Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalanandan sonra noyabrın 11-dən Yerevanda Azadlıq Meydanında mitinqlər davam edir. Etirazları 17 müxalif partiya təşkil edir. Müxalifət koalisiyası hələ Qarabağ üzrə sənəd imzalanmamışdan əvvəl baş nazir Nikol Paşinyanın istefasını tələb edirdi. İndi bu onlar üçün artıq mütləq şərtdir.
Minlərlə insan onların tələbini dəstəkləyir, çünki Ermənistan, Azərbaycan və Rusiya başçılarının imzaladığı razılaşmanın şərtləri ilə razı deyillər. Bu sənədə əsasən, Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycanın nəzarətinə keçir, azərbaycanlı köçkünlər ora qayıdır. Ermənistanda hesab edirlər ki, bu, Dağlıq Qarabağın könüllü şəkildə Azərbaycana təhvil verilməsi haqda razılaşmadır.
Aksiyaya insanlar “Mənim addımım” iqtidar blokunun deputatlarının fotoları olan plakatlar gətiriblər, fotoların altında isə onların adlarının yerinə “Satqınlardan biri” sözləri yazılıb.
Çıxışları zamanı müxalifət liderləri bildiriblər ki, baş nazir Azərbaycanla yolverilməz sövdələşməyə gedib.
Etirazçılara polis nəzarət edib. Mitinqin əvvəlində polis bir neçə fəalı saxlayıb.
“Çiçəklənən Ermənistan” partiyasının deputatı İvetta Tonoyan bildirib ki, onun yeddi həmkarı Xüsusi İstintaq Xidmətinə dindirilməyə çağırılıb.
“Biz bilirdik ki, bizi belə bir şey gözləyir, amma biz qorxmuruq. Bizi susdura bilməyəcəklər”, – o deyib.
Mitinq üç saata yaxın davam edib. Müxalifətçilər bildiriblər ki, aksiyalar istirahət günlərində də davam edəcək. Noyabrın 14-də axşam Qarabağda həlak olan hərbçilərin xatirəsinə şam yandırılması aksiyası keçiriləcək, noyabrın 15-də 16:00-da isə yenidən mitinq olacaq.