Filippinlilər Ermənistanda
2017-ci ildə Ermənistana 1,5 milyondan çox turist gəlib. Rəsmi statistikaya əsasən, bu, ötən ilki göstəricidən 18,7% çoxdur. Həm də bu, 2010-cu ildən sonra ən yuxarı göstəricidir. Səfər sayına görə lider Rusiya vətəndaşlarıdır. Amma turist sayının artım dinamikasına görə, tam gözlənilməz olaraq filippinlilər hamını arxada qoyub. Ötən üç il ərzində filippinlilərin Ermənistana axını 32,6% artıb. 2014-cü ildə 74 turist gəlib, 2017-ci ildə onların sayı 22 007 nəfərdir.
Filippindən gələn Marilaqner ailəsi Yerevanda özəl ev alaraq, onu qonaq evinə çevirib. Artıq mart ayının olmasına baxmayaraq, foyenin künclərindən birində hələ də yolka ağacı durur.
“Milad bayramını uzun müddət qeyd etməyi sevirik”, – biznes rəhbəri, 26 yaşlı Renato gülərək deyir.
İlk dəfə Ermənistana 2016-cı ilin dekabr ayında gəlib. Həmin vaxtlar Renato Dubayda rəqəmsal marketinqlə məşğul olub, turizm agentlikləriylə əməkdaşlıq edib.
“Kürəkənim təklif etdi ki, gəl Ermənistanda hər hansı biznesə başlayaq. Mən də dedim, okey, niyə də yox? Həmin il burada çoxlu qar yağmışdı. Bilirsiz, filippinlilər öz vətənlərində qar görmürlər, bu ölkə onlara çox maraqlıdır”, – hostelin həmsahibi deyir.
Renatonun dediyinə görə, onun qonaqlarını Ermənistanın məişət və mədəniyyəti cəlb edir, katolik filippinliləri həm də birinci xristian ölkəsinin dini abidələri maraqlandırır.
Amma anındaca Filippin bumunun sirrinin də üstünü açır – bu səbəb daha adidir: onun həmyerliləri Qafqaz ölkələrinə heç də Ararat dağını və orta əsrlərin kilsələrini görmək üçün gəlmirlər.
Əksər gələnlər Fars körfəzi ölkələrində – Əmirliklərdə, Qatarda işləyirlər. Miqrasiya qanunlarını pozmamaq üçün bu ölkələrdə işləmək hüququ olmayan filippinlilər vaxtaşırı ölkədən çıxıb, qayıtmağa məcbur olurlar.
Əvvəllər onlar bunun üçün Sinqapur, Şri-Lanka, Nepala gedir və ya ölkələrinə qayıdırdılar. Amma buna həddən artıq çox vaxt və vəsait lazımdır. Son iki-üç il ərzində onlar özləri üçün yeni istiqamət açıblar – Ermənistanı. Dubaydan bura üç saata gəlmək olar, iki tərəfə biletin qiyməti isə təxminən 300 dollardır.
“Təzə gələndə, insanlarla ünsiyyət qurmaq çox çətiniydi. Çoxları, xüsusən də yaşlı nəslin nümayəndələri ingilis dilini bilmir, ya erməni, ya da rus dilində danışırlar. Onlarla necə danışacağımızı bilmirdik. Amma gənclər bizə kömək edirdi.
Ümumilikdə ermənilər nəzakətlidir, kömək etməyə hazırdırlar. Sənin dilini bilməsələr də, yenə də kömək etməyə çalışırlar. Misal üçün, bir dəfə yemək üçün yer, fast-food axtarırdıq, yolu xəbər aldıq. Müraciət etdiyimiz iki gənc yolu izah edə bilməsələr də, mənzil başına qədər bizi yola saldılar”, – Renato danışır.
O, ermənilərlə filippinlilər arasında tapdığı ümumi cəhətləri sadalayır: dinə xüsusi münasibət, pivə sevgisi və mətbəx. “Mal əti supunuz var… Adı nədir? Xaş! Bizdə də beləsi var. Fərq ancaq onun süfrəyə gətirilməsindədir. Siz ona sarımsaq əlavə edirsiz, biz buğda və başqa ədviyyatlar. Həm də filippinlilər öz mal əti supu olan bulalonu sizin kimi səhər deyil, axşam, şam yeməyində yeməyi sevir”.
Ümumdünya turizm təşkilatı beynəlxalq turist olaraq yaşadığı ölkədən başqa ölkəyə dincəlmək, müalicə almaq, doğmalarına baş çəkmək, həm də “iş, dini və başqa səbəblərlə” gedən və 24 saatdan çox və bir ildən az oradan çıxmadan ölkədə yaşayan adamları qəbul edir.
Əksər filippinli turistlər Ermənistanda üç gündən çox qalmır. Bu müddət ərzində də Renato onlar üçün görməli yerlərə turlar təşkil edir, lazım olduqda avtomobil sifariş edir və təbii ki, gecələməyə yer verir.
“Onlar gəlib, deyir: “Kuya (filippin dilində böyük qardaş), xahiş edirəm, mənə sabaha tur təşkil et, Ermənistanı görmək istəyirəm”. Dubaya qayıdandan sonra da digərlərini inandırırlar ki, bura gəlsinlər, burada ilin dörd fəsli hər şey var (gülümsəyir). Çoxları Yerevanda avtomobillə Gürcüstana da gedir, burada bir gün keçirib, qayıdır, sonra da geri Dubaya gedirlər”, – Renato deyir.
Biznesi genişləndirmək istəyi onun uğurlu olmasının göstəricisidir. Renato və dostları bu il o cümlədən Avropa, Rusiya və Yaxın Şərqdən daha çox qonaq gözləyirlər. Onlar artıq Yerevanın mərkəzində məkan kirayələyiblər, burada tezliklə onların hostellərinin yeni filialı açılacaq.
Ermənistana 2017-ci ildə gələn turistlərin böyük hissəsini rusiyalılar (39,7%) təşkil edib. Turistlərin sayına görə liderlərin siyahısında Gürcüstan (21,8%) və İran (15%) da olub. Hökumət bildirib ki, 2022-ci ildə ölkəyə gələn turistlərin sayını 3 milyona qədər artırmaq niyyətindədir.