Ermənistan məhkəmələrinin girişləri açılıb – baş nazir tərəfdarlarını aksiyanı dayandırmağa çağırıb
Mayın 19-da Ermənistanın “inqilabçı” baş naziri insanları yenidən küçələrə çıxıb, məhkəmələrin giriş və çıxışlarını bağlamağa, heç kimi içəri buraxmamağa çağırıb. Bu dəfə o, məhkəmə sistemində islahatların keçirilməsi üçün öz tərəfdarlarından dəstək istəyib. Məlumatlı Vətəndaş ictimai təşkilatının hesablamasına görə, Nikol Paşinyanın çağırışına təxminən 1100 nəfər cavab verib.
Məhkəmələrə qarşı etiraz aksiyası üçün səbəb digər etiraz aksiyaları olub. Bu aksiyalar mayın 18-də paytaxtda baş tutub. Həmin gün məhkəmənin qərarı elan edilib – Ermənistanın eks-prezidenti Robert Koşaryan həbsdən azad olunub. Bu qərardan narazı qalanlar küçələrə çıxıb. Paşinyan üçün bu iş xüsusi anlam daşıyır, buna görə də o, insanların məhkəmə qərarından narazı qalmasına dərhal reaksiya verib.
Mayın 20-də Paşinyan bəyanatla çıxış edib və məhkəmə sistemində məhz necə islahatlar aparacağını açıqlayıb, sonra da insanları məhkəmələrin girişlərini açmağa çağırıb. Mayın 18-dən 20-ə qədər baş verənlər haqda bütün təfərrüatları təqdim edirik.
Yenilənmə
12:00 20 may 2018
Baş nazirin bəyanatı
Təyin olunmuş vaxtda baş nazir məhkəmə sisteminin vəziyyəti ilə bağlı bəyanatla çıxış edib:
“Xalq məhkəmə sistemini keçmiş korrupsiyalaşmış sistemin qalığı kimi qəbul edir, harada ki, insanlara qarşı mütəmadi olaraq qəsdlər hazırlanır və həyata keçirilirdi… Aydındır ki, cəmiyyət məhkəmə qərarlarına qətiyyən etibar etmir. Və mən bunu yalnız baş nazir kimi yox, həm də erməni xalqının adından danışmaq haqqı olan nümayəndəsi kimi deyirəm…”
Paşinyan bildirib ki, hökumət məhkəmə sisteminin sağlamlaşdırılması üçün əməli tədbirlər görəcək. “Əgər bundan ötrü konstitusiyaya dəyişiklik etmək lazım gələcəksə, bunu edəcəyik. Əgər bunun üçün referendum keçirmək lazım olacaqsa, keçirəcəyik”.
Baş nazir “marionet” deyil, real olaraq müstəqil məhkəmə sisteminə sahib olmaq üçün lazım olan gələcək addımları maddə-maddə qeyd edib.
- İstisnasız bütün hakimlər vettinqdən (etibarlılıq yoxlaması – JAMnews) keçməlidir. Yəni cəmiyyət hakimlərin siyasi əlaqələri, əmlakları, həmçinin onların keçmiş fəaliyyətlərində peşəkarlıq səviyyəsi və şəxsi keyfiyyətləri haqda məlumatlı olmalıdır.
- Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qərarları qanun pozuntusu elan olunan bütün hakimlər istefaya getməli və ya işdən azad edilməlidir.
- Obyektiv ola bilmədiyini dərk edən bütün hakimlər istefa verməlidir.
- İki ay müddətində hökumətin 7-8 ay ərzində hazırladığı keçid dövrü ədalət mühakiməsi mexanizmləri tətbiq edilməlidir.
- Parlament müstəqil məhkəmə sisteminin formalaşdırılması üçün qanunvericilik fəaliyyəti həyata keçirməlidir.
Çıxışının sonunda Paşinyan tərəfdarlarını məhkəmələrin girişini açmağa çağırıb.
Qarabağ mövzusu
Baş nazir Qarabağdakı vəziyyətə də toxunub.
Məhkəmələrin girişinin bağlanması və ədalət mühakiməsi sistemində dərhal islahatların həyata keçirilməsi ilə bağlı vəziyyət mayın 16-da məhkəmə qərarına uyğun olaraq azadlığa buraxılan eks-prezident Robert Koçaryanın işi ilə əlaqədardır. Hakim David Qriqoryan bu qərarı qəbul edərkən Dağlıq Qarabağın hazırkı və keçmiş prezidentlərinin zəmanətini nəzərə alıb. İki nüfuzlu şəxs məhkəməyə müraciət edərək onların dostu, yerlisi, həmçinin Qarabağın birinci prezidenti olan Koçaryanın azad olunmasını xahiş ediblər.
Bu arada Paşinyan hökuməti Koçaryan və digər yüksək vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını əsas nailiyyətlərindən biri hesab edir. Bu haqda baş nazir dövlət başçısı vəzifəsində keçirdiyi bir ilin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında da bildirib.
• Baş nazirdən yeni Ermənistan haqda 100 fakt
İndi məhkəmə eks-prezident Koçaryan haqda həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair qərar qəbul edib, ona qarşı “1 mart” hadisələri üzrə qaldırılan cinayət işinin istintaqı davam edir.
Amma Paşinyan öz bəyanatında Qarabağ xalqını fəaliyyəti “bir xalqın iki hissəsi” arasında ayrıseçkilik və qarşıdurma toxumu səpməyə yönələn qüvvələri rədd etməyə çağırıb:
“Qarabağ xalqını Ermənistan xalqının və onun legitim hökumət təmsilçisinin dəstəklənməsi mövqeyindən çıxış edən qüvvələri dəstəkləməyə çağırıram.
Bütün başqa qüvvələr birmənalı şəkildə bir məqsədə qulluq edir: keçmişdə baş verən cinayətlərə görə məsulyyətdən yaxa qurtarmaq üçün Qarabağ xalqından öz daxili maraqlarına xidmət vasitəsi kimi yararlanmaq, Ermənistan və Qarabağın suverenliyinə qarşı qəsdləri provokasiya etmək”.
Baş nazirin çağırışına reaksiya
Ali Məhkəmə Şurası, vəkillər palatası, ombudsmen, “Daşnaktütün” və “Çiçəklənən Ermənistan” partiyaları, həmçinin “Maariflənmiş Ermənistan” parlament fraksiyası baş nazirə öz qərarını yenidən gözdən keçirməsi xahişi ilə müraciət edib. Ombudsmenin bəyanatında deyilir ki, Ermənistanda məhkəmələrin və ədalət mühakiməsinin işinə istənilən müdaxilə qadağandır, yaranmış vəziyyət hüquq sisteminin təhlükəsizliyini və stabilliyini təhdid edir. Siyasi partiyalar Paşinyanın əməllərini məhkəməyə təzyiq cəhdi kimi dəyərləndiriblər.
Bütün ermənilərin katolikosu xalqa təmkinli olmaq və zorakılığa yol verməmək çağırışı ilə müraciət edib.
Məhkəmə sədrinin bəyanatı
Ümumi Yurisdiksiya Məhkəməsinin sədri Ruben Vardanyan hakimlərdən ilk olaraq Ermənistan mediasına müsahibəsində bildirib:
“Rəsmən bəyan edirəm ki, baş nazir Nikol Paşinyanın necə qərar qəbul etməsindən asılı olmayaraq, mən lazım olduğu təqdirdə istefa haqda ərizə yazmağa hazıram. Üstəlik vəzifədən azad ediləndən sonra öz peşəkar biliklərimi ötürməyə və yeni məhkəmə sisteminin formalaşdırılmasına yardım etməyə hazıram”.
8:30 20 may 2019
Baş nazirin elan ediyi aksiyaYerevanda güclü yağışa baxmayaraq, başlayıb.
19 may 2019
Ermənistanda bütün məhkəmə binalarını mühasirəyə almaq çağırışı ilə mayın 19-da özünün Facebook səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib:
“Səhər saat 8:30-dan [20 may 2019] respublikada istisnasız bütün məhkəmə binalarının giriş və çıxışlarını elə bağlayırıq ki, heç kim içəri keçə bilməsin.
12:00-da [20 may 2019] canlı efirdə mənim çıxışım yayımlanacaq”.
Bu paylaşımdan sonra gələn canlı bağlantı zamanı Paşinyan təyin olunan aksiya barədə danışıb və bütün tərəfdarlarını təmkinli olmağa çağırıb.
Baş nazir konkret olaraq nəyə nail olmaq istədiyini və insanları niyə yenidən küçələrə çağırdığını izah etməyib. O sadəcə ümumxalq dəstəyinə ümid etdiyini bildirib.
Nə baş verir
Öz nitqində baş nazir insanların məhkəmə sistemindən narazılığına toxunub. Söhbət çox güman ki, Yerevanda şənbə günü, mayın 18-də keçən etiraz aksiyalarından gedir. Bu aksiyalarda Ermənistanın eks-prezidenti Robert Koçaryanın həbsdən buraxılmasına qarşı çıxanlar iştirak edib.
• Ermənistanın keçmiş prezidenti Robert Koçaryan həbsdən azad edildi
• Baş nazirdən yeni Ermənistan haqda 100 fakt
Mayın 18-də məhkəmə Koçaryanın işi ilə bağlı qərar elan edib. O, beş aydan çox müddət ərzində konstitusiya quruluşunu devirmək, həm də 3 milyon dollar həcmində rüşvət almaq ittihamı ilə həbsdə olub.
Məhkəmə Koçaryana qarşı irəli sürülən qəti imkan tədbirinin dəyişdirmək— Dağlıq Qarabağın indiki və keçmiş prezidentlərinin himayədarlığı altına buraxmaq qərarını verib. Onlar bunu məhkəmədən xahiş ediblər və hərəsi 500 min dram [təxminən $1,000] ödəyib.
Robert Koçaryan Qarabağda doğulub və onun ilk prezidenti olub, buna görə də Qarabağ liderləri ona zamin durub.
Koçaryanın işi
Koçaryana qarşı sürülən ittiham 2008-ci il hadisələrinə aiddir.
O vaxt prezident seçkilərinin nəticələrini tanımayanların nümayişinin dağıdılması zamanı hərbi silahdan istifadə edilib, 10 nəfər həlak olub, onlardan ikisi hüquq-mühafizə orqanları əməkdaşları olub.
Aksiyada Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarları iştirak edib. Onlar onun qələbəsinə əmin idilər və seçkilərin nəticələrinə yenidən baxılmasını tələb edirdilər. Mərkəzi Seçki Komissiyası isə səsvermənin nəticələrinə görə Serj Sarqsyanı qalib elan etdi.
Amma həmin vaxt o hələ vəzifə başına keçməmişdi. Ermənistan prezidenti hələ də Robert Koçaryan idi – ona görə də məhz o, nümayişin qəddarcasına dağıdılmasında və konstitusiya quruluşunun devrilməsində ittiham olunur.
“1 mart” işi üzrə istintaq 2018-ci ilin yazında Ermənistanda “məxməri” inqilaba qədər yerindən tərpənmirdi. İnqilabın lideri Nikol Paşinyanın başçılığı altında yeni hökumət dərhal bu işə başladı.
Nəticədə artıq 2018-ci ilin iyul ayında Robert Koçaryana qarşı 1 mart 2008-ci il hadisələri ilə bağlı ittiham irəli sürülüb.
İyulun 28-də o, bu iş üzrə birinci dəfə həbs olunub. Amma iki həftə sonra onu azad ediblər.
Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin onun saxlanması ilə bağlı qərarını qanunsuz hesab edib. Azad etmə üçün əsas Robert Koçaryanın keçmiş prezident kimi toxunulmazlığı ilə bağlı Konstitusiya müddəası oldu.
Sonra noyabrın 15-də kassasiya məhkəməsi işi yeni araşdırmanın həyata keçirilməsi üçün apellyasiya məhkəməsinə göndərib.
7 dekabr 2018-ci il tarixində eks-prezidentin təkrar həbsi barədə qərar qəbul edilib.
Həmin gündən Ermənistanın ikinci prezidenti yenə də həbsxanada idi.
Robert Koçaryan bildirir ki, onun işi qisasdır, Ermənistanın indiki hakimiyyəti ondan intiqam almağa çalışır.
Niyə Koçaryan öz həbsini siyasi sifariş hesab edir
Ermənistanın indiki baş naziri Nikol Paşinyan 2008-ci il prezident seçkilərində prezidentliyə namizəd Levon Ter-Petrosyanın maraqlarını müdafiə edib. O, seçkilərin nəticələri elan ediləndən sonra başlayan etiraz aksiyalarında fəal iştirak edib.
1 mart 2008-ci il faciəvi hadisələrdən sonra Paşinyan bir il dörd ay müddətinə kütləvi iğtişaşların təşkili ittihamına görə gizləndi.
1 iyul 2010-cu il tarixində Paşinyan könüllü şəkildə prokurorluğa gəlib, həbs olunub və 7 il müddətinə məhkum edilib. Bir il 11 aydan sonra Ermənistanın müstəqilliyinin 20 illiyi münasibətilə amnistiyaya düşüb.
Hüquq müdafiəçiləri hesab edir ki, hakimiyyət beynəlxalq qurumların təzyiqi altında bu addımı atmalı olub.
Prezidentin çağırışı
Baş nazirin bəyanatından sonra Ermənistan prezidentinin saytında ölkə sakinlərinə çağırış dərc olunub:
“Ermənistan Respublikasında demokratik proseslərin dönməz olduğu nə Ermənistanda, nə də onun hüdudlarından kənarda şübhə doğurmamalıdır.
Ermənistan konstitusiyasına görə, hakimiyyət xalqa mənsubdur. Deməli, hakimiyyətin qolları – qanunverici, icraedici və məhkəmə – Ermənistan xalqının toplam iradəsini əks etdirməlidir…
Bununla bağlı olaraq, bütün Ermənistan vətəndaşlarını tutduqları ictimai və siyasi mövqelərindən asılı olmayaraq, təmkinli olmağa çağırıram”.