Ödənişsiz kommunal xidmətlər, Avropa İttifaqının yardımı və Ermənistan hökumətindən müavinət – qarabağlılara dəstək
İkinci Qarabağ müharibəsi zamanı evlərini tərk etməli olanlara dəstək proqramları hazırlanıb. 2020-ci il noyabrın 14-dən artıq 30 minə yaxın köçkün əvvəlki yaşayış yerlərinə qayıdıb. Yerevandan Stepanakertə praktiki olaraq hər gün Dağlıq Qarabağ sakinləri ilə dolu avtobuslar yollanır.
Çoxlarının evləri sentyabrın 27-də başlayan hərbi əməliyyatlar zamanı zədələnib, ya da tam dağılıb. Amma Qarabağ sakinləri yenə də dövlətin yardımına və öz imkanlarına ümid edərək qayıdır.
Bütün təfərrüatlar – Ermənistan hökuməti, Avropa İttifaqı hansı yardımı təqdim edir və Qarabağ sakinləri nədən şikayətlənir?
- Müharibə, şoraba və fətir: evlərini tərk edən qarabağlıların həyatı haqda
- Bitməmiş Qarabağ müharibəsi: psixoloji problemlər mərhələsi
Ermənistan hökumətindən yardım
Müvəqqəti Ermənistanda olan Qarabağ sakinlərinin yaxın günlərdə maliyyə yardımı alacaqları haqda tanınmamış DQR-in əmək, sosial və yaşayış məsələləri naziri Mikael Virabyanın Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini Smbat Sayanla hələ noyabrın 8-də baş tutan görüşündə elan edilib.
Söhbət dövlət müavinəti və pensiyaların təqdim olunmasından gedir.
Artıq bir həftə sonra baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan hökuməti hərbi əməliyyatlar zamanı Ermənistana köçən hər bir Qarabağ sakininə 68 min dram (təxminən 140 dollar) ödəyəcək.
Üstəlik bu yardımı uşaqlar da almalıdır – bir şərtlə ki, valideynlərindən heç olmasa birinin Qarabağ qeydiyyatı olsun.
Ermənistanda şəxsi daşınmaz əmlakı olmayan vətəndaşlara əlavə 15 min dram (30 dollara yaxın) ödənəcək. Artıq Qarabağa qayıdanlar da yardımdan yararlana biləcəklər. Yardım almaq üçün noyabrın 23-dən müraciətlər qəbul olunur.
Ermənistanın Sosial Təminat və Əmək Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan və Qarabağın poçt şöbələri artıq qarabağlılara maliyyə yardımını ödəməyə başlayıb.
22 noyabda Ermənistan hökumətinin ikinci dəstək proqramı haqda məlum olub, buna əsasən, Azərbaycanın nəzarətinə keçən Qarabağ rayonlarının sakinləri 300 min dram (təxminən 600 dollar) həcmində birdəfəlik yardın da alacaqlar.
Bu insanların yaşayış yeri məsələsini dövlət bir neçə il ərzində həll etməlidir, buna qədər isə ev icarəsi üçün vəsait ödəməlidir.
Amma bu proqramdan hərbi əməliyyatlar başlamazdan əvvəl (yəni sentyabrın 27-ə qədər) ən azı üç ay müddətində bu icmalarda yaşayan Qarabağ sakinləri faydalana biləcək.
Proqramın maliyyəsini bütün müharibə müddətində və indiyə qədər həm Ermənistan sakinlərinin, həm də erməni diasporasının pul köçürdüyü “Hayastan” Ümumerməni Fondu təmin edəcək.
Problem ondadır ki, ikinci yardım proqramı hələlik təsdqilənməyib, sənəd prezident tərəfindən hələ imzalanmayıb. Və Qarabağda evlərini itirənlərin çoxu qohumlarının evində və ya kirayədə yaşamağa məcbur olduqlarından şikayətlənirlər.
Ödənişsiz kommunal xidmətlər
Bir il müddətində əhali kommunal xidmətlərdən (qaz, su, elektrik), o cümlədən də rabitə xidmətlərindən (telefon və internet) ödənişsiz yararlana biləcək – “ağlabatan həddə məhdudiyyətlə”. Bu haqda tanınmamış DQR prezidenti noyabrın 17-də bildirib.
Onun sözlərinə görə, atışma nəticəsində zədələnən yaşayış evlərinin bərpası yaxın günlərdə başlayacaq.
Bir ailə üzvünün gəliri 60 min dram təşkil edən minimum istehlak səbətindən az olan aztəminatlı ailələr də maliyyə yardımı alacaqlar.
Avropa İttifaqı ölkələrindən yardım
Avropa İttifaqı ölkələri artıq Qarabağ sakinlərinə humanitar yardım edir – noyabrın əvvəlində Ermənistanın xarici işlər naziri Avet Adonts bildirib.
“Məsələn, Almaniya dəstək üçün 2 milyon avro köçürüb, digər ölkələr də yardım göstərib, amma bu, Qırmızı Xaç vasitəsilə həyata keçirilib. Biz bu yardımı daha ünvanlı və birbaşa etməyi təklif etmişik”.
Nazir müavininin fikrincə, ən əsası onlara təkcə qida və ya isti geyimlə yardım etmək deyil, həm də kompleks dəstək tədbirləri görməkdir.
Könüllülərin yardımı
Müharibə başlayandan qarabağlılara ilk yardım əlini uzadanlar Yerevan sakinləri və erməni diasporası olub. Ermənistan paytaxtının parklarında, mağazalarında, teatrlarında, kafe və restoranlarında insanlar ordu və hərbi əməliyyatlar başlayandan sonra Qarabağdan Yerevana gələn uşaqlar və qadınlar üçün yardım toplanması məntəqələri təşkil etmişdilər. Hər şey qəbul edirdilər – yemək və sudan uşaq arabalarına qədər.
Belə humanitar qərargahlardan biri Yerevanda Kukla Teatrında yerləşirdi. Bura müharibənin ikinci günündən fəaliyyətə başlayıb və yalnız noyabrın sonunda bağlanıb.
Bütün bu müddət ərzində onlarla könüllü sayəsində ancaq buradan 15 min qarabağlı ailə yardım alıb – bu prosesə rəhbərlik edən Anais Sardaryan Instagram-da yazıb.
Sosial şəbəkələrdə nə yazırlar?
Facebook-un Ermənistan seqmentinin yuzerlərinin əksəriyyəti Ermənistan hökumətinin ayırdığı maliyyə yardımının məhz həcmini müzakirə edir və mənfi qiymətləndirir.
Bəzi şərhlər:
“68 min və ya 15 min dram nədir? Bu pulla məgər ev tutmaq mümkündür? Daha yemək, nəqliyyat və digər xərclərdən danışmıram. Ayıbdır!”
“Mən bizim məmurlara təklif edərdim ki, öz mükafatlarını qaçqınlara versinlər, özləri isə qarabağlılara təklif etdikləri bu qəpik-quruşla dolansınlar. Bax bu ədalətli olardı”.
“İkinci proqram yeganə yardımdır ki evlərini itirmiş insanların əlinə heç olmasa bir az pul gələ bilər, onu da heç cür qəbul etmirlər. Onda biz niyə bütün diaspora ilə bu pulları toplayırdıq və “Hayastan” Ümumerməni Fonduna köçürürdük, əgər pul heç cür indi həqiqətən ehtiyacı olanlara gedib çatmırsa?”.
“Hə, az puldur, amma buna görə də “sağ ol” demək lazımdır. Ermənistan Sinqapur deyil ki, milyonlar ayıra bilsin”.