Fövqəladə vəziyyət nə deməkdir – Gürcüstan sakinlərinin nəyə hüququ çatır, nəyə çatmır?
Gürcüstan prezidenti baş nazirə müvafiq təkliflə müraciət edəndən sonra martın 21-dən aprelin 21-ə qədər ölkə ərazisində fövqəladə vəziyyət elan olunub.
Bu yolla Gürcüstan hakimiyyəti koronavirus epidemiyasının qarşısını almağa çalışır.
Konkret göstərişlər yaxın günlərdə parlamentdə müzakirə olunacaq. Hələlik isə hazırda məlum olanları aydınlaşdıraq – hansı qadağalardan söhbət gedir və radikal tədbirlər nəyə lazımdır?
İranda koronavirusdan ölənlər üçün qardaşlıq məzarları – görüntülər peykdən çəkilib
“Biz epidemiyanın ikinci dalğasına hazır olmalıyıq, nə zaman ki yoluxan insanların sayı kəskin artacaq və virus kəskin epidemiya formasını alacaq”, – Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.
Əsas məqsəd insanların bir-biri ilə təmasını azaltmaqdır
Gürcüstanda fövqəladə hal elan olunana qədər 48 koronavirusa yoluxma halı təsdiqlənmişdi. İki min nəfərə yaxın (1966 nəfər) insan karantində və ya yoluxma təhlükəsi altındadır.
Bir neçə gündür ki səhiyyə sistemi təmsilçiləri bildirirlər ki, virusun yayılmasının yeni mərhələsi başlayıb – yalnız xaricdə yoluxanlar yox, yerli sakinlərin geniş çevrələri də xəstələnir.
Gürcüstanda fövqəladə vəziyyət elan olunana qədər də ciddi məhdudiyyətlər tətbiq olunmuşdu. Məktəblər və universitetlər artıq iki həftədən çoxdur ki, bağlanıb; mikroavtobuslarda hərəkət qadağan edilib; ərzaq mağazalarından, apteklərdən, yanacaqdoldurma stansiyalarından və bir neçə bank filialından başqa bütün ticarət və istehsalat obyektləri bağlanıb.
Fövqəladə vəziyyətin əsas məqsədi virusun yayılmasının qarşısını almaq üçün insanların bir-biri ilə təmasını azaltmaqdan ibarətdir.
Bir yerdə on nəfərdən çox olmayaraq
Əsas məhdudiyyətlərdən biri – eyni məkanda on nəfərdən çox olmayaraq toplaşmaq mümkündür.
Bu qadağa kilsə toplantılarına da aiddir. Buna görə də pravoslavların martın 22-də gözlədiyi pasxa liturgiyası baş tutmayacaq.
“Eyni məkanda on nəfərdən çox olmayaraq” qaydası mağazalara və apteklərə də aiddir. Üstəlik insanlar bir-birindən azı iki metr məsafədə olmalıdır. Obyekt sahibləri bunun qayğısına qalmalıdır.
Bu məhdudiyyət həmçinin o deməkdir ki, toy və digər mərasimlər də keçirilə bilməz. Dəfn mərasimlərində insanlar açıq havada toplaşmalı və bir-birindən müəyyən məsafədə olmalıdır.
Küçəyə çıxmaq olar, komendant saatı yoxdur
Gürcüstanda bu mərhələdə komendant saatı tətbiq edilmir və insanlara küçəyə çıxmaq qadağan olunmur.
Bu mərhələdə yalnız mikroavtobusların hərəkəti qadağan olunub. Amma baş nazir xəbərdarlıq edib ki, əgər insanlar evdə qalmaqla bağlı tövsiyəni nəzərə almasalar, hərəkət məhdudiyyəti də tətbiq oluna bilər.
Mülkiyyət hüququ məhdudlaşdırıla bilər
Bu o deməkdir ki, əgər vəziyyət pisləşərsə, dövlət özəl mehmanxanalarda, klinikalarda və ya digər mülkiyyətdə karantin tədbirlərinin görülməsi səlahiyyətini öz üzərinə götürəcək.
Medianın fəaliyyəti ilə bağlı məhdudiyyət yoxdur
Fövqəladə vəziyyət hər hansı informasiyanın yayılmasına və jurnalistlərin işinə məhdudiyyət qoyulmasını nəzərdə tutmur.
Fövqəladə vəziyyət tələblərinin yerinə yetirilməməsinə görə cəza
Tələblərin yerinə yetirilməməsinə görə cərimə fiziki şəxslər üçün 3 min lari [1000 dollara yaxın], hüquqi şəxslər üçün isə 15 min lari [8000 dollara yaxın] təşkil edir.
Pozuntunun təkrarlanmasına görə üç ilə qədər cinayət məsuliyyəti nəzərdə tutulub.
Epidemiya səbəbindən işsiz qalanlara yardım
Baş nazir bildirib ki, ən yaxın günlərdə başlamış epidemiya səbəbilə işini itirən vətəndaşlara yardım planı hazırlanacaq.
Giorgi Qaxariya Gürcüstan hökumətinin fövqəladə vəziyyət şəraitində xüsusi effektiv işlənəsini tələb edən dörd əsas sahəni qeyd edib:
- Səhiyyə (bütün məsuliyyət səhiyyə nazirinin üzərindədir);
- Mülki intizam və təhlükəsizlik (bütün məsuliyyət daxili işlər nazirinin üzərindədir);
- Qida, logistika və nəqliyyat (bütün məsuliyyət kənd təsərrüfatı naziri Levan Davitaşvilinin üzərindədir);
- İqtisadi ziyanın minimuma endirilməsi və iqtisadiyyatın sonrakı sürətli bərpası (bütün məsuliyyət infrastruktur naziri, baş nazirin müavini Maya Tskitişvilinin üzərindədir).