Ermənistanda ən populyar insanlar baş nazir, prezident və müdafiə naziridir: “GALLUP International”ın sorğusu
Ermənistanda ən populyar insanlar ölkənin baş naziri və prezidentidir – MPG (Marketing Professional Group) şirkətinin həyata keçirdiyi sorğunun nəticələri bunu deyir. Bu, “GALLUP International”ı Ermənistanda rəsmən təmsil edən yeganə sosioloji təşkilatdır.
Baş nazir Nikol Paşinyan 2018-ci il “məxməri inqilabından” sonra ən populyar üçlükdə qalır. Ölkənin rəsmi şəxsləri arasında o, ən yüksək reytinqə – 83,2 faiz – sahibdir .
Bu il prezident Armen Sarkisyan ona çox yaxınlaşıb. Sorğuda iştirak edənlərin 83 faizi onun fəaliyyətini müsbət dəyərləndirib.
• Ermənistanın baş naziri Rusiya bazası və 2016-cı il “aprel müharibəsi” haqda
• Niyə Ermənistanda təhsil nazirinin istefasını tələb edirlər?
Sorğunun nəticələri haqda
• Ən böyük problemlər – işsizlik və pensiyaların az olması. Belə məlum olub ki, bu məsələlər Ermənistan sakinlərini korrupsiyadan daha çox narahat edir.
• Xarici siyasət prioritetləri – respondentlərin təqribən 50 faizi hesab edir ki, 1) ölkə dünyanın təsir mərkəzləri arasında balansı qorumalıdır, 2) Rusiyaya doğru irəliləməlidir. 21,1 faiz Avropa İttifaqına, 15 faiz isə ABŞ-a üstünlük verir.
• “Məxməri inqilabdan” sonrakı gözləntilər – ən çox ümidləri qismən doğrulanlar olub: sorğu edilənlərin 67,21 faizi. Yalnız 9,1 faizi bildirib ki, onların ümidləri doğrulub. 13,8 faiz isə ümumiyyətlə xəyal qırıqlığı yaşayıb.
Məyusluğun əsas səbəbi kimi isə yeni hakimiyyətin təcrübəsizliyi, köhnədən qalma problemlərin ciddiliyi və siyasi iradənin yetərli olmaması göstərilib.
• Hökumət uğurludur. Rəyi soruşulanların yarısından çoxu – 54,9 faiz belə hesab edir. 36,3 faiz bununla qətiyyən razı deyil.
• Hökumətin ən populyar üzvü – müdafiə naziri David Tonoyandır. Ən aşağı reytinqin sahibi isə təhsil naziri Araik Harutunyandır.
• Baş nazirin mövqeyi geriləyir – siyasi xadim kimi şəxsən Nikol Paşinyanın işini yalnız 36,8 faiz respondent tam müsbət dəyərləndirib. 2018-ci ilin sentyabrında, yəni “məxməri inqilabdan” təxminən yarım il sonra onun fəaliyyətini tam müsbət dəyərləndirənlər 61,2 faiz idi.
• Uğursuz kadr siyasəti – baş nazirin əsas qüsuru. Bu haqda respondentlərin 42 faizi bildirib. Onun digər qüsurları arasında islahatların ləng getməsi, əvvəlki hakimiyyət nümayəndələrinə qarşı yumşaq münasibət və siyasi iradəsinin olmaması sadalanır. Hərçənd, bu problemləri sadalayanların sayı xeyli azdır – sorğu edilənlərin 7 faizindən 9 faizinə qədər.
• Parlamentin fəaliyyəti ilə bağlı fikirlər demək olar ki, bərabər bölünüb – müsbət dəyərləndirənlər 43,1 faiz, mənnfi dəyərləndirənlər 46 faiz olub.
• Parlament müxalifətinin reytinqini aşağı dəyərləndirilməsi – respondentlərin 50 faizinə yaxını ondan narazıdır.
• “Mənim addımım” iqtidar blokunun yüksək reytinqi – indi parlament seçkilərinin keçiriləcəyi təqdirdə 61,3 faizi yenı də “inqilabçı” baş nazirlə hakimiyyətə gələn siyasətçilərə səs verməyə hazırdır.
Şərh
Politoloq
Qrant Mikaelyan
“Prezident Armen Sarkisyanın reytinqi niyə yüksəkdir? Ölkə parlament idarə formasına keçəndən sonra prezident həlledici oyunçudansa daha formal fiqura çevrilib. Və o, öz təmsilçilik vəzifələrinin öhdəsindən əla gəlir.
O, heç bir siyasi məsələylə bağlı öz mövqeyini bildirməyib, heç kimlə toqquşmalara girmir və heç kimi incitmir. Müvafiq olaraq, onu sevməmək üçün səbəb azdır”.