Ermənistanda Rusiya bazası: müdafiə yoxsa təhlükə
Photolure
Ermənistanda getdikcə daha tez-tez ölkədə Rusiya bazasının olması və onun funksiya və öhdəliklərinin qeyri-müəyyənliyi ilə bağlı narahatlıq ifadə olunur. Buna bu yaxınlarda bazanın regionda Ermənistanın marağında olmadığı hərbi və anti-terror əməliyyatlarına cəlb edilməsi təhdidi də əlavə olundu.
102-ci Rusiya hərbi bazası Ermənistanın ən şimal şəhəri olan Gümridə, Türkiyə ilə sərhədin yaxınlığında yerləşir. Baza Rusiya SQ-nin Cənub Hərbi Dairəsinə daxildir, eyni zamanda da 2016-cı ildən dövlətlərarası müqaviləyə əsasən, Birləşmiş Ermənistan-Rusiya qoşunları qruplaşmasına daxildir.
Çətin ki, kimsə bu bazanın Ermənistanın maraqları baxımında hansı funksiyaları yerinə yetirməsi barədə konkret nəsə deyə bilsin. Bundan başqa, Rusiyanın siyasi rəhbərliyi Ermənistana Türkiyə tərəfindən hücum olunduğu halda bazadan istifadə etmək hazırlığını bildirmir.
Bundan əlavə, 2015-ci ilin noyabr ayında Türkiyə HHQ Suriya üzərində səmada təyyarəni vuranda və Moskva Ankara ilə hərbi-siyası əlaqələri kəsdiyini bəyan edəndə Türkiyə vertolyotları Ermənistan üzərində səmada nümayişkəranə-kəşşfiyyatçı uçuşlar yerinə yetirdilər.
Nə Ermənistanın hava hücumuna qarşı müdafiə sistemləri, nə Rusiya bazasının qüvvələri, nə də Ermənistanla Türkiyənin sərhədlərini qoruyan Rusiya sərhədçiləri türk vertolyotlarını ələ keçirmək üçün heç bir addım atmadılar. Bu da belə bir fikrin yaranmasına əsas verir ki, Rusiya bazası onun əsas potensial təhdidləri olan Azərbaycan və Türkiyə ilə mübarizəsində müttəfiqi deyil.
Ermənistanda bazanın fəaliyyəti nəticəsində isə onlarla dinc sakinin öldüyü davalar, atışmalar törədən sərxoş rusiyalı əsgərlərin çox sayda insidentləriylə bağlıdır. Ən dəhşətli hadisə də 12 yanvar 2015-ci il tarixində baş verib, bu zaman rusiyalı əsgər Valeri Permyakov Avetisyan ailəsinin 7 üzvünü onların elə öz evindəcə güllələyib. Rusiya tərəfi Ermənistanı məhkəmə iclaslarını 102-ci bazanın ərazisində keçirməyə məcbur edib və Permyakovu Ermənistan məhkəməsinə təhvil verməkdən qəti şəkildə imtina edib.
Gümri 2015-ci ilin yanvar ayında qaynayırdı – Ermənistanın hüquq-mühafizə işçiləri bura yığışanların bazaya daxil olaraq, cinayətkarın cəzasını vermək cəhdinin qarşısını güclə aldı. Məhz onda da Ermənistanda dinc əhali üçün sözün əls mənasında fəlakətə çevrilən bazanı ölkədən çıxarmaqla bağlı açıq çağırışlar səsləndirilməyə başladı.
Rusiya hərbçiləri tərəfindən Ermənistanda törədilən digər cinayətlər haqqında burada oxumaq olar.
O vaxt aranı sakitləşdirmək mümkün oldu, Ermənistan hökuməti hətta baza üçün yeni tikililər və meydanlar ayırdı, bazanın bütün kommunal və hətta nəqliyyat xərclərini ödəməkdə davam etdi. Maraqlıdır ki, Rusiya Ermənistana bazanın dislokasiyasına görə pul ödəmir. Amma onun nə üçün lazım olduğunu da izah etmək əvəzinə heç bir məna verməyən “balansın qorunması üçün” ifadəsini işlədir.
2 aprel 2016-cı il tarixində Azərbaycan Qarabağa qarşı təcavüz cəhdini etdi, 4 gün sonra Rusiyanın vasitəçiliyi ilə atəşkəs haqqında müqavilə imzalansa da Ermənistanda yeni anti-Rusiya meylləri dalğası baş qaldırdı, səbəb Moskvanın bunu gizlətmədən Azərbaycana göstərdiyi dəstək idi. Yenidən təcavüzə heç bir reaksiya verməyən bazanı çıxarmaqla bağlı çağırışlar səsləndirilməyə başladı. Təhlükə yaranan zaman bizim yanımızda olmayan bazaya görə niyə pul ödəməliyik ki – bu sual həmin günlərdə tez-tez verilirdi.
Təxminən bir il sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrovun verdiyi bəyanatı Ermənistanda növbəti təhlükəsizlik təhdidi kimi qəbul etdilər.
“KTMT-nin kollektiv operativ reaksiya qüvvələri və Ermənistanda, Tacikistanda və Qırğızıstanda yerləşən Rusiya hərbi bazaları “İslam Dövləti” ekstremist qruplaşmasının terrorçularına istənilən an cavab verməyə hazırdır”, – Sergey Lavrov “Mir” telekanalına müsahibəsində deyib.
Bəyanat Ermənistanda birmənalı qarşılanmadı. Politoloq Qaqik Ambaryan bəyanatdan dərin narahatlığını bildirib: “Birincisi, Lavrov bazanın “İslam Dövləti”nə qarşı istifadə edildiyi halda Ermənistana 100 faizlik təhlükəsizlik zəmanətləri verməlidir. Bu zəmanətləri isə Lavrov verə bilməz. Bundan başqa, “İslam Dövləti” ilə müharibə aparmaq istəyirsiz, buyurun, amma Ermənistanda yox, çünki Ermənistan regionda “İslam Dövləti” ilə heç bir əlaqəsi olmayan yeganə ölkədir.
Bundan başqa, ölkə ərazisi terror təşkilatının əməliyyatları zonasına daxil deyil və Ermənistan vətəndaşları “İslam Dövləti”ndə iştirak etmir. Qonşu Gürcüstan və Azərbaycanın belə problemi var, necə ki, Rusiyanın, bu üç dövlətin vətəndaşları terror təşkilatının tərəfində döyüşürlər. Ermənistan isə bütün bunlardan uzaq olmağa çalışmalıdır”.
Ermənistan Milli və Strateji Araşdırmalar Mərkəzinin direktoru Manvel Sarkisyan hesab edir ki, Lavrovun bəyanatında əsas təhdid ondan ibarətdir ki, Ermənistan könülsüz olaraq başqalarının planlarının bir hissəsinə çevrilir: “Bəziləri deyir ki, guya ruslar gedən kimi, türklər Ermənistana soxulacaq. Təəssüf ki, Ermənistanda heç kim müzakirə etmək istəmir ki, ümumiyyətlə nə cür təhlükəsizlik sistemi qurulur, biz suveren qərarlar qəbul edə bilərikmi, yoxsa bizi istənilən an başqalarının planlarına cəlb edə bilərlər. Əslində Rusiya “İslam Dövləti” ilə mübarizəyə bazanı deyil, Ermənistanı cəlb edir. Ermənistan Rusiya üçün yalnız Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması üçün bir alətdir”.
Amma başqa fikirlər də var. Rusiya ilə daha sıx əlaqələrə köklənən politoloqlar bunu təhdid kimi nəzərdən keçirməməyə çağırır.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv operativ reaksiya qüvvələrinin funksiyalarına beynəlxalq terrorizmlə mübarizə elementi də daxildir ki, bu da onu nəzərdə tutur ki, bölmələr bu istiqamətdə istifadə oluna bilər, MDB Dövlətləri İnstitutunun Ermənistan Filialının direktoru Aleksandr Markarov bildirib. “İŞİD-lə Ermənistan arasında hansı əlaqə var? Xatırladım ki, Suriya o qədər də uzaqda deyil, terrorizm isə sərhədləri tanımır… Nəzəri cəhətdən qeyd olunan funksiyalar müqavilələrlə təsbit olunub və lazım olduğu halda bütün ehtiyatlardan istifadə oluna bilər”.
Tert.am saytına müsahibəsində Qafqaz İnstitutunun direktoru Sergey Minasyan bildirib ki, bəyanat daha çox formal xarakter daşıyır. Bununla belə, o hesab edir ki, problemlər yaranarsa, cənub hissəsində dislokasiya olunan Rusiya hərbi bazaları mütləq bu əməliyyatlarda iştirak etməlidir: “İslam Dövləti” bu əraziyə qədər gəlib çıxsa, onda nəinki Rusiya hərbi bazası, Ermənistan silahlı qüvvələri də mübarizədə iştirak etməli olacaq”.
Bəs Rusiya bazası Ermənistanda hansı məsələləri həll edir və onun Birləşmiş Ermənistan-Azərbaycan qoşunlar qrupuna daxil olmasından sonra nə dəyişib?
Birləşmiş Qruplaşmanın komandanı, general-mayor Andranik Makaryanın sözlərinə görə, qruplaşma Türkiyə tərəfindən potensial təhdidi neytrallaşdırmağa hazırdır: “Türkiyə tərəfindən təhdid olarsa, düşmənin qarşısına çıxacağıq. Bütün bunlar sənədlərdə təsbit olunub”.
Qruplaşmanın imkanları Azərbaycan tərəfindən təhlükəsizliyə təhdidə də aid edilirmi – sualına cavab verərkən Andranik Makaryan qeyd edib ki, bu, siyasi məsələdir. Putin bizə hücuma keçməyi qadağan edə bilərmi – sualına general “yox” deyə cavab verib. Rusiya bazasının əmrə tabe olması ilə bağlı əminliyin olub-olmaması məsələsinə gəlincə, general qeyd edib ki, hamı sənədlərdə təsbit olunan vəzifələri yerinə yetirməlidir.
Nə hakimiyyət, nə Ermənistan XİN-i, nə də Müdafiə Nazirliyi Sergey Lavrovun bəyanatına reaksiya vermədi və əgər birdən Ermənistanda yerləşən Rusiya bazası Birləşmiş Qoşunlar və ya KTMT tərkibində hansısa regional və qlobal əməliyyatlara cəlb olunarsa Ermənistanı gözləyən mümkün təhdidləri şərh etmədi. Ermənistan və Rusiyanın düşmənləri fərqlidir və belə olan halda birləşmiş qüvvələrin istifadəsi problemə çevrilə bilər
Heç bir ölkə KTMT üçün düşmən deyil, Sergey Lavrov “Mir” telekanalına müsahibəsində belə deyib: “KTMT-nin inkişaf strategiyasında hər hansı ölkə, hər hansı dövlət, hər hansı təşkilatın bizim düşmənimiz olması haqda heç bir söz yoxdur. NATO dövlətləri əksinə, Rusiyanı düşmən, təhdid ölkə kimi qəbul edir və hətta KTMT-nin statusunu və gördüyü işi alçaltmağa çalışırlar”.
Bu zaman Ermənistan NATO-nu düşmən hesab etmir, NATO isə Ermənistanı tərəfdaş adlandırır, onunla bir sıra layihələr və birgə təlimlər həyata keçirir.
Erməni politoloqları narahatdır ki, Rusiya hakimiyyətinin addımları və bəyanatları avtomatik olaraq Ermənistanı NATO-nun, Qərbin və ya rəsmi Yerevanın heç bir problemləri olmadığı başqa ölkə və təşkilatların düşməni kimi qələmə verir.