“Formula-1”: bu, Azərbaycana niyə lazımdır?
“Formula-1”, – onu həm də “Kral yarışları” adlandırırlar, – 2016-cı ildən etibarən Bakı sakinləri üçün əlçatan olub. Çünki məlum yarışları, adətən, keçirildiyi yerdən minlərlə kilometr uzaqda, yəni televizor ekranları qarşısında izləyən həmvətənlərimiz ötən yay onu Bakıda seyr etmək şansını qazanıblar.
Azərbaycan 2017-ci ilin iyununda tarixi boyu Qran-priyə ikinci dəfə ev sahibliyi edəcək.
Bununla belə, artıq iki ildir ki, “Formula-1”-in Cənubi Qafqazın ən varlı ölkəsinə lazım olub-olmadığı barədə söhbətlər səngimək bilmir.
Azərbaycan artıq çoxdan dünya ictimaiyyətini iri beynəlxalq tədbirlərin, xüsusilə də idman tədbirlərinin keçirilməsinə alışdırıb.
[yes_list]- 2015-ci ildə Bakıda ilk Avropa oyunları keçirilib,
- 2017-ci ilin mayında İslam həmrəylik oyunları keçiriləcək ki, məlum tədbirə 100 milyon dollar xərclənməsi nəzərdə tutulub.
- Bakı artıq 2019-cu ili Avropa gəncləri olimpiya festivalının keçrilməsinə icazə alıb,
- 2020-ci ildəsə Azərbaycan paytaxtı Futbol üzrə Avropa çempionatının dörd oyununu qəbul edəcək.
2016-cı ildən başlayaraqsa Bakı on il ərzində “Formula-1” oyunlarına ev sahibliyi edəcək.
“Formula-1” Bakının nəyinə gərəkdir?
“Yarışlara əvvəlcə “Formula-1”-in düna boyu yarım milyardlıq hazır auditoriyasını Azərbaycana gəlməyə həvəsləndirməyə və onları turist kimi ölkəmizə cəlb etməyə nişanlanmış bir biznes-layihə kimi baxılıb”, – layihənin əsas “piarçı”sı, Baku City Circuit-in marketinq və ictimaiyyətlə əlaqələr məsələləri üzrə direktoru Nigar Arpadarai deyir.
“Yarışlar dünyanın bir çox ölkəsində yayımlanır. Bu isə o deməkdir ki, “Formula-1” həvəskarları eyni zamanda həm də Bakının mənzərəsi və gözəlliyini seyr edə bilərlər”, – A La Carte Travel tueis şirkətinin rəhbəri Nəsib Usubov deyir.
Müstəqil iqtisadıçı Natiq Cəfərli hesab edir ki, təkcə irimiqyaslı tədbirlər keçirməklə, – bu istər Eurovision kimi musiqi yarışı olsun, istərsə də Avropa oyunları, ya da “Formula-1” kimi idman yarışları, – turistləri ölkəmizə cəlb etmək olmaz. Bunun üçün turizm sahəsində köklü islahatlar aparılmalı, inzibati maneələrin aşılmasından tutmuş orta və uzumüddətli layihələrlə bağlı məsələlər çözülməlidir.
Tursit göstəriciləri artır
Əldə olan statistikaya görə, təkcə 2016-cı ilin doqquz ayında Azərbaycana bir milyon yeddi yüz mindən artıq turist təşrif buyurub ki, bu da 2015-ci ilin doqquz ayı ilə müqayisədə, demək olar ki, on bir faiz çoxdur.
Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı otuz dörd dəfə artıb.
Nigar Arpadarai deyir ki, ərəb ölkələrindən turist axınının yüksəlməsi bilavasitə “Formula-1”-lə əlaqəlidir.
“Biz Bakıya, Azərbaycanın mədəniyyət və arxitekturasına, milli mətbəxinə, həmçinin Bakı “Formula-1” yarışlarının unikal özəlliklərinə həsr olunmuş bir neçə promo-rolik hazırlamışıq. Onlar BelNSports efirində Yaxın Şərq, Şimali Afrika, Avropa və Asiyanın otuzdan çox ölkəsində yayımlanıb. Bizim “Formula-1” keçirməyimizsə insanların Bakıya gəlmək istəklərinə təsir göstərib”.
Amma Natiq Cəfərli deyir ki, ərəb ölkələrindən turistlərin axışmasının “Formula-1”-lə heç bir əlaqəsi yoxdur.
“Bu ilin əvvəlindən başlayaraq, ərəb ölkələrinin giriş vizalarının sənədləşməsi qaydaları qat-qat sadələşib. Bundan başqa, türk agentlikləri də öz ölkələrində məlum hadisələr üzündən ərəb turistlərinin bir hissəsini Bakıya istiqamətləndirmək məcburiyyətində qalıb”.
Turizm sahəsində ekspert Nəsib Usubov, ümumiyyətlə, hesab edir ki, məlum yarışlar zamanı Bakıya heç də böyük miqdarda turist axını olmayacaq.
“Formula-1” spesifik idman növüdür və onun öz auditoriyası var. Bakıda bu cür tədbirin keçirilməsi zamanı bütün mərkəzi mehmanxanalar dolur, qalanları isə qiymətləri qaldırır, bütün mərkəzi yollar bağlanır, bu isə yarışları izləməyi deyil, sadəcə ölkəni gəzməyə gələn adi turistə əl vermir”.
Layihə gəlirli ola bilərmi?
Azərbaycan tarixində ilk dəfə ötən ilin iyununda Bakıda keçirilən Qran-prini izləmək üçün ölkəmizə dünyanın qırx yeddi ölkəsindən iyirmi beş mindən artıq tamaşaçı gəlib. Biletlərin satışından dörd milyon manat (Qran-prinin keçirildiyi zamankı kursla təxminən 2,6 milyon dollar) gəlir əldə edilib.
Yarışların keçirilməsinə yüz milyon manat (Qran-prini keçirildiyi zamankı kursla təxminən altmış iki milyon dollar) xərclənib. Bu rəqəmi gənclər və idman naziri Azad Rəhimov söyləyib.
Cəmi iyirmi beş min bilet satılıb ki, onun da böyük bir hissəsini Azərbaycan vətəndaşları alıb.
“The First news” informasiya agentliyinin baş redaktoru Rəhman Hacıyev Bakıda ilk Qran-prinin keçirilməsinə həsr olunmuş xüsusi layihənin müəllifidir. Maliyyə xeyri barədə mülahizələr yürüdən baş redaktor deyir ki, burda biznes-model idmanın digər növlərindən əhəməyyətli dərəcədə fərqlənir.
Digər yarışlardan əsas fərqsə Qran-pri təşkilatçılarının TV-yayımlarından, merçandayzinqdən, korporativ müştərilərə xidmətdən (məsələn, “Paddok-klub”dan) və hətta reklam bannerlərindən praktik olaraq heç bir gəlir əldə etməməsidir.
Sadalanmış yerlərdən gələn gəlirlər birbaşa “F1 Group” şirkətinə, “Formula-1”-in əfsanəvi şefi Berni Ekklstouna gedir.
Həmçinin şəhər yollarında “Formula-1” Qra-prisini keçirən Sinqapur təcrübəsi Azərbaycan üçün ən yaxşı nümunə rolunu oynaya bilər.
Rəhman Hacıyev deyir ki, Sinqapur hökuməti bu üç günlük tədbirdən bütünlüklə xeyir götürmək üçün məlum yarışları “Mövsüm Qran-pri”yədək uzatmaq ideyasını irəli sürüb. Belə ki, bu tədbir iki həftə sürməklə Avstraliya, Çin, Hindistan və digər yaxın ölkələrdən turistlərin cəlb olunması üçün drayver rolunu oynaya bilər.
Sinqapur Turizmi üzrə Şura Qran-pri koordinasiyası üzrə məşğul olan dövlət strukturudur. O, əsas turist zonalarında əyləncəli tədbirlər və Sinqapur çayı boyunca coşğun gecələr təşkil etməklə faktiki olaraq şəhərin adrenalini artırır və onu saysız-hesabsız cəlbedici olaylar məkanına çevirir.
Azərbaycan da bu yolla gedə bilərmi?
Nigar Arpadarai deyir ki, təşkilatçı ölkənin yarışlardan əldə etdiyi gəlirdən danışarkən onun birbaşa və dolayı gəlirə bölündüyünü unutmaq lazım deyil və indiki halda dolayı gəlir birbaşa gəliri üstələyir.
“Bizim halda birbaşa gəlir biletlərin və korporativ paketlərin satışından əldə edilir, dolayı gəlirlərsə “Formula-1” yarışlarının dünya televiziya kanallarında üç günlük yayımı zamanı ölkənin reklamı, həmçinin Bakıda bütün bu müddət ərzində yarışlara hazırlıq mərhələsi barədə dərc olunan çoxsaylı nəşrlər və xəbərlərdir”.