Flaqman ölüm ayağındadır
Azərbaycanda futbol mövsümü yenicə başlayıb. Premyer liqanın 6 mərhələsindən sonra çempion yarışmasının favoritləri, ortabab və uğursuz oyunçuları müəyyən olunub. Sonunculara bu ildən ölkənin ən qocaman və ən titullu klubu olan Bakı “Neftçisini də aid etmək olar.
Flaqmanın canına hələ ötən çempionatın ortalarından “vic-vicə düşmüşdü. Mövsüm zamanı komanda iki məşqçi dəyişdi, bundan sonra da idman direktoru Vəli Qasımovun nəzarəti altına keçdi. Keçmişdə Moskvanın “Dinamo, İspaniyanın “Betis və Portuqaliyanın “Vitoriya klublarının məşhur hücumçusu, məşqçilik sahəsində heç bir uğuru olmayan, komandası ilə ötən mövsümü bir təhər sona çatdıran, Avropa Liqasının yay təsnifat mərhələsini uğursuz keçirən
və yeni çempionata yarı dağılmış kollektivlə başlayan Vəli Qasımov. Mövsüm boyu Qasımovun böyük uğursuzluqlarla üzləşəcəyi hələ Avropa Kubokunun oyunlarından aydın oldu. Bu haqda mətbuat yazıb, mütəxəssislər deyib, azarkeşlər şikayət edirdi, amma bunun heç bir xeyri olmadı. “Neftçinin iddialı, amma təcrübəsiz məşqçisi hər dəfə komandanın yaxşı oynayacağını vəd edib, “sadəcə uşaqlara vaxt lazımdır deyib.
Nəticədə flaqman çıxılmaz vəziyyətə düşdü və “Qəbələyə 0:8 hesabı ilə məğlub olandan sonra rəhbərlik əsaslı dəyişikliklər etmək qərarına gəldi.
Yeri gəlmişkən, rəhbərlik haqqında. 2015-ci ilin mart ayından etibarən Azərbaycanın əsas klubuna Müşahidə Şurası başçılıq edir. Bu qurum bütün komandalara AFFA-nın İcraiyyə Komitəsi tərəfindən tövsiyə olunub, amma heç də hamı struktur dəyişikliklər etməyə hazır deyildi. “Neftçi böyük məmnuniyyətlə razılığını verdi və klubda baş verənlərə nəzarət edəcək müxtəlif yaşlı, sosial statuslu və müxtəlif sahələrdən olan yeddi nəfər təyin olundu. İK-nin başçısı məşhur Azərbaycan yazıçısı Çingiz Abdullayev, Şura üzvləri isə məşhur “kaveençi Bəhram Bağırzadə, Dövlət Konservatoriyasının rektoru Fərhad Bədəlbəyli, futbol veteranı Səməd Qurbanov, SOCAR-ın iki nümayəndəsi və Ədliyyə Nazirliyinin bir məmuru təyin edildi. Bir sözlə, sanballı adamlar bir yerə yığışdı!
Amma komanda bundan sonra daha yaxşı oyun sərgiləmədi. Tam əksinə. Müşahidə Şurası o başdan komandanın göstərdiyi nəticələrə görə məsuliyyəti öz üzərindən ataraq bildirdi ki, onun funksiyası “şəffaf hesabatı olan ciddi klubun qurulmasına müşahidə və nəzarət etməkdir. Nəticələrə görə isə ilk növbədə, baş məşqçi Vəli Qasımov, ondan başqa da icra direktoru Elnur Məmmədov və onun müavini Mübariz Xudıyev cavab verməlidirlər. Nəticədə “Qəbələ ilə oyun zamanı yaşanan biabırçılıqdan sonra qurban məhz bu üç nəfər oldu.
Onların əvəzinə də yeni iddiaları olan və qarşılarına daha böyük məqsədlər qoyan yeni adamlar gəldi. İcra direktoru idman dairələrində tanınmayan 30 yaşlı Elnur Eyvazov oldu, yeni idman direktoru Orxan Hüseynzadənin namizədliyinə isə ayrıca diqqət yetirməyə dəyər. Bakının “Olimpik (sonradan AZAL olan) klubunun faktiki yaradıcısı, “Standart klubunun vitse-prezidenti və AFFA-nın beynəlxalq şöbəsinin keçmiş sədri hələ 2000-ci illərin əvvəllərində başladığı aktiv futbol fəaliyyətinə qayıtdı. O, həm UEFA nümayəndəsi, həm də FİFA komissarı olub, buna görə də klub ona böyük ümid bəsləyir.
Amma təəssüf ki, bir-iki adamın təcrübə və biliklərinə ümid dərin böhran vəziyyətində kifayət etməyə bilər. Qışa qədər “Neftçi tərkibində əsaslı dəyişikliklər edə bilməyəcək, çünki yeni futbolçuların qəbul vaxtı hələ avqustun 31-də bitib, güclü xarici məşqçi dəvət etməyinsə heç bir mənası yoxdur, axı əldə olan materialdan normal nəsə düzəltmək çətin alınsın. Həqiqətən də, sonucda komanda olmağı bacarmayan bir qrup futbolçularla axı nə etmək olar? Nəticədə rəhbərlik Azərbaycan yığmasında paralel olaraq Robert Prosineçkinin assistenti olan yerli mütəxəssis Elxan Abdullayevi məşqçi vəzifəsinə dəvət etdi.
Yeni məşqçi ilə də “Neftçi artıq üç oyundan ikisində məğlub oldu. 8 komandanın iştirak etdiyi çempionatda “Neftçi 7-ci yerdədir. Bir sözlə, vəziyyət həqiqətən də acınacaqlıdır. Bakılıların yeni məşqçisi haqlı olaraq futbolçu azlığından şikayət edir: onun debüt oyununda ehtiyat skamyasında cəmi dörd oyunçu – üç müdafiəçi və bir qapıçı varıydı!
İkinci oyunda vəziyyət bir az yaxşılaşdı, oyunçuların yaraları sağalandan və müqaviləsiz futbolçu dəvət alandan sonra ehtiyat skamyasında artıq 7 nəfər gözləyirdi, amma bu da heç nəyə yaramadı.
Rəhbərlik və keçmiş məşqçiyə veriləsi çox sual var. İzah etmək çətindir ki, mövsüm ərəfəsində komanda necə formalaşdırılırdı, indiki futbolçular hansı meyarlar üzrə seçilirdi, niyə onların sayı bu qədər azdır, ən əsası da komanda daxilində gedən proseslərə kim nəzarət edirdi? Müşahidə Şurası adəti üzrə bütün məsuliyyəti artıq işdən azad olunmuş işçilərin üzərinə atır, onlar da bir tərəfə çəkilərək, bütün bu səs-küyün nə vaxt sakitləşəcəyini gözləyirlər.
İstənilən halda bu gün “Neftçi şıltaq uşaqların əlinə keçən oyuncağa bənzəyir. Onlar onu yerlə sürüyür, bir-birinin əlindən alır, hərəsi də onu əlində o birilərindən artıq saxlamaq istəyir. Qayğısına qalan isə yoxdur. Heç kim onun bu cür davranışdan sına bilən bahalı oyuncaq olması barədə düşünmür. Hətta bu baş verməsə belə, əvvəl-axır o lazımsız bir əşyaya çevriləcək. Ya da uşaqlar böyüyəcək, ya da oyuncaq artıq maraqsız olacaq. Beləliklə, Azərbaycan futbolunun flaqmanına ancaq gözləmək və artıq oyuncaq kimi istifadə olunmayacağına ümid etmək qalır. Və bu nə qədər tez baş versə, o qədər yaxşıdır.