Azərbaycanda feminizm olduğu kimi
Fevralın 4-də Bakıda bir qrup feminist gənc Hökumət Evi qarşısında aksiya keçirib. Onlar “Qadın qətlləri siyasidir” plakatları açaraq, son vaxtlar ölkədə baş verən məişət zorakılığı faktlarına diqqət çəkməyə çalışıblar. Polis aksiyanı dağıdıb. Bəs azərbaycanlı feministlər kimdir? Onlar nə istəyir? Qətllər niyə siyasidir?
- İstanbul konvensiyası nədir və Azərbaycanın nəyinə lazımdır?
- Aseksuallıq – Qafqazda və dünyada haqqında danışılması qəbul edilməmiş oriyentasiya
- Ədəbsiz təklif: Gürcüstan parlamenti gender kvotalarını müzakirə edir
Aksiya haqqında sosial şəbəkələrdə açılan müzakirələrdən görünür ki, Azərbaycanda “feminizm” anlayışı bir çoxları tərəfindən başa düşülmür. Bununla bağlı bir çox suallara aydınlıq gətirmək üçün JAMnews aksiya iştirakçıları – Gülnara Mehdiyeva və Nərmin Şahmarzadə ilə söhbət edib.
Əksəriyyətin cavab tapa bilmədiyi o sual
Gülnara Mehdiyeva bildirir ki, qadınlar patriarxal cəmiyyətdə sırf qadın olduqları üçün bir sıra problemlərlə üz-üzə qalır. Ən geniş yayılmış problemlər isə məişət zorakılığı və onun pik nöqtəsi olan qadın qətlləridir.
“Əgər qadınların yaşadığı faciələrin qarşısını siyasi müdaxilə olmadan almaq mümkün deyilsə, o zaman həmin cinayətlər siyasidir. Biz burada qətllərin siyasi sifarişli olduğunu deyil, qətllərin siyasi hadisə olduğunu vurğulayırıq. Çünki bu zorakılıq və qətllərin qarşısının alınmasında məsul olan qurumlar və vəzifəli şəxslər öz işlərini icra etmir.
Əgər qadınların problemləri təhsilsizlik, işsizlik, hüquq-mühafizə orqanlarının laqeydliyi, qanunvericilikdə yetərli qoruma mexanizmlərinin nəzərdə tutulmaması nəticəsində baş verirsə, biz necə həmin problemləri “ailə məsələsi”, “şəxsi məsələ”, “Əlövsət dayının qəzəblənməsi” kimi kiçildib, siyasi mahiyyətindən uzaqlaşa bilərik?” – G.Mehdiyeva izah edir.
Niyə hər il məhz 8 martda?
“8 mart günü aksiya keçirmək ənənəsi qadınlara tarixdən miras qalıb. Zamanla həmin günü təhrif edərək bayram, ətirlərə endirim, kosmetika, oyuncaq ayı gününə çevirdilər.
Bu gün tarixən qadınların yürüş keçirtməyi, tələb irəli sürmələri üçün təklif olunub. Biz sadəcə tarixi qaytarırıq. Məncə, hətta 8 Mart yürüşləri üçün çox gecikmişdik”, – müsahibimiz deyir.
Azərbaycanda feminist təşkilat varmı?
Gündəmdə olan məşhur feministlərin birləşdiyi təşkilat yoxdur. Bunun bir neçə əsas səbəbi var. Feminist fəal düşünür ki, həmin səbəblərin ən əsası və birincisi ölkədəki siyasi vəziyyətdir.
“Qeyri-hökumət təşkilatları ilə bağlı qanunun sərt olması, problemlərin yaradılması və s. Mən şəxsən hesab edirəm ki, biz hərəkat olaraq çox qısa müddətdir formalaşmışıq. Cəmi 2-3 illik tariximiz var”, – Gülnara Mehdiyeva bildirib.
Müsahibimiz bir sıra feminist təşəbbüslərdə də fəaliyyət göstərib. Bunlardan biri “Ağ zolaq” təşəbbüs qrupu olub. Bu təşkilat zorakılıq qurbanı olan qadınlara yardım fondu kimi fəaliyyət göstərirdi. Qrup üzvləri həmçinin öz bloqlarında zorakılığın növləri ilə bağlı maarifləndirici yazılar da paylaşıb. Təəssüf ki, bu təşəbbüs qrupu fəaliyyətini dayandırıb.
“Hal-hazırda aktiv işlədiyim feminist təşəbbüs “Fem-utopia” adlı “YouTube” kanalıdır. Azərbaycanda ilk onlayn feminist kanaldır ki, Azərbaycan dilində maarifləndirici videolar hazırlayır. Mən istəyirəm ki, kanalın inkişafı üçün əlimdən gələni ortaya qoyum. Lakin digər hər hansı QHT-də özümü görmürəm. İstənilən məsələdə müstəqil mövqe sərgiləmək mənim üçün daha rahatdır. Yenə də çox istəyərdim ki, feministlər çoxalsın və mütəşəkkilləşsin”, – o deyib.
Aksiyanın bir digər iştirakçısı Nərmin Şahmarzadə də feminizm haqqında ətraflı danışıb.
Feminizm dalğaları
“Birinci dalğa feminizm qadınların siyasi və mədəni bərabərliyini tələb edir. Yəni qadınların kişilər kimi hüquqları olduğunu müdafiə edir. O zamanlar qadınların övladları üzərində hüquqları, səsvermə haqqı yox idi. Bunlar üçün mübarizə aparırdılar.
İkinci dalğa feminizm seksuallıqla bağlı məsələlərə diqqət çəkir. Qadınlar öz bədənləri ilə əlaqəli verməli olduğu qərarlarda təzyiqə məruz qalmamağa çalışırdılar. Məsələn, abort problemi. “Sən anasan”, “Sən qadınsan, sənin funksiyan doğmaqdır” anlayışlarını dağıtmaq istəyirdilər.
Üçüncü dalğa feminizmə isə gender məsələləri, irqçiliklə mübarizə aiddir”, – Nərmin məlumat verib.
Aksiyada qadınlar nəyə əsasən birləşir?
Nərmin deyir: “Müxtəlif adamlar, hətta əvvəllər özünü “feminist” adlandırmayan insanlar da həmin gün bizə qoşulur. Normalda aksiya sakit olmalıdır, lakin feminist aksiyalar polis zorakılığına görə daim qalmaqalla xatırlanır.
Əgər icazə verilsə, aksiya sakit baş tutar, tələblərimizi rahat səsləndirərik. Onsuz da, Azərbaycandakı aksiyalardan o aksiyaya gəlməyənlərin də xəbəri olur. Polis sadəcə daha pis görüntü yaradır”.
Feministlər necə əlaqə saxlayır?
“Feministlər sosial şəbəkələr vasitəsilə əlaqə saxlayır. Biri yazı yazır, o yazı ətrafında müzakirə gedir. Rəylərdə, qruplarda və s. Hər hansı tədbir olduqda açıq şəkildə paylaşılır və hər kəs görür.
Çoxumuz bir-birimizi elə sosial şəbəkələrdə tapırıq, ideyalarını özümüzə yaxın hiss etdiyimiz, ortaq maraqları paylaşdığımız insanlarla daha sonra görüşür və düşüncələrimizi bölüşürük”, – N.Şahmarzadə bildirib.