Şərh: “Ermənistan hakimiyyəti seçkilərdən imtina edir və müxalifəti küçələrə itələyir”
Ermənistan hakimiyyəti ölkəni siyasi böhrandan çıxarmaq üçün 2021-ci ildə növbədənkənar parlament seçkiləri keçirməyi təklif edib, sonra isə bu ideyadan imtina edib. İqtidar qüvvəsi öz qərarını təklifin nə müxalifət, nə də cəmiyyət tərəfindən müsbət reaksiya ilə qarşılanmadığı ilə izah edib.
Ermənistanda böhran Nikol Paşinyanın 2020-ci il noyabrın 9-da Azərbaycan və Rusiya prezidentləri ilə birlikdə Qarabağda hərbi əməliyyatların dayandırılması haqda bəyanatı imzalamasından sonra başlayıb. Müxalifət hesab edir ki, o, əraziləri könüllü təhvil verərək xəyanətkar sövdələşməyə gedib və onun istefasını tələb edir.
Baş nazir cavabında elan edib ki, bu vəzifəyə xalqın iradəsi ilə gəlib və cəmiyyətin bir hissəsinin istəyi ilə yox, ancaq seçki nəticələrinə əsasən bu vəzifədən gedə bilər. Bununla əlaqədar olaraq Paşinyan əvvəlcə növbədənkənar seçki keçirməyi təklif edib.
Hakimiyyətin qərarının, yəni öz planlarından vaz keçməsinin səbəbləri və müxalifətin hansı seçim qarşısında qalması, müxalifətin real olaraq səfərbər ola bilib-bilməyəcəyi, kimin müxalifətə rəhbərlik edə bilcəyi, xarici oyunçuların, o cümlədən də Moskvanın kimi dəstəklədiyi ilə bağlı ermənistanlı ekspertlərin rəyləri.
- “Xalq tələb etmir”: Ermənistan hakimiyyəti növbədənkənar seçkidən imtina edib
- Moskva, yoxsa Brüssel? Ermənistanın baş naziri haqda niyə qərbyönlü siyasətçi təəssüratı yaranıb?
- Ermənistan iqtisadi durğunluq həddində: 2021-ci ildə ölkədə nələr gözləməli
Boris Navasardyan, Yerevan press-klubunun prezidenti
“İqtidar qüvvəsinin növbədənkənar seçki keçirmək ideyasını taktiki addım kimi qiymətləndirmək mümkündür. Hakimiyyət müxalifətin baş nazir və hökumət istefaya getmədən bu ideyadan məmnun olmayacağını hesablamışdı. Buna görə də onlara cəmiyyətə seçkiyə hazır olduqlarını və eyni zamanda rəqibləri, yəni müxalifət maraq göstərmədiyi üçün seçki keçirməyin məqsədəuyğun olmadığını göstərmək lazım idi.
Əslində onlar özləri bu seçkilərdə maraqlı deyillər, çünki seçkinin nəticəsini təxmin etmək çətindir.
Növbədənkənar seçkiyə ehtiyac isə var və hakimiyyət hələ noyabrın 10-da istefaya getməlidir [hərbi əməliyyatların dayandırılması haqda üçtərəfli yazılaşma imzalanandan dərhal sonra – JAMnews].
Qeyri-partiya, neytral keçid hökuməti formalaşmalı idi. O, parlament çoxluğunun məsuliyyəti sahəsində qalmalı idi, növbədənkənar seçkilər ərəfəsində hansısa siyasi dividentlər əldə edəcək yox, daxili və xarici siyasətdə çox mürəkkəb maneələrlə, sosial-iqtisadi problemlərlə bilavasitə məşğul olmağa qadir insanlar cəlb olunmalıdır.
Beləliklə, “Mənim addımım” fraksiyası da daxil olmaqla bütün siyasi qüvvələr seçkilərə hazırlaşa bilərdilər, ölkənin operativ rejimdə necə idarə olunmasından asılı olmayaraq.
Amma təəssüf ki, belə alicənab addım bizin siyasi elita üçün çox əlçatmaz oldu, müxalif qüvvələr də, siyasi iqtidar komandası da ona anlayışla yanaşa bilmədi.
Hakimiyyət istefa vermək istəmir. Məlum olduğu kimi bu insanlar 2018-ci ildə Ermənistanda baş verən inqilaba layiq deyillər. Onlar inqilabı sırf öz rifahlarını qurmaq vasitəsi kimi qəbul ediblər, ölkəni dinamik inkişaf rejiminə çıxarmaq vasitəsi kimi yox.
Cəmiyyətimizin apatiya vəziyyətində olduğu, Ermənistanın isə dövlət kimi etibar edilməyən, legitimlik qıtlığı çəkən hökumət şəraitində yaşamağa alışdığı faktını nəzərə alaraq hakimiyyət rahatlıqla 2023-cü ilə qədər qala bilər. Daha sonra isə artıq hər şey digər siyasi qüvvələrin özlərini necə göstərəcəyindən asılı olacaq.
Hakimiyyətin saxlanmasında xarici təsirlər mühüm rol oynayır.
Gördüyümüz kimi son aylar ərzində xarici oyunçular digər siyasi liderlərə ümid bəsləmir. Onların, o cümlədən də Moskvanın yanaşması qpraqmatikdir. Görünür, onlar anlayırlar ki, ölkə rəhbəri kimi istənilən alternativ eyhamı bu insana ciddi bonusların təqdim olunmasını nəzərdə tutacaq.
Hazırkı hakimiyyətlə isə heç nə vəd etməyə, xüsusi olaraq nəsə kömək göstərməyə ehtiyac yoxdur, çünki onsuz da bundan sonra da Rusiyanın marağında hərəkət edəcək.
Məsələn, eks-prezident Robert Koçaryanın təzyiq yolu ilə növbədənkənar seçkilərə nail olması üçün ona kənardan ciddi dəstək lazımdır.
Ondan və digər müxalifət nümayəndələrindən Rusiya tərəfinə siqnallar var, amma bu siqnallar hələlik Moskvadan əks-səda almır və müvafiq olaraq erməni vəmiyyətində Koçaryanın gözlədiyi reaksiyaya səbəb olmur.
Bizim müxalifət, o cümlədən də Robert Koçaryan çətin ki, vətəndaşların dəstəyinə ümid edə bilər. Amma vətəndaşların sosial-iqtisadi problemlərin həlli ilə bağlı, ümumilikdə hökumətin siyasətindən vətəndaşların narazılığından yararlana bilər.
2018-ci il inqilabı zamanı Nikol Paşinyanın istifadə etdiyi fəndlərdən isə müxalifət yararlana bilməz. Paşinyan və onun komandasını həm dövlət xadimləri, həm də siyasətçi kimi cəmiyyət tanımırdı, xəyal qırıqlığı yox idi, əvəzində ümidlər vəvədlər vardı.
Bu mənada Paşinyanın hazırkı opponentləri ona çox uduzur, çünki onlara münasibətdə artıq bir, hətta bir neçə dəfə xəyal qırıqlığı yaşanıb, müvafiq olaraq heç kim onlarla xüsusi perspektivlər bağlamır”.
Hakop Badalyan, Lragir.am informasiya-analitik nəşrinin siyasi şərhçisi
“Növbədənkənar seçkilərin keçirilməsi bütün əsas qüvvələrin bu ideya ətrafında birləşməsi və bütün proseslərin küçələrdən seçki müstəvisinə daşınması haqda razılığa gələcəyi, seçkilərin nəticələri hamı tərəfindən tanınacağı, status-kvo əldə ediləcəyi və ölkədə siyasi fəaliyyət davam edəcəyi təqdirdə məna kəsb edə bilər.
Amma müxalifət fevralın 20-də küçə etirazlarının bərpası haqda bildirərək göstərdi ki, güzəştə hazır deyil və sərt təzyiq yolu ilə davam edəcək. Və hakimiyyət şərtləri yüksəltmək qərarına gəldi: “Əgər siz küçə etirazlarından imtina etmirsizsə, biz seçki mexanizmindən imtina edirik”.
Bu vəziyyətdə nəzərə almaq lazımdır ki, xalq arasında sayına görə “17+” adı almış birləşmiş müxalifət partiyalarının vahid mövqeyi yoxdur. Məsələn, keçmiş prezidenti Robert Koçaryan istənilən şərtlər altında seçkilərdə iştirak edəcək, eks-prezident serj Sarqsyan isə Paşinyan istefaya getməyincə seçkilərdə iştirakdan qəti şəkildə imtina edib.
Hakimiyyət növbədənkənar seçkiləri gündəlikdən çıxararaq, müxalif qüvvələr arasındakı ziddiyyətlər üzərindən oynamağa çalışır.
Bizim daxili siyasi həyatımız Koçaryan – Sarqsyan – Paşinyan üçbucağı ətrafında fırlanır. Paşiyan da seçki keçirməkdən imtina etməklə Koçaryan – Sarqsyan ziddiyyətləri üzərindən oynamağa çalışır, onlardan biri iştirak etmək istəyir, digəri isə yox.
Bu şəraitdə müxalifətin lideri Robert Koçaryan olur. Amma elə həmin müxalifət daxilində onu hamı lider kimi qəbul etmir – müxtəlif səbəblər üzündən, iqtisadi maraqlardan tutumuş, bütün bu insanların eyni hakimiyyət sistemində olduğu köhnə zamanlardan qalma çox sayda ziddiyyətlərə qədər.
Biz artıq Robert Koçaryan və onun ətrafının, o cümlədən də öz media resursları vasitəsilə Serj Sarqsyan və onun tərəfdarları ilə necə danışdığını görmüşük. Bu, ittihamlar dolu ən sərt tənqid idi.
Bununla belə, hakimiyyətə nail olmaq üçün müxalifət birləşə bilər, amma onu bölüşdürmək çox çətin olacaq. Onların indidən sualları yaranır: “Əgər biz hakimiyyəti əldə etsək, hakimiyyətə gələndən sonra bir-birimizin öhdəsindən necə gələcəyik?”
Müxalifət – liderlə və ya lidersiz küçədə böyük dəstəyə sahib deyil, yeganə ümid Rusiyadır. Paşinyan bunu dərk edir və seçkilərdən imtina edərək, onları küçələrə itələyir, orada isə hazırkı müxalifət indiyə qədər uğurlu ola bilməyib. Küçə müxalifətin gücsüz, inqilabçı Paşinyanın isə güclü yeridir.
Son illərdə Rusiyanın regional geosiyasət nöqteyi-nəzərdən ciddi problemləri var, odur ki, Azərbaycan və Türkiyə ilə daha çox oynamağa məcbur qalır. Ruslar çox yaxşı başa düşürlər ki, Ermənistanda bu oyun hədsiz mənfi qarşılanacaq. Buna görə də Ermənistan hakimiyyətində, məsələn, Koçaryan kimi bilavasitə Rusiya ilə assosiasiya olunacaq bir insanın olması onlara sərf etmir.
Bu onun əl-qolunu bağlayar, çünki Rusiya onun Ermənistan-Rusiya münasibətlərini korladığını bəyan edərək, baş verənlərə görə bütün məsuliyyəti Ermənistan liderinin üzərinə qoya bilməyəcək. Bu nöqteyi-nəzərdən Paşinyan ruslara sərf edir.
Çox güman ki, iyuna qədər növbədənkənar seçkilər olmayacaq. Amma müxtəlif siyasi oyunçular ortaya çıxır, vəziyyət dəyişir, həm də təkcə Ermənistanda yox, ümumilikdə regionda. İstisna deyil ki, ilk imkandaca Paşinyan “budur, indi biz seçkilərə gedirik, çünki artıq cəmiyyətin tələbi var” desin.