Finneqansın yası
Ötən il neftin qiymətinin aşağı düşməsi və devalvasiyanın ilk dalğası ilə başladı. Elə bu zaman da Azərbaycanda özəl biznes və o cümlədən də orta və xırda sahibkarlıq yada düşdü.
Özünün Nazirlər Kabinetindəki az qala hər bir nitqində prezident Əliyev deyirdi ki, ölkəni neftdən asılılıqdan azad etmək, biznesə kömək etmək lazımdır. O, həm də ilk dəfə olaraq bəyan etdi ki, çox saylı yoxlayıcılar reketlə məşğul olur, sahibkarları incidirlər və hətta bəzi ikinci dərəcəli yoxlamaları da ləğv etdi.
Hökümət bu sahədə əldə olunan uğurlardan, yeni iş yerlərinin açılmasından, özəl sektorun inkişafından dən vurdu. Ümumilikdə qeyri-neft sektoru prezidentin xalqa Yeni il müraciətində bildirdiyi kimi, 7 faiz artdı.
Bununla belə, “gözə dəyən müəssisələr elə bil dünyanın axırından xəbər verirlər. Həm Bakının kənarlarında, həm də mərkəzin özündə.
Həzi Aslanov metro stansiyası ətrafındakı ərazi hələ bu yaxınlara qədər ən yaxşı “yataq rayonu sayılırdı. Buradakı mağazalar da elə o cür idi, burada həyat üçün lazım olan hər şey varıydı – mebel, tikinti materialları, təşkilat texnikası, paltar, bahalı olmayan ailə kafeləri. Bu il isə hər şey kəskin şəkildə dəyişməyə başladı.
Bax burada hələ ilin əvvəlində təsərrüfat malları mağazası varıydı. Sahibi deyirdi ki, ayda 600 manat icarə haqqı ödəyir. Nəticədə o, bu məbləği ödəyə bilmədi. Ondan sonra dönərxana açıldı. Dönər burada cəmi 1 manata satılırdı, satıcı müştəriləri razı salmaq üçün əlindən gələni edirdi, qardaşı velosipedlə sifarişləri daşıyırdı. Üç ay işləyəndən sonra dönərxana da bağlandı. Yeri gəlmişkən, burada çox dadlı mərci şorbası da satılırdı, o da cəmi bir manata.
Yanındakı boş sahədə əvvəllər aptek olub. Ondan əvvəl də internet klub. Buranın sahibi (və eyni zamanda yeganə işçisi) danışır ki, klubun xərci borcunu güclə ödəyirdi. Onda da o müştərilərə isti çay və qəhvə satmağa başladı. Bir gün bura vergilərdən yoxlama gəldi. Sahibkar and-aman edirdi ki, hamıya qəbz verib, bütün sənədləri də qaydasındadır, pulu da yoxdur, amma yoxlama fikrindən dönmədi. Onda da o, biznesini birdəfəlik bağlayacağını dedi. Dedi və əməl etdi.
Bu da daha bir keçmiş aptek. Böhran vaxtı apteklərə ümumiyyətlə böyük zərbə dəydi. Təchizatçı və satıcıların sözlərinə görə, dövlət dərmanların qiymətlərinin tənzimlənməsi ilə məşğul olmağa başlayan kimi bu biznes ancaq ziyan gətirdi.
Burada valyuta mübadiləsi məntəqəsi yerləşirdi. Onunla üzbəüz biri də varıydı və hər ikisi də bu il bağlandı. Fevralda manat düşəndən sonra dövlət dərhal günahkarları tapdı –spekulyasiya ilə məşğul olan onlarla mübadilə məntəqəsi bağlandı. Devalvasiyanın ikinci dalğasından sonra “spekulyasiya ilə mübarizənin də ikinci dalğası oldu. Bu gün bağlı olan mübadilə məntəqələri və dollar satılan yeganə bankın qarşısındakı növbə artıq heç kimi təəccübləndirmir.
Şəhərin mərkəzi ilk baxışdan kənarlardan daha yaxşı görünsə də o da zərər çəkdi. Çoxlu sayda xırda və böyük kafe və mağazalar öz fəaliyyətlərini dayandırdılar.
Düz şəhərin mərkəzində, Axundov bağının qarşısındakı lakonik Fz adlı kafe. Son zamanlar burada çox ləng qulluq edir və amansızca yeməyin duzunu artıq edirdilər. İndi onların səhvlərini düzəltmək şansları yoxdur – müştərilərin sayı onsuz da azıydı, böhran da onsuz da uğurlu olmayan biznesə son qoydu.
“Romaşka mağazası əslində mağaza kimi dəyərli deyildi – bir çox başqa yerdə ərzaq da daha ucuz, seçim də daha böyükdür, o, görüş yerinin təyin edilməsi üçün özünəməxsus oriyentir olmuşdu. Həm də “Romaşka sanki həmişə olub və olacaqdı. Onun vitrində “İcarəyə verilir elanını görmək şəhər mərkəzinin bir çox sakinləri üçün öz evinin yerində xarabalıq görmək qədər dəhşətlidir.
“Finnegans bağlıdır» – bu xəbəri Bakının “Facebooku bir neçə gün ərzində həzm etdi. Məşhur pab hamının cibinə uyğun olmasa da, xalqın sevgisini qazanmışdı və eynən “Romaşka kimi sarsılmaz bir şey kimi qəbul edilirdi. İstifadəçilərdən biri “Finnegans deyəsən sadəcə təmirə bağlandığını deyənə qədər “Facebook artıq “Finnegansın yasını tutmuşdu. Əlvida, Müqəddəs Patrik günündə bar masasının qarşısındakı basabas! Əlvida, olduqca bahalı kokteyllər! Əlvida, şənbə günlərindəki canlı musiqi, tatuirovkalı qızlar və kefli xaricilər!
İndi burada qaranlıq və sakitlik hökm sürür. Amma qapının üstündə hələ ki, icarəyə verilməklə bağlı qorxunc elanların olmaması hər şeyin yaxşı olacağına ümid etməyə imkan verir.
İnsanların biznesdən belə kütləvi qaçışının səbəbi nədir? Hər şey çox sadədir – bu, həqiqətən də böhrandır, daha doğrusu, manatın məzənnəsinin aşağı düşməsidir. Əgər Vergilər Nazirliyindəki məmurların özbaşınalığı, spirtli içkilər və bir sıra digər kateqoriyadan olan ərzaqların təchizatına monopoliya, özəl biznesin dəstəklənməsi üçün heç kimin aşağı salmaq barədə düşünmədiyi verginin özü ən davamlı sahibkarları yəhərdən sala bilmədiyi bir halda, bunu tələbatın azalması edə bildi.
İl ərzində manat dollara nisbətdə iki dəfə ucuzlaşdı. Əksər ərzağın qiyməti də iki dəfə bahalaşdı. Maaşlar olduğu kimi qaldı. Beləliklə də maaşını manatla alan hər kəs iki dəfə daha az mal və xidmət ala bilir. Həmin mal və xidmətlərin satıcıları üçün bu, faciəyə çevrildi.