü yad kimi hiss eləmirdim. Bəlkə ona görə ki, ziyalı, yaradıcı insanlarla ünsiyyət saxlayırdım, biz onlarla eyni dalğada idik. Çay kənarında musiqi və şərq mədəniyyəti haqda söhbət edirdik.
Digər tərəfdən ev yoldaşlarım məni bəzən təəccübləndirirdilər. Onlar Avropa ölkələrindən olan cavan insanlar idi və onların çoxunun həyatda heç bir məqsədi yox idi. Hardasa günlük qazanırdılar, həvəskar tamaşalarda oynayırdılar, başqa nə ilə isə maraqlanırdılar, hamısı da üzdən, sadəcə keyfləri üçün. Azərbaycandan gələn, aydın məqsədləri və bir sürü planı olan biri kimi mənə bu ən azı qəribə gəlirdi.
Yeri gəlmişkən, Avstriyada mən yemək hazırlamağı öyrəndim, ən mürəkkəb Azərbaycan xörəklərini və qərb şirniyyatlarını.
Və nə qədər qəribə olsa da, məhz Avstriyada professorlardan biri mənim fransız musiqi üslubuna can atdığımı görüncə, çox zərif şəkildə musiqini doğma, düşündüyün dildə yazmaq lazım olduğuna eyham vurdu. Söhbət instrumental musiqidən gedir, anlayırsız?
Azərbaycan musiqini məndən yaxşı, fransız musiqisini də fransızdan yaxşı yazan ola bilməz”.
Maral. Reqlamentdən kənar bitki
“Mən qayıdanda anam qarşıma tərəvəzlərdən “çoban” salatı qoydu, yeməyə başladım və təəccübləndim ki, xiyar, pomidor nə qədər ləzzətli ola bilər”.
Maral saatlarla Bakı haqda, bu şəhərə olan sevgisi, şəhərin onu necə ruhlandırdığı haqda danışa bilər.
2015-ci ildə Azərbaycanda devalvasiya baş verib, iqtisadiyyata və ümumi atmosferə güclü ziyan vurub. Bu məyusluqlar dalğasında Maral Niderlanda oxumağa gedib. 2019-cu ilin payızında isə Bakıya qayıdıb.
“Niderlandda ən çox insanların istiliyi və spontanlığı üçün darıxırdım. Orada hər şey bir ay əvvəldən planlaşdırılıb, hər şey ciddi reqlament altındadır, insanlar arasında münasibətlər də.
Orada dostlar arasında hədsiz emosional əlaqə qəbulolunmazdır, dostyana qucaqlaşmalar və əzizləmələr qəbulolunmazdır. Məlum oldu ki, bütün bunlar mənim üçün çox vacib və lazımlıdır.
Yaşadığım evin həyətində divardan bitki cücərmişdi. Mən ona qulluq edirdim, o, məhz bu hədsiz səliqəli ölkədə “xaos” elementi kimi mənim xoşuma gəlirdi. Sonra isə evin sahibi hasarı boyadı və bu bitkini də qopardı. Bu mənə çox pis təsir eləmişdi. Hər şeyin oyun simulyasiyasına bənzədiyi ölkə qapalı bağçada “reqlamentdən kənar” bir gülə dözə bilmir?
Mənə elə gəlirdi ki, heç vaxt bu səliqəli və nəzakətli insanların nə üçün yaşadığını anlaya bilməyəcəm. Hərçənd onların bir çox xüsusiyyəti mənim xoşuma gəlirdi: məsələn, açıq olamaları, onlar üçün eyhamların, susqunluğun, riyakarlığın xas olmaması. Bir də onlar çox nadir hallarda qeybət edirlər. Bu mənada azərbaycanlıların onlardan öyrənəcəkləri şeylər var”.
Layden şəhərindəki universitetdə Maral sosial robotları və süni intellekti öyrənib. O, bu bilikləri vətəndə tətbiq etmək ümidindədir. Maral inanır ki, əcnəbi həmkarları ilə onlayn, öz yataq otağından çıxmadan belə işləyə bilər və bu, xaricdə çətin və problemli həyatdan daha yaxşıdır.
“Mən xaricə getmək, işləmək, ünsiyyətdə olmaq istəyirəm, amma evimin Azərbaycanda olması şərti ilə. Burada mənə hər yerdən daha rahatdır. Niderlandda isə özümü lazımsız hiss edirdim, çünki bütün həyatım boyu məni narahat edən və inkişaf üçün motivasiya verən problemlər orada çoxdan həllini tapıb.
Uzaqdan baxdığın zaman öz ölkən haqda çox şey öyrənirsən. Onu nə qədər sevdiyini anlayırsan. Bu sevgi – məni səhərlər oyanıb, öz üzərimdə işləməyə məcbur edən şey məni geri çağırdı. Mən bilirəm ki, indi Bakıda olmaq zamanıdır”.
P.S.: Bu məqalə yazılana qədər Maral iki layihə üzərində işləmək üçün artıq Berlinə yollanmışdı.