Gələcəklə bağlı planlar: yaşamaq
Belə mənzilləri “subay evi” adlandırırlar – minimum mebel, araxis qablarında siqaret kötükləri, hara gəldi atılan paltar. Klassik mənzərəni dörd cavan oğlan tamamlayır. Bunu oğlanların bir yerə yığışıb vaxt keçirməsi kimi də qəbul etmək olar, bir küncdə böyük afişa, divara söykənmiş vəziyyətdə də bir cüt əsa olmasaydı. Otağın ortasında əyri-üyrü stulun üstündə oturan oğlan isə ucadan qəhqəhə çəkir.
“Yox, yox, bu qədər yox! Bu qədər süni yox, – dostlardan biri ona deyir, – həm də xahiş edirəm, danışmağa başlayanda tamaşaçıları kövrəltməyə çalışma. Bunu prinsipcə etmək çox asandır. Öz həyatından faktlar kifayət edir. Biz onun emosiyalarına dərindən təsir etməliyik. Biz… tamaşaçını öz sözlərimizlə ya sığallamalı, ya da ona şapalaq vurmalıyıq. Başa düşürsən? Bir də göstər”.
Bu cür şəraitdə bədii rəhbərin evində yeni yaradılmış “Əsa” teatrının axırıncı məşqi keçir. Birigün onların premyerası olacaq.
“Əsa” eksperimental teatrı cəmi bir neçə ay əvvəl yaradılıb və məhdud imkanlı insanlar üçün nəzərdə tutulub. Başqa sözlə desək, truppa əsasən əlillərdən ibarətdir.
Demək olar ki, aktyorlardan heç birinin nə xüsusi təhsili, nə də səhnə təcrübəsi var. Ancaq teatrın yaradıcısı və bədii rəhbəri Nihad Qulamzadə peşəkar aktyordur (rejissorluq sənətində də yeni addımlarını atır).
“Əsa” teatrı eyni zamanda həm yaradıcı, həm də sosial eksperimentdir, çünki məhdud imkanlı insanlara özünü ifadə etmək üçün kömək etməyə çalışır. Əksər əlillərin ictimai həyatda iştirak edə bilmədiyi Azərbaycan üçün bu, böyük bir yenilikdir. Onların cəmiyyətdən təcrid olunmasının səbəbləri küçələrdə pandusların olmamasından başlayır və əlil arabalarına olan qiymətlərlə bitir. Buna görə də teatr dərhal mətbuat və televiziyanın diqqətini özünə cəlb etdi.
Düzdür, hələ ki heç kim maddi dəstək təklif etməyib – Nihad Qulamzadənin dediyinə görə, hazırda “Əsa” ancaq öz cibindən maliyyələşir: bu da elə də böyük pul deyil. Misal üçün, premyera onlara 400 manata (təxminən 230 dollara) başa gəlib, bu pulu da Nihadın qardaşı, eyni zamanda da teatrın meneceri Nicat Qulamzadə verib.
Burada da əsas problem üzə çıxır – gənc teatr hələ ki, evsizdir. Premyera üçün səhnəni onlara “Xəzər” universiteti təqdim edib.
Burada, universitetin akt zalında “DUMB” adlı debüt tamaşası baş tutub.
Səhnədə qarşında sağlam aktyorlar duranda obyektiv və tənqidi yanaşmaq asandır. Söhbət əlillərdən gedəndə isə istər-istəməz insanda özünü senzura hissi oyanır, nəticədə öz fikirlərinin obyektivliyinə şübhə ilə yanaşmağa başlayırsan. Doğrudanmı tamaşadan xoşun gəlib, yoxsa mərhəmət, mənəviyyat və s. kimi hisslər baş qaldırıb? Axı özünü əclaf hiss etməmək üçün məhdud imkanlı insanlara qarşı xeyli daha mərhəmətli davranış adi bir haldır.
Amma hətta aktyorların fərqliliyini unutsaq da əminliklə deyə bilərik ki, tamaşa əla alındı. Yeri gəlmişkən, həmin o fərqliliyi unutmaq o qədər də çətin olmadı – rejissorun işi sayəsindəmi, yoxsa tamaşa həqiqətən də maraqlı idi, amma bir neçə dəqiqə sonra əlil arabasını unudub, səhnədə ancaq dəlixanadakı həyatından danışan adamı görürsən.
Bütün tamaşa dörd monotamaşadan, divanəlik, sevgi, valideynlərlə münasibətlər və gecə qarabasmalarından bəhs edən dörd hekayədən ibarətdir. Bu monoloqlardan hər biri kontekstdən çıxarılıb, hər biri yeni aktyorun dilindən səslənir və finala yaxın anlayırsan ki, bütün bunlar eyni adam tərəfindən tərsinə danışılan hekayədir.
Nihad Qulamzadənin sözlərinə görə, danışılanların 80%-i həqiqətən də baş verib – aktyorların özünün həyatında, dostlarının və tanışlarının həyatında.
Hər artist öz monoloqunu özü yazıb, buna görə də tamaşanın dörd müəllifi var. Və bir qəhrəmanı. Daha doğrusu, iki. Çünki qəhrəmanın divanəliyi balet rəqqası cismində bir söz belə söyləmədən səhnədə vurnuxan ayrıca bir personajdır.
“DUMB” qəhrəmanın uşaqlıqda yaşadığı və bütün ömrü boyu onu təqib edən, qəribə və dəhşətli addımlara vadar edən, təkcə onun deyil, başqalarının da həyatını məhv edən, nəticədə də əsl faciəyə gətirən psixoloji travma haqqında hekayədir. Yəni doktor Freydə zalda əyləşmək qismət olsaydı, çox güman ki, tamaşanı bəyənərdi.
Premyera uğurla keçdi, bəs sonrası?
Teatrın ən böyük arzusu öz binalarının olmasıdır, “Xəzər” universitetinin qonaqpərvərliyindən sui-istifadə etmək istəmirlər, heç alınan iş də deyil.
“Əsas planımız teatrımızı yaşatmaqdır, – Nihad Qulamzadə deyir. – Bunun üçünsə ilk növbədə özümüz onun həyat qabiliyyətli olmasına inanmalıyıq”.
Published 12.01.2017