Eyni cinsin nümayəndələri arasında nikah olsun ya olmasın? Rumıniyada referendum
Rumıniyada “Ailə referendumu” — ölkə konstitusiyasına nikahın ancaq müxtəlif cinsin nümayəndələri arasında mümkün olduğunu dəqiqləşdirən düzəlişin daxil edilməsi üçün ən geniş miqyaslı səsvermə məğlubiyyətə uğrayıb.
Referendum tanınmayıb — onda minimal qəbul edilən 30 faiz əvəzinə cəmi 20,4 faiz vətəndaş iştirak edib. Moldovanın ZdG nəşri bu plebisitin necə keçirildiyi və Rumıniya hakimiyyətinin nəyinə gərək olduğu barədə danışır.
Referendum nə haqdaydı və onu kim təşkil edib?
Rumıniya konstitusiyasına dəyişikliklər edilməsi barədə referendum 6 və 7 oktyabr tarixlərində keçirilib. Seçicilərə nikahın indi yazıldığı kimi, mücərrəd “evlilər” deyil, “qadınla kişi arasında ittifaqdır” – dəqiqləşdirməsinin lehinə səs vermək təklif olunub.
Referendumun ideyası arxasında Rumıniyanın “Ailə uğrunda koalisiya” vətəndaş təşəbbüsü durur. Bu mühafizəkar birliyi Rumıniyanın pravoslav kilsəsi dəstəkləyir.
Referendumun miqyası presedentsiz olub: hakimiyyət dünyanın hər yerində, o cümlədən Bakı, Yerevan və Tbilisidə olan rumın vətəndaşlarını seçki məntəqələrinə çağırırdı.
“Lehinə” və “əleyhinə” arqumentlər
Rumıniya sakinlərinin 80 faizdən çoxu pravoslavdır, Rumıniya dünyəvi dövlət olsa da, kilsə səsverməni fəal şəkildə dəstəkləyib.
Rumın pravoslav kilsəsisinin patriarxı Daniil bildirib ki, referendumda iştirak “Tanrının ailəyə sevgisinə inam aktı, rumın xalqının gələcəyinə böyük məsuliyyət aktıdır”.
Rumıniyada homofob meyllərin kifayət qədər yayılmasına baxmayaraq, əhalinin əksəriyyəti evlilərin cinsinin dəqiqləşdiriləməsini heç də prioritet məsələ saymırmış.
“Pew Research Center”in ötən il keçirilən sorğusunun məlumatlarına görə, ancaq 26 faiz rumın eyni cinsli ailələrə nikah haqqının verilməsi ilə razıdırlar. Eyni zamanda bu ilin əvvəlində keçirilən “CURS” sorğusu göstərib ki, mütləq əksəriyyət (67 faiz) konstitusiya referendumlarını ölkə üçün siyasi prioritet saymır.
Referendum nəyə lazımıydı?
Gərginlik hələ səsvermə keçirilənə qədər yarandı.
Plebisit tərəfdarları coşqunluqla “ənənəvi dəyərləri” dəstəkləyir, ekspertlər referendumun cəmiyyətin fikrini daha mühüm problemlərdən yayındırmaq üsulu olması ilə bağlı narahatlıqlarını ifadə edirdilər. Bu, məsələn, korrupsiya ilə mübarizənin iflasa uğraması və məhkəmə sisteminin müstəqilliyinə hücumlardır.
Rumıniya Aİ-nin ən çox korrupsiyalaşmış ölkələrindən biridir, amma islahatlar sayəsində 2006-cı ildən korrupsiya ilə mübarizədə əhəmiyyətli uğurlara nail olub. Düzdür, son zamanlar bu istiqamətdə reqress müşahidə olunur.
Rumıniyada artıq ikinci ildir ki, korrupsiya və məhkəmə sisteminə hökumət hücumlarına qarşı kütləvi etirazlar keçirilir.
Rüşvət almağı üzə çıxan yüzlərlə yüksək rütbəli məmur və siyasətçiləri həbsə atan anti-korrupsiya bürosunun başçısı Laura Koveşi işdən çıxarılandan sonra vəziyyət bir az da gərginləşdi.
Referendumu tənqid edənlər və şərhçilər hesab edirlər ki, siyasi böhranın qızğın vaxtında ziddiyyətli plebisitin keçirilməsi heç də təsadüfi deyil.
“Referendumla bağlı olan bu məsələlər açıq debatları inhisarlaşdırıb və mühüm hadisələrdən fikri yayındırır”, — moldovalı ekspert, Rumıniyadakı vəziyyəti diqqətlə izləyən hüquqşünas İon Quzun ZdG-ya bildirib.
Avropa İttifaqı nə deyir?
Rumıniya Avropa İttifaqı üzvüdür. Səsvermədən bir qədər əvvəl Avropa Parlamentinin keçirdiyi növbədənkənar iclasda o cümlədən Rumıniyada məhkəmə sahəsi haqda xeyli tənqidi fikirlər səsləndirilib. Həm də qeyd olunub ki, ailə dəyərləri homofobiyaya haqq qazandıran və ya başqa tip ailələri rədd edən arqumentlərə çevrilməməlidir.
Avropa İttifaqının 26 ölkəsindən 14-də eyni cinsin nümayəndələri arasında nikahlara icazə verilir.
2018-ci ilin mart ayında Avropa Məhkəməsi presedentsiz qərarı ilə bütün Aİ üzvlərinin üzərinə Aİ-nin digər ölkələrində qeydə alınan eyni cinslilər arasında nikahları tanımaq öhdəliyi qoyub, bununla belə, bu cür ittifaqların dövlət suverenliyi çərçivəsində milli leqallaşdırılması seçimini saxlayıb.
İddianın mərkəzində rumın məmurlarından onun Belçikada bağlanan eyni cinslisi ilə nikahının tanınmasını tələb edən Rumıniya vətəndaşı Adrian Komanın adı hallanırdı.
Avropa Məhkəməsinin qərarını 27 sentyabr 2018-ci ildə eyni cinsin nümayəndələri arasında qurulan ailələrin eyni hüquqlarını tanıyan Rumıniyanın Konstitusiya Məhkəməsi də dəstəkləyib.