Fransa prezidentliyinə namizədin Qarabağa səfəri Azərbaycanda etiraza səbəb olub
Respublikaçılar Partiyasından Fransa prezidentliyinə namizəd Valeri Pekres Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsinə səfər edib. Burada o, tanınmamış Dağlıq Qarabağ Respublikasının hakimiyyət nümayəndələri ilə görüşüb. Bu səfər Azərbaycanda etiraza səbəb olub. Düzdür, hələlik rəsmi Bakı susur.
- Bakıdan şərh: “Moskva aqressiyanı artırır”
- Böyük yolun müttəfiqləri. Rusiyanın uzun illik sədaqəti Ermənistana nə qədər baha başa gəldi?
- Brüsseldə Əliyev-Paşinyan görüşü: Avropa platforması alternativ olacaqmı?
Amma diplomatlar və siyasətçilər bu haqda öz fikirlərini səsləndiriblər.
“Laçın dəhlizi Azərbaycan ərazisidir”
Siyasi şərhçi Fərhad Məmmədovun sözlərinə görə, Ermənistan hakimiyyəti və sülhməramlıların rəhbərliyi səfər haqda məlumatlandırılıb, “hətta onlar özləri bu səfərin təşkilatçısı olublar. Konspirologiya əlavə edək: bu təxribat Putinlə Makronun danışığından sonra baş verib”.
“Bu təxribatın səbəbləri bunlardır:
— Zəngəzur dəhlizində sərhəd postlarının qoyulmasına cavab olaraq Laçın dəhlizində Azərbaycanın sərhəd postllarının yerlləşdirilməsinə müqavimət;
— Rusiya Laçın dəhlizində eksklüzivliyi itirmək istəmir və bu məsələdə Rusiya və Fransanın fikri oxşardır;
— Rusiya sülhməramlı kontingent üçün mandat məsələsini aktuallaşdırır;
— Ermənistan rəhbərliyi “status” məsələsinin yoxa çıxacağını və ATƏT MQ gündəliyinin dövlətlərarasıya transformasiya olacağını anlayaraq, ən azı ictimai səviyyədə Qarabağ ermənilərinin “subyektlik” mövzusunu kənara qoymağa çalışır.
Amma Ermənistan rəhbərliyi son həftələrdə görülən işləri zərbə altına qoymaq riski alır. Dünən Ermənistanın baş nazir müavini artıq Ermənistan üçün yolların Azərbaycandan daha tez açılması mövzusu ilə bağlı tənqid edilib. Bu təxribat etimadsızlığı daha da dərinləşdirəcək.
Xatırladım ki, Şarl Mişelin bəyanatında qeyd olunub ki, ölkələr öz ərazilərindəki kommunikasiyalar üzərində suverenliyi qooruyurlar. Yəni Laçın dəhlizi Azərbaycan ərazisidir və RSK fəaliyyətinin formallaşdırılması lazımdır.
MDB sammiti ərəfəsində bu təxribatın həm Ermənistan, həm də RSK (Rusiya sülhməramlı kontingenti) üçün mənfi nəticə verə bilər. Laçın dəhlizinin girişində postların qurulması artıq Azərbaycanda daxili tələbə çevrilir və sülhməramlılar Azərbaycan cəmiyyətində onlara qarşı etimadsız münasibət bəslənilməsi üçün bacardıqları hər şeyi ediblər.
Yaxın bir neçə gün ərzində Bakının atacağı addımlardan çox şey asılı olacaq:
— Reaksiya Fransa tərəfə yönləndirilə bilər. Ermənistanla prosesi dayandırmamaq, amma Fransanın maraqlarına toxunmaq – ATƏT MQ-nin bütün cəhdlərini sıfıra endirmək və onları asqıda saxlamaq, bununla yanaşı humanitar aksiyalarda ABŞ-ın rolunu artırmaq – yorulmaz Muradovu (Rüstəm Muradov – keçmiş RSK komandanı) auta göndərmək;
— RSK zonasında bir neçə hərbi infrastruktur obyektini məhv etmək;
— Kəlbəcər və Laçında pilotsuz uçan aparatlardan istifadə etməklə Türkiyə və Pakistanla növbəti “planlaşdırılmış təlim” keçirmək.
Azərbaycanın arsenalında çox sayda təzyiq mexanizmləri var ki, bunlarda istifadə edilə bilər və edilməlidir”, – Məmmədov qeyd edib.
Prezidentliyə namizəd “persona non qrata” elan olunacaqmı?
“Atlas” Analitik Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azərbaycan prezidentinin Brüsseldəki çıxışında səsləndirdiyi sözləri xatırladıb: “Zəngəzurda dəhliz olmayacaqsa, Laçında da olmayacaq və Azərbaycan sərhəd, gömrük xidməti sərhədin Laçın istiqamətində yerləşəcək”.
“Fransa prezidentliyinə namizəd Valeri Pekres Laçın dəhlizi üzərindən Qarabağa qanunsuz səfər edib. Rusiyalı hərbçilər Laçın dəhlizindən kimi gəldi buraxırlar, veclərinə də deyil.
Əlbəttə, Azərbaycan Xarici İşlər Nazirliyi Valeri Pekresi arzuolunmaz şəxs elan edə bilər. Ancaq bu çıxış yolu deyil. Laçın dəhlizini nəzarətə götürmək lazımdır ki, Valeri Pekres kimi şəxslər Azərbaycanın icazəsini almadan ərazimizə daxil olub erməni separatçıları ilə görüşə bilməsinlər. Əks halda Laçın dəhlizi başımızı hələ çox ağrıdacaq.
Fransa prezidentliyinə namizədin ardınca amerikalı konqresmenlər, rusiyalı deputatlar və daha kimlər Azərbaycana qanunsuz daxil olacaqlar. Elə ermənilərin də məqsədi odur ki, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara dəftərindəki” isimlərin sayı artsın və bununla müxtəlif dövlətlərlə münasibətlərdə gərginlik yaşayaq.
Birdən həmin o Pekres Fransa prezidenti seçildi, rəsmi Bakı onun legitimliyini tanımayacaqmı və Fransa ilə münasibətlərə son qoyacaqmı? Elə ermənilər də bunu arzulayır. Odur ki, bizim bir nömrəli vəzifəmiz Laçın dəhlizini nəzarətə almaq olmalıdır və bu kommunikasiya xətlərinin açılmasından əvvəl baş verməlidir”, – Şahinoğlu əlavə edib.
“Pekres bu yolla xal qazanır”
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Fransa prezidentliyinə namizədin Ermənistana və Qarabağa son səfəri qarşıdakı seçkilər ərəfəsində daha çox xal qazanmaq məqsədi daşıyır.
“Fransada erməni diasporu və onların səsləri 1 faizdən artıq olmasa da, ekspertlərin fikrincə, qarşıdakı seçkilər gərgin keçəcəyi üçün səslərin hər faizi uğrunda mübarizə məkrli vasitələrlə aparılır. Belə ki, Valeri Pekres seçki kampaniyasında daha çox xal qazanmaq ümidilə İrəvandan sonra qanunsuz olaraq Qarabağa səfər edib.
Rusiya sülhməramlıları həmin namizədə xal qazandırıb.
Bu cür səfərlər Laçın dəhlizini nəzarətə götürməyimiz üçün daha bir tutarlı əsas yaradır. Azərbaycanın suveren hüquqlarına qarşı bu cür oyunlara yol verməmək üçün həmin məsələ həll olunmalıdır”.