Azərbaycanda “Fransanın casus şəbəkəsi işi”nin yeni təfərrüatları məlum olub
Fransa casusları Azərbaycanda
Azərbaycanda “Fransanın casus şəbəkəsi”nin ifşası ilə bağlı rəsmi məlumatın olmaması fonunda xarici media bu işin yeni təfərrüatları haqda yazır. Daha əvvəl Fransa vətəndaşı Martin Rayanın həbsi barədə məlumat yayılmışdı. İndi isə bu iş üzrə həbs edilən daha bir şəxsin kimliyi məlum olub. Bu, Azərbaycan vətəndaşı A.Məmmədli adlı biridir.
- Səfirlikdə terror aktının qarşısı alınıb. Əfqanların Azərbaycandakı sərgüzəştləri
- ABŞ səfirliyi Amerika universitetlərinin azərbaycanlı məzunları ilə görüşü təxirə salıb
- Azərbaycanda 20 yaşlı qız Ermənistana casusluqda ittiham olunur
Ötən il dekabrın əvvəlində hökumətyönlü mediada Fransa üçün casusluqla məşğul olan bir qrup şəxsin Bakıda saxlanılması haqda xəbər yayılıb. 2024-cü il yanvarın əvvəlində yenə də hökumətyönlü media erməni əsilli fransız jurnalistə istinadən həbs edilənlərdən birinin kimliyi barədə yazıb.
Onun Azərbaycanda şəxsi bizneslə məşğul olan Fransa vətəndaşı Martin Rayan olduğu bildirilib. Rayan casusluqda ittiham olunub, Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı isə persona non-qrata elan edilib.
Aprelin 6-da “Observer Online” nəşri bildirib ki, bu iş üzrə daha bir nəfər – Azərbyacan vətəndaşı A.Məmmədli həbs olunub. O, “Fransa vətəndaşlığı verilməsi və maddi mükafat müqabilində” Fransa vətəndaşı Rayanla “geniş məxfi əlaqələr» qurmaqda ittiham olunur.
Onun regionla bağlı məlumat toplamaqla və Fransa xüsusi xidmətlərinə ötürməklə məşğul olduğu iddia olunur.
Mənbənin məlumatına görə, Rayan və Məmmədli kəşfiyyat əməkdaşlarının tapşırığı ilə Fransanın “Societe Generale” bankının əməkdaşları ilə əlaqələr qurublar.
Məmmədli Azərbaycan banklarında “müxbir hesablarının” açılmasında və digər məsələlərlə bağlı banklararası müqavilələrin bağlanmasında iştirak edib.
Bütün bu məlumatlardan casusluğun nədən ibarət olduğu və bank hesabları açılmasının məsələ ilə hansı əlaqəsinin olduğu aydın deyil.
Qeyd edək ki, Rayanın azərbaycanlı vəkili şərh verməkdən imtina edir, A.Məmmədlini kimin müdafiə etdiyini isə öyrənmək mümkün olmayıb.
Azərbaycandakı rəsmi mənbələr də bu məsələ ilə bağlı susur. Bir hal istisna olmaqla. Yanvarın 9-da Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva insident haqda danışıb.
“2023-cü ilin dekabrında Bakıda saxlanılaraq casusluqda ittiham olunan Fransa vətəndaşı məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs edilib”, – deyə o, AFP-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu barədə Fransanın Bakıdakı səfirliyinə məlumat verilib və məhkəmənin qərarı ilə onun 4 ay müddətinə həbsdə saxlanılacağı bildirilib.
Martin Rayan “Merkorama” MMC-nin baş direktorudur. Bu şirkət 2020-ci ilin oktyabrından Bakıda yerləşir, qida məhsulları və xammal idxalı üzrə ixtisaslaşıb. Sosial şəbəkələrdəki məlumatlara görə, bu şirkətdə 10 nəfərdən çox adam olmayıb, əsasən Azərbaycan vətəndaşlarıdır.
Şirkət həmçinin xarici şirkətlərin ixrac və Azərbaycanda müəssisələrin yaradılması məsələləri üzrə konsaltinqi, eləcə də İT, mühasibatlıq, hüquqi məsələlər və tərcümə sahəsində xidmətlərin göstərilməsilə məşğul olub.
Martin Rayana gəlincə, onun haqqında çox az şey məlumdur. 2021-ci ildə Fransanın Caucasefrance.com nəşrinə müsahibəsində prezident Makron hökumətinin Azərbaycanla bağlı siyasətini tənqid edib.
O deyib ki, Bakı və Parisin münasibətlərindəki diplomatik böhran Fransa şirkətlərini Qarabağda azad edilmiş ərazilərdə böyük layihələrdə iştirak imkanından məhrum edib. O qeyd edib ki, prezident Makron öz sələflərindən fərqli olaraq, 2017-ci ildə hakimiyyətə gələndən bəri Azərbaycana bir dəfə də olsun səfər etməyib.
“Bizdən fərqli olaraq, münaqişə zamanı Azərbaycana təmkinli dəstək göstərən ölkələr artıq yaxşı mövqelər tuturlar və hər gün ölkədə öz iştirakını daha da möhkəmləndirirlər”, – Rayan deyib.
“O, Paşinyan hökumətini Bakı ilə birbaşa dialoqa başlamağa və sülh müqaviləsini imzalamağa, Azərbaycanın ərazi bütövlüyünü tanımağa, Ermənistanın investorları və aparıcı ticarət tərəfdaşları olacaq Azərbaycan və Türkiyə ilə sərhədləri açmağa çağırıb. Rayan qeyd edib ki, bütün bunlar Ermənistanın regional təcrid problemini həll etməyə imkan verəcək və onu xarici diaspordan asılılıqdan azad edəcək”, – deyə “Turan” yazır.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti məsələ ilə bağlı heç bir açıqlama verməyib. Fransanın Bakıdakı səfirliyi də öz vətəndaşlarına qarşı casusluq ittihamlarından sonra heç bir bəyanat verməyib.