Evimizdəki qocalar
Sovet vətəndaşlarının neçə-neçə nəsili məhrumiyyət və ağır əməyin əvəzində təmin olunmuş qocalıq vədi verən mədəniyyətdə yaşayıb – yəni ki, pensiya zamanı dincələrsiz. O vaxtlar pensiya stabillik vəd edirdi.
Əksəriyyət üçün bu gələcək elə də gəlib çıxmadı.
Şərqi Avropanın təqaüdçüləri Sovet İttifaqı dağılandan 25 il sonra necə yaşayırlar – Ermənistan, Azərbaycan, Gürcüstan, həmçinin Ukrayna, Rusiya, Belarus və Moldova jurnalistlərinin birgə layihəsi.
Azərbaycan
- Təqaüdçülərin sayı: 1 milyon 299 min 946 (əhalinin 13 faizi);
- Pensiya yaşı: 63 yaş kişilər, 60 yaş qadınlar üçün;
- Azərbaycanda yaşa görə orta pensiya - 177 manat [95 avro], maksimal pensiya, “Milli qəhrəman adını daşıyanlar üçün - 1,300 manat [715 avro].
Təqaüdçülərin dediyinə görə, pensiyanı aşağıdakı kimi xərcləyirlər:
- 30 manat – kommunal xərclər və telefon,
- 10 manat — nəqliyyat,
- 20 manat — məişət üçün kimyəvi vasitələr (sabun, yuyucu toz, şampun və s.),
- 20 manat – ən vacib dərmanlar.
Yerdə qalan təxminən 90 manat [50 avro] ay ərzində yeməyə, xırda ehtiyaclara, məsələn, sızan kranın dəyişdirilməsinə kifayət edir.
Ciddi müalicə və ya məişət texnikasını qohumların köməyi olmadan almaq mümkün deyil.
Tənha qocalar isə kütləvi şəkildə yoxsulluq həddində yaşayırlar.
Nüşabə Əkbərova 37 il toxucu işləyib – xalça toxuyub. O zaman evdə hər şey yaxşı imiş, uşaqları böyüdüb, nəvələrinə də kömək edib. İndi isə bütün ailə çətin vəziyyətdədir, ən çox da onun özü üçün çətindir. Dişləri tökülüb, protez lazımdır, amma pensiya ilə diş düzəltdirmək mümkün deyil.
Ermənistan
- Təqaüdçülərin sayı: 451,900 (əhalinin 15%-i);
- Təqaüd yaşı: 65 kişilər, 63 qadınlar üçün;
- Pensiyanın orta aylıq məbləği: 80 avronun ekvivalenti (2015-ci ildən).
Təqaüdçülər deyir ki, elektrik enerjisi, qaz və suyu qənaətlə istifadə etməli olurlar. Qazla mənzilin isidilməsinə ayda 20-25 min dram [40-50 avroya yaxın], elektrik enerjisi və suya 7-11 min dram [təxminən 15-25 avro] gedir.
Ən vacib xərclər dərmanlarla bağlıdır. Buna orta hesabla 5-15 min dram [9–29 avro] xərclənir. Ciddi xəstəliklər zamanı səhhətlə bağlı problemləri kənardan kömək olmadan həll etmək mümkün olmur.
Yeməyə demək olar ki, heç nə qalmır. Yaşlılar şikayət edir ki, ət, balıq və ya toyuğu ayda cəmi bir dəfə ala bilirlər.
Şorik Alekyanın 48 illik poçtalyon stajı var: “Pensiyam ancaq bir dəfə aptekə gedib-gəlməyə yetir”.
Gürcüstan
- Təqaüdçülərin sayı: 867,000 (əhalinin 22 faizi);
- Pensiya yaşı: 65 kişilər və 60 qadınlar üçün ;
- Pensiyanın orta aylıq məbləği: 70 avronun ekvivalenti.
Pensiyaların 20 faizdən çoxu yüksək dağ rayonlarının sakinlərinin payına düşür, onlar yüksək, 80 avroya ekvivalent pensiya və bundan başqa bəzi imtiyazlar alırlar. Xüsusi pensiyalar həm də parlament deputatlarına onların səlahiyyət müddəti bitəndən sonra verilir – təxminən 208 avroya ekvivalent.
Təqaüdçülər deyir ki, kommunal ödənişlərə ayda 13 avro, dərmana isə ən azı 15 avro gedir. Gürcüstanda təqaüdçülər dövlət sığorta sisteminə daxil edilib. O, dərman preparatlarına xərcləri qarşılamasa da bu, təcilli və planlı bahalı əməliyyata ehtiyacı olanlar üçün böyük köməkdir, adətən dövlət əməliyyatların 90 faizə qədər xərclərini ödəyir.
2017-ci ilin oktyabr ayından hakimiyyət dünya praktikasına daha yaxın olan sistemə keçməyi təklif edir. Pensiyanın baza hissəsi (bu, indiki təqaüdçülərə aiddir) hər il indeksləşəcək. Toplanma hissəsinə ödənişləri həm işləyən vətəndaşlar, həm də işə götürənlər köçürəcək.
Ehtimal olunur ki, yeni sistemdən pensiyaya 10-15 il sonra çıxanlar yararlana biləcək. Bugünkü təqaüdçülər isə ancaq inflyasiyanın nəzərə alınması ilə pensiyaların artırılmasına ümid edə bilər.
82 yaşlı Vladimir Zanquraşvili ləyaqətli həyat yaşaması, tanınmış mühəndis olması, hətta daha sonra Gürcüstanda kütləvi istehsal edilən ilk qazla işləyən qızdırıcı aləti ixtira etməsi ilə fəxr edir. İndi onun zirzəmi tipli bir otağı, “Katarsis” xeyriyyə cəmiyyətində naharı var, dərmanlarını almağa isə heç vaxt pulu çatmır.
Və bir neçə digər postsovet ölkəsi üzrə qısa məlumat:
Ukrayna
- Təqaüdçülərin sayı: 12 milyon 297 min (əhalinin 29 faizi);
- Pensiya yaşı: 65 kişilər və 60 qadınlar üçün;
- Pensiyanın orta aylıq məbləği: 61 avronun ekvivalenti – Avropada ən aşağı göstərici.
Dövlət qurumlarında işləmiş və ya yüksək dövlət vəzifələri tutmuş insanlar yüksək pensiya alırlar. Həmçinin güc qurumlarında işləyənlər.
Ukrayna pensiya sistemi əslində bankrotdur. Pensiya Fondunun büdcəsinin kəsiri 5,2 milyard avroya çatıb.
Rusiya
- Təqaüdçülərin sayı: 42 milyon 729 min (əhalinin 30 faizi);
- Pensiya yaşı: 60 yaş kişilər və 55 yaş qadınlar üçün. 2017-ci ilin yanvar ayından isə 65 kişilər və 60 qadınlar üçün.
- Pensiyanın orta aylıq məbləği: 180 avroya ekvivalent (orta maaşın 34 faizi).
Keçmiş məmurların və ya DİN işçilərinin pensiyası iki dəfə çox ola bilər.
Yaşlı adamlar pensiyanın təxminən yarısını kommunal ödənişlərə və dərmana xərcləyir. Pensiya alan təxminən üç rusiyalıdan biri işini davam edir.
Belarus
- Təqaüdçülərin sayı: 2 milyon 500 min (əhalinin 23 faizi);
- Pensiya yaşı: 60 yaş kişilər və 55 yaş qadınlar üçün. 2017-ci ilin yanvar ayından isə 63 yaş kişilər və 58 yaş qadınlar üçün.
- Pensiyanın orta aylıq məbləği: 140 avroya ekvivalent.
Pensiyanın onda bir hissəsini kommunal xidmətlər tutur: mənzil haqqı, işıq, qaz, telefon. Bura internet və televiziya daxil deyil.
Xərclər sırasında ikinci yerdə dərmanlardır. Belarus təqaüdçüləri pensiyanın üçdə birindən yarısına qədərini sağlamlıqlarına xərcləyirlər.
Təqaüdçülərin dörddə biri işləyir. Təqaüdçülərin böyük hissəsini qadınlar təşkil edir.
Moldova
- Təqaüdçülərin sayı: 700 min (əhalinin 17 faizi);
- Pensiya yaşı: 62 yaş kişilər və 57 yaş qadınlar üçün;
- Pensiyanın orta aylıq məbləği: 60 avroya ekvivalent.
Moldovada minimal pensiya 32-36 avroya ekvivalentdir. Təqaüdçülərin təxminən 10 faizi yüksək pensiya alır.
Pensiyadan əlavə əksər yaşlılar ilin soyuq fəsli üçün sosial yardım alır, onun məbləği hər il hökumət tərəfindən təsdiq olunur. Bu il bu məbləğ 16 avroya ekvivalentdir.
Layihə Şərqi Avropanın rus dilli media şəbəkəsi çərçivəsində müəlliflər: Olqa Bulat, Kim Voronin, Georgi Zedginidze, Artyom Martınoviç, Natalya Marşalkoviç, Qayane Mkrtçyan, Nadiya Apenko, Yuri Petruşevski, Vladislav Sorokin, Anna Ştorm, Maksim Eristavinin birgə səyləri ilə hazırlanıb.