Azərbaycandan Fransaya nota: Fransa səfiri XİN-ə çağırılıb
Fransa Milli Assambleyasında qəbul olunmuş qətnaməyə cavab olaraq bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırılıb və ona etiraz notası verilib.
- Fransa Senatının Aşağı Palatası Dağlıq Qarabağın tanınmasının zərurəti haqda qətnamə qəbul edib
- Rusiya sülhməramlıları, erməni əhali və Azərbaycan ordusu: Laçın kimdədir?
Fransanın Bakıdakı səfiri Zakari Qross Azərbaycan XİN-ə çağırılıb. Azərbaycanın xarici siyasət qurumunun mətbuat xidmətindən bildirilib ki, görüşdə Fransanın Milli Assambleyasının dekabrın 3-də qəbul etdiyi “Avropa və Şərqin xristian icmalarının və erməni xalqının müdafiəsi” qətnaməsinə cavab olaraq etiraz notası təqdim olunub.
Fransa səfirinin diqqətinə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə zidd olan həmin sənədlə bağlı qəti etiraz çatdırılıb.
Fransalı diplomat Azərbaycan XİN-in mövqeyini Parisin diqqətinə çatdıracağını bildirib.
Dekabrın 3-də Fransa parlamentinin Aşağı Palatası ölkəni “Dağlıq Qarabağ Respublikasının” müstəqilliyini tanımağa çağıran qətnamə qəbul edib.