“Gec, ya tez Laçın yolunda Azərbaycan postu olacaq”. Bakıdan şərh
Əliyev sərhəddə postların vacibliyi haqda
Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə Laçın və Zəngəzur dəhlizlərində keçid məntəqələrinin təyin edilməsinin vacibliyi haqda bildirib. “Gec-tez Laçın yolunda Azərbaycan postu olacaq”, – politoloq Elxan Şahinoğlu bu açıqlamanı şərh edib.
- Saakaşvili: səhhəti, həbsxana şəraiti, onu nələr gözləyir? Video və suallara cavab
- Bəxtiyar Hacıyev kritik vəziyyətdədir: fəal quru aclıq aksiyasına başlayıb
- Zelenski Əliyevə zəng edib. Bu nə deməkdir? Bakıdan şərh
“Bakının başqa alternativi yoxdur”
Əliyevin təklifinə əsasən, Azərbaycanın dövlət sərhədində keçid məntəqəsi quraşdırılmalıdır – “Atlas” Analitik Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
“Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib. Bu təklifə görə, ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri Ermənistan-Azərbaycan sərhədində yaradılmalıdır. Azərbaycan prezidentinin sözlərinə görə, əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə İrəvana göndərilib, Münhendə isə rəsmən təqdim olunub. Nikol Paşinyan Münhendə İlham Əliyevin bu təklifinə münasibət bildirməyib”, – politoloq qeyd edib.
Politoloq hesab edir ki, Nikol Paşinyan təklifi qəbul etməsə belə Laçın yolunun qurtacağında sərhəd və gömrük xidmətinin yaradılmasına bizə heç nə mane olmamalıdır:
“Laçın yolunun hərbçilərimiz tərəfindən nəzarətə götürülməsini gec və ya tez həll etməliyik. Yolun sonunda sərhəd və gömrük xidməti fəaliyyətə başlamalıdır. Başqa alternativimiz yoxdur.
Əlbəttə, Nikol Paşinyan həmişəki kimi bu halda 2020-ci il 10 noyabr bəyanatına istinad etməyə çalışacaq və deyəcək ki, “yol açıq olmalıdır”. Ancaq sərhəd və gömrük xidmətinin fəaliyyətə başlaması 2020-ci il 10 noyabr bəyanatına zidd deyil. Yol bağlanmayacaq, nəzarətə götürüləcək, bu Azərbaycanın təbii haqqıdır.
Nikol Paşinyan Qərbi Zəngəzur istiqamətində Ermənistanın sərhəd və gömrük postlarını təsis edib. Paşinyan Azərbaycan vətəndaşlarının dəhlizdən istifadə edərkən sənədlərinin yoxlanacağını bildirirsə, biz də eyni hüquqdan istifadə edərək Laçın yolu üzərindən Azərbaycan ərazisinə daxil olan və Qarabağdan Ermənistana keçmək istəyənlərin sənədlərini yoxlamalıyıq.
Bununla Qarabağa silah və sursat keçidi imkanlarının, o cümlədən üçüncü ölkə vətəndaşlarının Azərbaycan vizası almadan ərazimizə daxil olmasının qarşısı alınacaq”.
“ABŞ təşəbbüsü ələ almaq istəyir”
Müharibədən sonrakı dövrdə ilk dəfə olaraq, Amerika tərəfinin təşəbbüsü ilə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilib. Bunu Münhen təhlükəsizlik konfransı çərçivəsində aparılan danışıqları şərh edən siyasi icmalçı Aqşin Kərimov vurğulayıb.
“Elementar məntiqlə, prosesdə ABŞ önə çıxmaq istəyir. Bunun üçün Gürcüstan önə verilir.
Ona görə də, Rusiya Gürcüstan üzərindən yeni oyun qura bilər”, – Kərimov qeyd edib.
Onun sözlərinə görə, Gürcüstanın cəzalanması və ya ona bərabər olacaq həmlələr Azərbaycan və Türkiyənin strateji maraqlarına ziddir. Bu mənada Azərbaycanla Türkiyə Rusiya ilə danışıqların ruhunu Gürcüstanın da müdafiəsi üzərində quracaq”.
Siyasi icmalçı əlavə edib ki, “təhlükəsizlik konfransı sülh üçün güc tətbiqi məqsədlərini kənara atmır”:
“Əliyevin sərhəddə postların quraşdırılması təklifi isə hələ Azərbaycanın maksimalist məqsədlərindən əl çəkdiyini göstərmir. Sadəcə gedişatlara təsir etmək və daha uzunmüddətli perspektiv üçün bu cür manevr lazımdır”.
“Gəlinən nəticə: Münhen Təhlükəsizlik Konfransı sülh üçün yaxşı platformadır, lakin sülhə doğru atılacaq addımlardakı fərqlilik regionu həssaslaşdırır”, – deyə Aqşin Kərimov fikrini yekunlaşdırıb.
Əliyev nə haqda danışıb?
“Söhbət sərhədlərin delimitasiyasından gedirsə, o zaman nəzarət keçid məntəqəsi olmadan mümkün deyil. Əgər söhbət kommunikasiyaların açılmasından gedirsə, o zaman həm Zəngəzur dəhlizində, həm də Laçın rayonunun Ermənistanla sərhədində keçid məntəqələri yaradılmalıdır”, – İlham Əliyev Entoni Blinkenin vasitəçiliyi ilə Nikol Paşinyanla danışıqlardan dərhal sonra azərbaycanlı jurnalistlərə müsahibəsində deyib.
Azərbaycan prezidenti Laçın yolundakı vəziyyətə də toxunub:
“Laçın-Xankəndi yolundakı vəziyyət də, əlbəttə ki, müzakirə edildi. Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz.
Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni, bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik.
Deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. O cümlədən Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər”.