“Flora Hostel” – müxtəlif incəsənət növlərini bir dam altında birləşdirən məkan
“Flora Hostel” və Bakının yaradıcı gəncləri
Bakı. Dilarə Əliyeva küçəsi. Saat 12:00.
Bərk yağış yağdığından telefonumun ekranı tamam islanıb, “GoogleMaps”lə gedəcəyim ünvanı tapmaq xeyli müşkülə çevrilib.
“Bağışlayın, “Flora Hostel”i tanımırsınız? Deyəsən, buralarda olmalıdır”, – səki ilə addımlayan cavan kişini saxlayıb, soruşuram.
“Siz elə indi onun yanından keçdiniz”, – əli ilə gəldiyim istiqaməti göstərib yoluna davam edir.
Geri çevrilib başımın üstündəki “Flora Hostel” lövhəsini görürəm. İki mərtəbədən ibarət binanın dəmir qapısından içəri keçirəm.
Gələnləri salamlayan qrafitilər və çay bağçası
Binanın içərisində diqqətimi çəkən ilk şey – birinci və ikinci mərtəbəni birləşdirən pilləkən divarları üzərinə çəkilən qrafitilər olur.
Maraqlı təsvirlər görürəm – xəyallara dalmış hindu, iti baxışlarını üzümə dikən bayquş, onun əksinə gözlərini qapatmış gənc, saçları qısa, sakit təbiətli insan təəssüratı bağışlayan qız, okeanın dərinliyindən su üzünə çıxmış iki balina və onların başı üzərindən suya tullanan uşaqlar.
Bu təsvirlərə bir neçə dəqiqə baxandan sonra hostelin çay bağçasına keçirəm. İçəridə təxminən 20 masa var.
Bağçanın səhnəyə yaxın hissəsində masa ətrafında əyləşən bir qrup cavan qız və oğlan qızğın müzakirə aparır. Söhbət, deyəsən, son izlədikləri müstəqil sənət filmindən gedir.
“Məncə, filmin sonunda onun fikirlərinin və istiqamətinin belə kəskin dəyişməsinin səbəbini yetərincə aça bilməyib rejissor. Pis adam birdən oldu yaxşılığın qoruyucusu. Niyə və necəsi isə məlum deyil”, – cavan qız dostlarına hərarətlə izah edir.
Yan masada oturan iki dost isə hosteldə axşam baş tutacaq konsertdən danışırlar.
“Onsuz da hələ axşama xeyli var. O vaxta qədər düşərik “28 mall”a, o biri uşaqlarla görüşüb, sonra birlikdə gələrik konsertə”, – gənc oğlan dostuna deyir.
“ ‘Flora Hostel’də turistlərlə yerli gəncləri görüşdürmək istədik”
Onların yanından keçib, masa seçib əyləşirəm. Bir az sonra hostelin təsisçisi Türkay Bayramov da gəlib çıxır.
33 yaşlı Türkay Bayramov əslən Cəbrayıl rayonundandır. Ailəsi birinci Qarabağ müharibəsi zamanı doğma yurdlarını tərk etməyə məcbur qalandan sonra onlar İmişlidə məskunlaşıblar. İlk ali təhsilini Bakıda İqtisadiyyat Universitetində alıb. Daha sonra isə təhsilini Türkiyədə – öncə Anadolu Universitetində, ardınca Qazi Universitetində davam etdirib.
Azərbaycana qayıdandan sonra hostel açmaq ideyası yaranıb.
Türkan Bayramov danışır ki, hostel açmaqda ilkin məqsəd burada turistlərlə yerli vətəndaşların sosiallaşmasını təşkil etmək olub. Sonradan bu ideya böyüyüb və nəticədə müxtəlif incəsənət sahələrinə ev sahibliyi edən “Flora Hostel” ərsəyə gəlib.
“Hostel 2019-cu ildən fəaliyyətə başlayıb. Başlanğıcda binanın hostel – yataqxana hissəsi əsasən turistlər, kafe isə yerlilər üçün nəzərdə tutulmuşdu. Həm də bir növ sosial, insanların bir-birilə fikir alış-verişi edə biləcəyi bir məkan yaratmaq istəyirdik. İlk il bu alındı. Sonradan pandemiya dövrü başladı və işlər buna görə düşündüyümüz kimi irəliləmədi.
Yəqin ki, sonrakı illər buna çatacağıq. Amma bizim ideya daha böyükdür. İstəyirik “Flora”nı bir növ art mərkəzi halına gətirək. Çünki, bura təkcə hostel deyil. Həm kafedir, həm art mərkəzidir. İkinci mərtəbədə “Sıfır Teatr” fəaliyyət göstərir. Onlar müstəqildir və biz burada onlara məkan olaraq dəstək veririk ki, burada incəsənətlə məşğul olsunlar. Bundan başqa elə həmin mərtəbədə “Yellowstone Art” studiyası var”,- Türkay danışır.
Binanın hostel hissəsində 40 nəfərə qədər qonağın gecələməsi üçün nəzərdə tutulan otaqlar var. İndi hostelin bir hissəsi təmirə qapadıldığından bu say 16 nəfərə düşüb. Qonaqlar burada ortaq mətbəx və sanitar qovşaqdan istifadə edirlər.
“Burada spirtli içki satmırıq”
Hosteldə bir gün qalmağın müqabilində 15 manat pul ödəmək lazımdır. Türkay deyir ki, daha uzun müddət, məsələn, bir həftə qalan qonaqlar üçün bu qiymət 10 manata qədər enə bilir. Bu həm də müştərilərin burada maddi qayğı çəkmədən daha rahat qala bilmələrinə hesablanıb.
Qiymətlərdən söz düşmüşkən, “Flora”nın kafesində də qiymətlər ortalama 3-10 manat arasında dəyişir. Kafenin menyusunu 30-dan çox çay çeşidi və az sayda şirniyyat növləri təşkil edir. Alkoqollu içkilər isə ümumiyyətlə yoxdur.
“Mən özüm alkoqollu içkilərdən istifadə edirəm. Yəni, alkoqola pis münasibətdən qaynaqlanan bir şey deyil bu. Sadəcə, məkan fərqli olmaq strategiyası yürüdürsə, bir konsepsiya üzrə getməlidir. Biz də bu kafeni çay bağçası olaraq düşünmüşük. Bu ərazidə yeganə belə məkandır ki, spirtli içki satılmır və bu da “Flora”nı digər yerlərdən fərqləndirir”, – Türkay deyir.
Hosteldə ümumilikdə 8 emalatxana, müstəqil piano və skripka məktəbi fəaliyyət göstərir. Bundan başqa burada tez-tez təşkil edilən konsertlər də hostelə olan marağı artırır.
“Flora”nın sosial şəbəkə hesablarında verilən elanlarda bu konsertlərin müxtəlif musiqi janrları – rok, pop, retro və sairəni sevən dinləyici kütləsinə xitab etdiyi görünür. Elə hostelin daimi müştəriləri də əsasən incəsənətə meylli və ya bu sahədə fəaliyyət göstərən gənclərdir. Yəni, burada insanların əsas ortaq nöqtəsi incəsənətdir.
“Flora”nın daimi müştərilərindən bir qız deyir ki, az qala hər gün hostelin kafesində qonaq olur və burada tez-tez tanış simalara rast gəlir.
“Hostel açılan vaxtdan daimi müştərisiyəm. Konsept olaraq maraqlı yerdir. Ümumiyyətlə hostel və incəsənətin eyni binada olması ideya olaraq adamı cəlb edir. Burada özümü digər məkanlardakından daha rahat hiss edirəm. Zövqlərimizin ortaq olduğu dostlarım da buranın daimi müştəriləridir. Elə neçə nəfərlə ilk dəfə məhz burada rastlaşmışam”, – deyə, yanındakı dostlarını işarə edir.
Hosteldə ilk “event”
“Flora”da ilk sosial dəvət 2019-cu ilin Novruz bayramı ərəfəsində baş tutub. Bu dəvətə marağın yüksək olması hosteldə təşkil edilən növbəti ictimai yığıncaqlara da ilham qaynağı olub.
“Hostelin fəaliyyət göstərdiyi üçüncü ay Novruz çərşənbələri ilə üst-üstə düşürdü. Düşündük ki, uşaq vaxtı hamımızın maraqla gözlədiyimiz günlərdən biri məhz bu çərşənbələr olub. Hansı ki, məhəllə sakinləri bayram tonqalı ətrafında bir araya gələr, Novruz sevincini bir-biri ilə bölüşərdilər.
Artıq çoxdan idi ki, bu çərşənbələr ən azı Bakıda belə kütləvi və maraqlı qeyd edilmirdi.
Mən də dedim ki, Bakının mərkəzində çərşənbə günü tonqal qalayaq, çay süfrəsi təşkil edək. Beləcə ilk ictimai tədbirimizin elanını verdik ki, çərşənbə günü tonqal qalayıb, pulsuz çay paylayacağıq, giriş də pulsuzdur”, – Türkay ilk ictimai yığıncaqlarını xatırlayır.
Onun sözlərinə görə, daha əvvəl ən çoxu 20-30 nəfəri bir araya toplayan hostel həmin gün 80, növbəti bənzər dəvətdə isə 180 qonaq qəbul edib. Beləcə, “Flora Hostel” təsisçiləri fərqli konseptlər üzrə dəvətlərin təşkilini davam etdirmək qərarına gəliblər.
“Sıfır Teatr”
Burada ən diqqət çəkən fəaliyyət növlərindən biri də sözsüz ki, teatrdır. “Sıfır Teatr” artıq bir ilə yaxındır ki, bu binanı özünə məkan edib.
İndi teatrın repertuarında iki tamaşa var – Anton Çexovdan “6 nömrəli palata” və Fyodor Dostoyevskidən “Utancaq qız”. Teatrın təsisçisi və aktyoru Anar Bulud deyir ki, indi onların 8 nəfərdən ibarət aktyor heyəti Dosteyevskinin “Cinayət və cəza” əsərini səhnələşdirmək üçün çalışır.
“Teatr özü bir təbliğat vasitəsidir və biz də burada incəsənətlə yanaşı həm də ekologiyanı qorumağa çağırış etməklə məşğuluq. Bizim teatrın zalı 40 nəfərədək tamaşaçı tutur və bütün oturacaqlar məhz geri dönüşüm materiaları hesabına hazırlanıb”, – Anar danışır.
Deyir, “Sıfır Teatr”da aktyorlar demək olar ki, qrimdən istifadə etmir. Tamaşalar isə əsasən interaktiv formatda keçir.
“Dövlət teatrlarında aktyorlar “dördüncü divar” qaydasına uyğun oynamalı olurlar. Bu o deməkdir ki, aktyor üzü tamaşaçı zalına sarı, stabil, ənənəvi qaydada oynayır. Belə olduqda aktyor hərəkətlərini daha böyük, daha pafoslu edir ki, onun mimikaları, səsi ən uzaqda əyləşən tamaşaçıya da çatsın. Bu da özlüyündə gözəl üslübdur.
Amma “Sıfır Teatrı”nda biz tamaşaçıya çox yaxınıq. Ona görə də aktyor burada real vəziyyətə uyğun formada danışmalı, hərəkət etməlidir. Ən kiçik sünilik və pafos tamaşaçı tərəfindən dərhal hiss olunur. Bəzən kino üçün kastinq edəndə uzun illər teatrda işləyən aktyorlar seçilmir ki, onlar teatral üslubda oynaycaqlar. Çünki, illərdir belə oynayıblar. Biz isə buradan birbaşa kinoya hazırlaşırıq”.
Həftədə iki dəfə müxtəlif sənətlər üzrə master-klass
Teatrdan çıxıb, yolüstü elə həmin mərtəbədə yerləşən emalatxanalara da baş çəkmək istəyirəm. Bayaq Türkayın danışdığı “Yellowstone Art” studiyanın qapıları taybatay açıq olduğundan, birbaşa içəri keçirəm.
“Burada həftədə iki dəfə master-klass təşkil edirik. Hansı ki, insanlar gəlib müxtəlif sənətlərlə məşğul ola, müxtəlif əl işləri hazırlaya bilirlər”, – Türkay emalatxanadakı əl işi nümunələrini göstərərək deyir.
Elə bu emalatxanadan bir neçə foto çəkdikdən sonra binadan çıxmaq üçün birinci mərtəbəyə düşürəm.
“Sabah, axşam 7-də “6-cı palatanı oynayacağıq. Gəl, dəvətlisən. Gözləyəcəyik”, – deyə, Anar ikinci mərtəbədən arxamca səslənir.
Tarixi telefonumda qeyd edib, binadan çıxıram.