Etiraz aksiyaları, döyülmələr, həbslər: Fəallar “Toplan”dan nə istəyir?
Bir aydan çoxdur ki, Bakıda heyvan haqları müdafiəçiləri “Toplan” sahibsiz itlərə qayğı mərkəzi”nə qarşı aksiyalar təşkil edir. Həmin aksiyalar, adəti üzrə, polis tərəfindən zorakılıqla dağıdılır, fəallar saxlanılır, cərimə edilir. Artıq etirazçılardan üç nəfəri həbs olunub. Gənc fəallar “Toplan”dan nə istəyir və mərkəz bu ittihamların qarşısında niyə susur?
- Azərbaycanlı heyvan hüquqları müdafiəçisi: “İndi orada cəmi 5-10 it qalıb” – VİDEO
- Azərbaycanda növbəti ov qalmaqalı: brakonyerlərin bələdçisi nazirliyin əməkdaşıdır?
- Fövqəlinsan necə yaradılırdı – Abxaziyadakı meymun yetişdirmə müəssisəsinin əfsanələri və həyatı
“Toplan” susur, polis cərimələyir
İyul ayında 3 dəfə Bakının Balaxanı qəsəbəsində yerləşən “Toplan” sahibsiz itlərə qayğı mərkəzi”nin qarşısında heyvan hüquqları müdafiəçilərinin etiraz aksiyaları keçirilib. Hər dəfə gənc fəallar “Toplan”ın ərazisinə buraxılmalarını və ya mərkəzin əməkdaşlarından birinin onların suallarına cavab verməsini tələb ediblər.
Aksiyaların hamısı polis tərəfindən zorakılıqla dağıdılıb. Aksiya iştirakçılarından altı nəfər hərəsi 400 manat cərimə olunublar.
Qeyd edək ki, ilk aksiyanın keçirilməsindən artıq bir ay ötüb və bu müddət ərzində “Toplan” sahibsiz itlərə qayğı mərkəzi” etirazçılara heç bir cavab verməyib.
Üç nəfər həbs olundu
Avqustun 6-da heyvan haqları müdafiəçiləri daha bir etiraz aksiyası keçiriblər. Lakin bu dəfə “Toplan”ın qarşısında deyil, Bakının mərkəzində – Fəvvarələr meydanında. Onlar aksiyaya üzərində sahibsiz heyvanların qan ləkələrini simvolizə edən ağ-qırmızı köynəklərlə qatılıblar.
Bu dəfə də polis əməkdaşları aksiya iştirakçılarını saxlayıb və Səbail rayonu 9 saylı polis bölməsinə aparıb. Etirazçılar bir saatdan sonra sərbəst buraxılıblar.
Lakin həmin günün hadisələri bununla bitməyib. Polis bölməsini tərk etmiş üç fəal – Elxan Mirzəyev, Nicat İsmayılov və Nicat Azayev Bakının Nizami küçəsində şəhər saminlərinə saxladığı meymunla şəkil çəkdirməyi təklif edən şəxsə iradlarını bildiriblər. Gənclər həmin şəxsi meymunu istismar etməkdə ittiham ediblər.
Yaxınlıqda olan polis əməkdaşları həmin gəncləri saxlayıb. Ertəsi gün Səbail Rayon Məhkəməsi onları inzibati qaydada 15 sutkalıq həbs müddətinə məhkum edib.
Fəallar “Toplan”dan nə istəyir?
Bu sualla JAMnews “Toplan” sahibsiz itlərə qayğı mərkəzi”nin qarşısında və Bakının mərkəzində keçirilmiş etiraz aksiyalarının təşkilatçılarındna biri olan Kamran Məmmədliyə müraciət edib.
K.Məmmədlinin sözlərinə görə, “Toplan”ın fəaliyyətinin ictimaiyyətə şəffaf olmaması, mərkəzə aparılan itlərin aqibətinin naməlum qalması, mərkəzin ərazisinə orada könüllü olmaq istəyən şəxslərin buraxılmaması, toplanılan itlər arasında yaşadığı yerin sakinləri tərəfindən qayğı göstərilən, yem və tibbi xidmətlə təmin olunan itlərin də olması və bu itlərin əksəriyyətinin himayədarlarının tələblərinə baxmayaraq, geri qaytarılmaması kimi bir sıra problemlər heyvansevərlərdə böyük narahatlığa səbəb olur.
“Heyvansevər fəallar bildirir ki, “Toplan” mərkəzi fəaliyyətə başladığı 1 mart 2019-cu il tarixindən etibarən şəhərdən topladığı itlərin aqibəti haqqında heç bir şəffaf hesabat verməyib.
Hətta mərkəzin fəaliyyətinin ilk dövrlərində rəsmi səhifələrində paylaşdıqları hesabatlarda gündəlik toplayıb, guya ki, qısırlaşdırdıqları itlərin sayını qeyd etsələr belə, bu itlərin sonrakı aqibəti barədə heç bir məlumat paylaşmırdılar. Qurumun baytarları isə müxtəlif zamanlarda vətəndaşlara topladıqları itləri qısırlaşdırdıqdan sonra “təbiətə buraxdıqlarını” və daha sonra onları bir daha yemlə təmin etmədiklərini bildiriblər”, – Kamran Məmmədli deyib.
O əlavə edib ki, “Toplan” əməkdaşlarının hər gün çoxlu sayda iti şəhərdən topladığına şahid olurlar, lakin “daha sonra bu itlərin heç biri geri qaytarılmır və mərkəzin özündə də saxlanılmır”.
“İtlərin belə sürətlə yoxa çıxması və sözügedən qurumun səssizliyi onların öldürülməsinə dair bizdə ilkin şübhələri yaratdı. Mövzunun üzərinə getdikcə isə bu şübhələrimiz əminliyə çevrildi. Qurumun özünün açıqladığı aylıq və günlük rəqəmlərə nəzər saldıqda görürük ki, fəaliyyətə başladığı vaxtdan bu günə qədər mərkəz tərəfindən götürülən itlərin sayı minumun 44 min ola bilər. Lakin Bakı küçələrində qulağına “Toplan” mərkəzinə aid sarı rəngli dairəvi birkalar taxılmış heç 44 it də görmək mümkün deyil.
Dəfələrlə ana itlərin südəmər balalarını götürüb ananı tək buraxdıqları üçün heyvansevərlərin kəskin etirazı ilə üzləşmiş olan “Toplan” mərkəzinin nə qısırlaşdırmaq, nə də peyvənd vurmaq üçün lazımi yetkinliyə çatmamış balaları nə məqsədlə apardığı böyük bir müəmmadır. Onu da bildirməliyik ki, “Toplan” mərkəzinin ilk dəfə rəsmi şəkildə elan edilən iş prinsipləri arasında bu mərkəzin itləri qısırlaşdırıb peyvəndlədikdən sonra götürdükləri ünvana geri qaytaracaqları qeyd edilmişdi.
Heyvansevər fəallar “Toplan” qayğı mərkəzinin fəaliyyətin şəffaf aparılmasını, evsiz itlər üçün görülən işlərin ictimaiyyətə açıq olmasını, şəhərdən toplanılan itlərin qısırlaşdırdıqdan və peyvəndləndikdən sonra öz yaşayış məskənlərinə geri qaytarılmasını tələb edirlər”, – deyə, gənc fəal sözlərini yekunlaşdırıb.
“Toplan” cavab vermir
“Toplan” sahibsiz itlərə qayğı mərkəzi”nə etdiyimiz çoxsaylı zənglərə baxmayaraq, cavab verən olmadı.
Mərkəzin “Facebook” və “İnstagram” sosial şəbəkələrindəki hesabları isə sonuncu dəfə iyun ayının əvvəlində yenilənib və həmin hesablarda da istifadəçilərin sualları cavabsız qalır.