Finlandiya Azərbaycanlını həbs edib - sanksiyalı Rusiya poladı daşındığına və kabel sabotajına görə
Finlandiya Azərbaycanlını həbs edib
Finlandiyanın Sahil Mühafizə qüvvələri Baltik dənizində “Fitburg” adlı yük gəmisini saxlayıblar. Səbəb gəmi lövbərinin sürüklənməsi nəticəsində Finlandiya ilə Estoniya arasındakı sualtı rabitə kabeli zədələnməsi olub.
Daha sonra istintaq zamanı gəmidə sanksiyalı Rusiya poladı tapılıb.
Məhkəmə hadisə ilə bağlı Azərbaycan vətəndaşı olan ekipaj üzvünün həbsdə saxlanması istənilib.
Əsas detallar

“Elisa” telekommunikasiya şirkəti 31 dekabr saat 05:00‑dan əvvəl Helsinki-Tallinn məlumat kabelində nasazlıq aşkar edib. Şübhəli sayılan “Fitburg” gəmisi Finlandiya Sahil Mühafizəsinin dalğıc patrul və helikopterləri ilə müəyyən edilib. Daha sonra mühafizə xidmətinin əməkdaşları baxış üçün göyərtəyə qalxıblar.
132 metr uzunluğunda olan, Sent‑Vinsent və Qrenadin adalarının bayrağı altında üzən “Fitburg” Rusiyanın Sankt‑Peterburq limanından İsrailin Hayfa şəhərinə gedirmiş.
Bildirilir ki, hərəkət zamanı gəminin lövbər zənciri dənizin dibinə endirilib və saatlarla sürüklənərək kabel marşrutunu zədələyib.
Gəmidə 14 nəfərdən ibarət çoxmillətli heyət üzvü olub. Onlar Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşları imiş.
Finlandiya polisi iki ekipaj üzvünü saxlayıb və iki nəfərə səyahət qadağası qoyub. “Yle” məlumat verib ki, məhkəmədən barəsində həbs qərarı istənilən ekipaj üzvü Azərbaycan vətəndaşıdır, səyahət qadağası qoyulan ekipaj üzvü isə Rusiya vətəndaşıdır.
Finlandiya Gömrüyünün rəsmi məlumatında bildirilir ki, gəminin yükü Rusiya mənşəli struktur polad məhsulları olub və bu məhsullar Avropa İttifaqının sanksiya siyahısına daxildir.
Gömrük orqanları yükü müsadirə edib və sanksiyaların pozulması ilə bağlı ilkin istintaq başlayıb.
- Əvvəlki presedent
2024‑cü ilin dekabrında “Eagle S” tankeri Estlink 2 elektrik kabelinə və bir neçə rabitə kabelinə zərər vurduğuna görə saxlanılmışdı. O dövrdə Finlandiya məhkəməsi hadisə ölkənin müstəsna iqtisadi zonasında baş verdiyi üçün yurisdiksiya olmadığını əsas gətirərək ittihamları rədd etmişdi.
“Fitburg işi” bu boşluğu aradan qaldırmaq üçün ikinci şans kimi qiymətləndirilir.
Növbəti addımlar
Finlandiyanın Milli Təhqiqat Bürosu lövbərin çəkdiyi izləri, gəminin naviqasiya jurnalını və AIS məlumatlarını təhlil etməklə insidentin qəsdən törədilib-törədilmədiyini araşdırır. Eyni zamanda gömrük orqanları polad məhsulların mənşəyini və sanksiyaların tətbiq olunma mexanizmlərini araşdırır.
Həbsdə saxlanılması istənilən Azərbaycan vətəndaşının işi məhkəmədə nəzərdən keçiriləcək; nəticə Finlandiyanın eksklüziv iqtisadi zonasında baş verən zədə ilə bağlı hüquqi səlahiyyətini müəyyən edəcək.
Azərbaycan höküməti həbsə dair hər hansı açıqlama yaymayıb.
Finlandiya Azərbaycanlını həbs edib