Evlərin bakılı sayağı sökülməsi
Bulvar boyu uzanan yol altdan yuxarı qalxır. Sağ tərəfdə yanğın söndürmə stansiyası yerləşir, arxasınca yüksələn dik yoxuşun sonunda “Bayıl market adlanan mağaza, onun yanında isə ilk avtobus dayanacağı sıralanıb. Daha sonra uzun və dar Qurban Abbasov küçəsi gəlir. Sağdan ona paralel olan küçələr pillələr kimi təpənin yamacı boyu üzü yuxarı uzanır.
Bayıl rayonu Bakının lap mərkəzi olmasa da, yaxşı rayonlarından sayılırdı – mərkəzə 10 dəqiqəlik düz yol, dəniz havası, yaxşı infrastruktur, dənizə açılan ən gözəl mənzərə. Bunlardan əlavə bulvarda aparılan əsaslı yenidənqurma işlərindən sonra onun Bayraq Meydanı və Crystal Hall konsert zalının da daxil olduğu “yeni hissəsi indi Bayıldan bir addımlıq məsafədə yerləşir.
Bütün bunlara baxmayaraq, artıq on ildir ki, rayonun yenidənqurma planına görə Bayılda mənzil satmaq çox çətindir. Görünür, Bakının yerli Dubaya çevrilməsi ilə bağlı plan dənizə açılan bu təpədə köhnə ikimərtəbəli evlərdən daha görkəmli nəyinsə tikintisini nəzərdə tutur. Buna görə də köhnə evlər sökülür. Bu prosesin qalmaqalla və ya qalmaqalsız ötüşməsi bu işin kimə tapşırılmasından asılıdır.
“Bura dəbdəbəli rayona çevrilməlidir, otellər, bahalı evlər tikilir, buna görə də evimizi sökmək istəyənlər çoxdur. Amma buna görə bizə təzminat ödəmək istəyən yoxdur, – Qurban Abbasov küçəsi, ev 27 ünvanında yaşayan Elnarə xanım deyir. Bura köhnə, iki mərtəbəli, mənzilə girişi həyətdəki pilləkəndən olan “italyan həyətidir. Hazırda bu həyətdə 38 ailə yaşayır.
Sakinlər deyirlər ki, birinci dəfə FORTIS-BAYIL MTK tikinti şirkətindən adamlar onların həyətinə iyunun 7-də gəlib, üzərində plan yazılan vərəqlər və vədlər paylayıblar. “Onlar bizə təzminatın – kirayə tutulan evə əşyalarımızın daşınması üçün pulun, kirayə haqqının ödəniləcəyini və bu evin yerində tikilən, dənizə açılan mənzərəsi və geniş eyvanı olan yeni evdə mənzillərin veriləcəyini dedilər, – sakinlərdən biri – Hikmət danışır.
Amma onun sözlərinə görə, təklif olunan müqavilələrdə onların yeni mənzillə təmin olunacaqları və ya evin alınması üçün təzminat alacaqları barədə bir kəlmə də yazılmayıbmış. Bunu evin digər sakinləri də təsdiq edirlər. Belə çıxır ki, mənzilin satışı heç bir sənədlə təsdiqlənmir, söhbət ancaq kirayə tutulan evdə qalmaqdan gedir.
“Əvvəllər burada 45 ailə yaşayırdı, amma yeddi ailəni onlar dilə tuta bildilər, bu şirkətin adamları çox inad etdilər, – Hikmət danışır. – Getməyə yeri olanlar köçdü, məsələn, tək yaşayan qadın qızının yanına getdi.
Sakinlər belə şərtlərlə köçməkdən imtina edəndən sonra onları “küçəyə atmaqla hədələməyə başlayıblar və evin qəzalı vəziyyətdə olduğunu deyiblər. “Evin qəzalı olması onun sənədlərində də göstərilir ki, evi satmaq mümkün olmasın, – Hikmət deyir, – bizim belə bir problemimiz olmayıb, bütün sənədlər qaydasıdadır, hamının mənzili özəlləşdirilib.
Təhdidlər təsir etməyəndə, evi hasara alıb, mənzilləri boşalan birinci mərtəbənin divarlarını dağıtmağa başlayıblar. “Bu, tək psixoloji təsir deyil, həm də vandalizmdir, axı yuxarı mərtəbə uça bilər, – evin başqa bir sakini Vaqif deyir.
“Mən onların şərtlərini hüquqşünasa göstərdim, o da onların çox şübhəli olduğunu dedi, – Hikmət danışır. – Orada ancaq 300 manat məbləğində kirayə haqqının ödənilməsindən danışılır, göstərilən çoxlu sayda şərtlərlə də şirkət istənilən an bizə bu pulu ödəməkdən imtina edə bilər.
Evin sakinləri İcra Hakimiyyəti orqanları və digər instansiyalara şikayət edib. Polisə də müraciət ediblər, bunun da bir köməyi olmayıb.
Səbail rayonu İcra Hakimiyyətinin humanitar məsələlər şöbəsinin rəhbəri İsrafil Kərimov deyir: “Sakinlərə təzminatın ödənilməməsi mümkün deyil. Onun sözlərinə görə, tikinti şirkətinin nümayəndələri ilə görüşüb, onlar da tək evin kirayələnməsinə görə təzminat ödəməyə deyil, həm də sakinlərə tikilən evdə mənzil verməyə də söz veriblər. “Düzdür, sakinlərə təklif olunan müqaviləni görməmişəm, – deyə o bildirib.
Bu hadisə sosial şəbəkələrdə böyük səs-küyə səbəb oldu və iyulun 11-də sakinlərə hədə-qorxu gəlməyə başladılar ki, özlərinə diqqəti cəlb etmək cəhdlərini davam etdirdikləri halda onları məhkəməyə verəcəklər. Kimsə qorxdu, amma daha fəal olanlar ədalətli müqavilə bağlamaq tələbindən dönmədilər. Hətta internetdə müvafiq video da yerləşdirdilər.
Nəticədə sakinləri evdən köçürmək cəhdlərinə ancaq onların Prezident Aparatına müraciətindən sonra son qoyulub. Ötən həftə isə evdə işıqları söndürüblər, bu zaman yaxınlıqdakı işıqforlar da işləməyib. Bunun bəd niyyət və ya təsadüf olduğunu dəqiq demək çətindir, amma acı təcrübəsi olan sakinlər Prezident Aparatına zəng vurandan dərhal sonra işıqlar yanıb.
Həmin küçədə yerləşən 6 saylı binanı təxminən bir il əvvəl söküblər. Bu evin sakinlərinin bəxti gətirib – qarşılarına “səxavətli tikinti şirkəti çıxıb. Səidə Məmmədovann danışdığına görə, həmin şirkətlə qiymət danışmaq mümkün idi:
“Qanuna görə, mən mənzilimə görə istənilən qiyməti, lap milyon manat da tələb edə bilərəm. Amma bizdə bu, bir az başqa cür olur. Yanına adətən yarımcan sovet dövlət qurumu olan mənzil-kommunal təsərrüfatı idarəsinin işçiləri ilə birlikdə özlərini təqdim etmək istəməyən adamlar gəlir. Formal olaraq sən mənzili hansısa şirkətə satırsan, amma sənə əvvəlcədən deyirlər ki, evi dövlət sökür, yəni sən razı olsan da, olmasan da ev söküləcək, sənə də bir kvadrat metrə görə bu məbləğdə pul ödənməlidir.
Sonra da alver “neçə metrəni hesablayaq – eyvanları, əlavə tikililəri, ümumi dəhlizləri, divarların enini və s. sayaq, ya saymayaq müstəvisində aparılır. Aydındır ki, nə kvadrat metrlərin, nə də mənzilin bazar qiymətlərinin heç bir mənası yoxdur. Hər şey sənin nə dərəcədə inad etməyindən asılıdır.
Səidənin bəxti gətirib, iki otaqlı təmirsiz mənzilini bazar qiymətinə sata bilib. Axı Bayılda artıq on ildir ki, heç nə satılmır, çünki burada heç kim bilmir ki, hansı evlər bu sirli yenidənqurma planına düşəcək və sakinlərlə 6-cu binanın sakinləri kimi insafla, yoxsa 27-ci binanın sakinləri kimi ədalətsizcə davranacaqlar.
Dərc edilib 26.07.2016