Ermənistan turizm mövsümünün sonuna qədər qapalı qalacaq
Koronavirus pandemiyasına görə Ermənistan artıq bir neçə aydır ki, normal həyata qayıda bilmir. Martdan etibarən ölkədə fövqəladə vəziyyət elan olunub, iyulun əvvəlində yoluxma piki qeydə alınıb. Son günlər ərzində yeni yoluxmalar nisbətən azalıb.
İyulun 31-də 354 yeni yoluxma halı qeydə alınıb. Bu rəqəm nisbətən kiçik hesab edilir, çünki hələ ötən həftə gündəlik bundan bir yarım dəfə çox yoluxma təsdiqlənirdi.
Nisbi yaxşılaşmaya baxmayaraq, Ermənistanın hələlik sərhədləri açmaq niyyəti yoxdur və ölkə hava əlaqələrini bərpa etmək imkanında deyil. Baş nazir Nikol Paşinyan rəsmən elan edib ki, “turizm mövsümünün sonuna qədər mütəmadi avia-daşımalar bərpa olunmayacaq”.
d0e4f0İyulun 31-də 354 yeni yoluxma halı təsdiqlənib, ümumilikdə yoluxanların sayı 38550 nəfərə çatıb. Daha 10 nəfər ölüb, ümumilikdə ölənlər 738 nəfər olub. 631 pasiyent sağalıb və sağalanların sayı 28997 nəfərə yüksəlib. 8587 nəfərin müalicəsi davam edir.
● “Qıfıl altında”: ermənistanlı əmək miqrantları Rusiyaya gedə bilmirlər
Hava rabitəsi niyə bərpa olunmur?
Hava rabitəsinin bərpa olunmayacağı haqda əvvəlcə fövqəladə vəziyyət komendantı, baş nazirin müavini Tiqran Avinyan bildirib.
O, qeyd edib ki, indi hökumət fövqəladə vəziyyət rejiminin uzadılması məsələsini müzakirə edir:
“Bu, əsasən epidemioloji vəziyyətin bundan sonra necə olacağından asılıdır”.
İlk olaraq Ermənistanda fövqəladə vəziyyət martın 16-da elan olunub. Həmin vaxtdan hər dəfə bir ay olmaqla artıq dörd dəfə uzadılıb. Sonuncu dəfə uzadılma haqda qərar iyulun 13-də qəbul edilib və fövqəladə vəziyyət rejimi avqustun 12-ə qədər davam etməlidir.
Hava yolu ilə sərnişindaşımanın bərpası yalnız ölkədə fövqəladə vəziyyət ləğv ediləndən sonra mümkünn olacaq.
Komendantdan sonra baş nazir Nikol Paşinyan da hava rabitəsinin bərpası mövzusuna toxunub:
“Təəssüf ki, biz indi dəqiq bilirik ki, turizm mövsümünün sonuna qədər adi rejimdə avia-daşımalar bərpa olunmayacaq. Bu o deməkdir ki, yay tətilini kurortlarda keçirmək niyyətində və imkanında olan həmvətənlərimiz daxili turizm imkanlarından yararlanmalı olacaqlar…
Digər tərəfdən hesab edirəm ki, bizim nəzarət orqanları bu dövrdə pansionatlarda, istirahət evlərində, istirahət zonalarında epidemioloji vəziyyətlə bağlı qaydalara riayət edilməsinə xüsusi diqqət yetirməlidirlər”.
Müxalifət nə deyir?
Parlamentin “Maariflənmiş Ermənistan” müxalif fraksiyası fövqəladə vəziyyət rejiminin uzadılmamasını tələb edir. Fraksiya rəhbəri Edmon Marukyan Facebook səhifəsində hökumətə “məhdudiyyətlər üçün digər hüquqi tənzimləmələri reallaşdırmağı” təklif edib.
Onun sözlərinə görə, indi “sosial məsafəni gözləmək, əlləri tez-tez yumaq və yalnız qapalı məkanlarda maska taxmaq lazımdır”. Marukyanın fikrincə, bu məhdudiyyətlərə fövqəladə vəziyyət rejimi olmadan da əməl etmək mümkündür.
Marukyan həmçinin hesab edir ki, Rusiya ilə hava və quru sərhədlərinin açılması bir çox ailələr üçün kəskin bir ehtiyaca çevrilib:
“Həyat yoldaşları, uşaqlar, valideynlər… Sərhədlər bağlı olduğu üçün insanlar birləşə bilmirlər. Minlərlə insanın mövsümi qazanc dalınca gedə bilməməsi də bunun üzərinə əlavə olunur. Komendantlıq sərhədin açılması ilə bağlı problemi mümkün qədər tez həll etmək üçün əlindən gələn hər şeyi etməlidir”.
Sosial şəbəkələrdə nə yazırlar?
Ermənistanda artıq bir neçə aydır ki, sərhədlərin açılması bir nömrəli mövzudur. Çoxları bir müddətlik ölkəyə gəlib və geri qayıda bilməyib. Amma sərhədin bağlı qalması məsələsi ən çox adətən qazanc üçün Rusiyaya və digər ölkələrə gedənləri narahat edir.
Facebook-dan bir neçə şərh:
“Bütün dünyada avqustun 1-dən sərhədlər açılır, ancaq biz qapanıb, oturmuşuq! İnsanların ezamiyyətləri, işgüzar səfərləri var, biz isə öz ölkəmizdən çıxa bilmirik!”
“Bu gün həmvətənlərimizin böyük hissəsi başqa ölkələrdə, çoxu Rusiyada ilişib qalıb. Heç cür vətənə qayıda bilmirlər. Orada onların nə qeydiyyatı, nə vətəndaşlığı, nə işi var. Artıq bir neçə aydır ki, onlar orada sadəcə mövcuddurlar! Kimsə onlar haqda ümumiyyətlə düşünüb?”
“Sərhədləri mümkün qədər tez açmaq lazımdır, çünki koronavirusdan başqa digər xəstəliklər də var. Mənim atam xərçəngdir, qardaşım isə Rusiyadan gələ bilmir ki, valideynlərinin yanında olsun”.