Fotosessiya: “Surikin gölü” – Ermənistanın cənubunda yeni görməli yer
Ermənistanın cənubunda, Qafan yolunun solunda bu yaxınlarda üzərində “Surikin gölü” yazılmış, dərə istiqamətini göstərən lövhə peyda olub.
İlk baxışdan dar cığır təhlükəli görünür, buna baxmayaraq, bura bir çox turistləri cəlb edir.
Dərə uzun illər “Karaunc bağları” adı ilə tanınıb. Bu ərazidə Karaunc kəndinin sakinləri bağ salıb, şərabçılıqla məşğul olurdu. Dərə ətrafında köhnə şərab təsərrüfatları və zirzəmilər qalıb.
Ermənistanın cənub regionunda, Sünikdə məşhur olan qayaların içində oyulmuş mağaralar da elə burada yerləşir. Mağaralarda əvvəllər insanlar yaşayıb.
Son illərdə Karaunc sakinləri burada torpaq əkməkdən vaz keçib, bağlarını atıb, bu yerləri tərk ediblər – məhz pis yol üzündən. Köhnə zamanlarda bu yolu eşşəklərlə gedib-gəlirdilər. Bu vəziyyət yerli gənclərin ürəyincə deyildi və onlar buradakı bağlardan əllərini üzməli olublar. Bir müddət Karauncun yalnız yaşlı nəsli bağlarla məşğul olur və bu yerlərdən qopa bilmirdi.
Amma 1990-cı illərdən burada artıq heç kim qalmayıb. Məhz bu zaman Karaunc sakini Suren Harutunyan dərədə məskunlaşıb. İndi burada yalnız onun ailəsi yaşayır.
Suren həyat yoldaşı ilə torpaq becərir, bağ salır və mal-qara saxlayır. Onların altı övladı var – qayğıları kifayət qədərdir.
Suren deyir ki, o, təbiət aşiqidir, buna görə də ailəsinin qayğıları ilə yanaşı ətrafı öyrənməyə başlayıb.
Uzun illər onlar həyat yoldaşı ilə birlikdə su quyuları qazır, özü axan kanallar tikiblər, nəticədə elektrik əldə edə və süni göl yarada biliblər. Bu göl bu yerlərin görməli yerinə çevrilib və “Surikin gölü” adını alıb.
Təbiət aşiqinin həyat yoldaşı Anuş həmişə onun yanındadır və hər şeydə onu dəstəkləyir:
“Mənim üçün qadın və ya kişi işi yoxdur. Hətta göl ərazisini qazdığımız zaman biz texnikadan istifadə etməmişik – ikimiz öz əllərimizlə qazmışıq. Uşaqlarım üçün lazım olan hər şeyi təmin etməkdən ötrü mən hər şeyi edirəm. Sahədə də işləyirəm, araq da çəkirəm, əncir də toplayıram, satıram da, ev işlərini də görürəm, bizim ellərə gələn turistləri qonaq qəbul etməyə də vaxtım çatır”.
Surenin məqsədi bu yeri məşhur etməkdir. Bunun üçün yaxınlıqdakı dərədə şərab təsərrüfatlarının birini ilkin görkəmini saxlamaqla bərpa edib. İndi Suren üzüm şərabını məhz buradan əldə edir. O, üzüm toplayır, köhnə çəlləkdə əzir, şərab çəkir və küplərdə saxlayır – eynən keçmişdə edildiyi kimi.
Bu diyarlara gələn turistlərə Suren mütləq şərab təsərrüfatını göstərir, şərab istehsalının ənənələri haqda danışır, daha sonra isə onları şəraba qonaq edir.
Suren muzeydəki kimi öz tapıntılarını – bu yerlərdə yaşadığı müddətdə qarşısına çıxan qədim əşyaları gölün ətrafına düzüb.
Burada xaçkarlar var – tərcümədə “xaç daşlar”, üzərində müxtəlif xaç təsvirləri oyulmuş daş laylarından ibarətdir.
Dərəyə Surenin dili ilə desək, “qonaq” cəlb etmək üçün hər şey düşünülüb. Onlardan çoxu – xaricilərdir, yürüş və çadır istirahətini sevir.
“Biz anlayanda ki, turistlər bizim mədəniyyətimizlə və məişətimizlə maraqlanırlar, qayada ovulan mağaraların birini turistlər üçün otaq kimi düzəltmək qərarına gəldik ki, orada gecələyə bilsinlər. Mən öz qarşıma məqsəd qoydum ki, bir neçə mağaranı bərpa edim”, – Suren danışır.
Amma turistlərə pullu xidmət göstərmək haqda söhbətlər onun acığına gəlir.
“Mən bunları bütün dünyaya mədəni dəyərlərimizi göstərmək üçün eləyirəm, pul qazanmaq üçün yox. Amma qazanmağa da məcburam. Övladlarım böyüyür, hər gün tələbatları da artır. Amma mən yenə də heç vaxt, heç kimə nəyinsə qiymətini demirəm. Kim nə qədər bacarır, o qədər də ödəyir. Bu diyarlara qonaq gələnlər buradan qiymətə görə getməməlidirlər”, – Suren deyir.