Ermənistanda pensiyaçılar kartla ödəniş etsələr, keşbek alacaqlar
Nağdsız əməliyyatlar üçün keşbek
Ermənistanda müavinət alan pensiyaçılar və sosial cəhətdən aztəminatlı ailələr nağdsız əməliyyatlar üçün, yəni alış və xidmətlər zamanı bank kartı ilə ödəniş etdikdə, aylıq 10% cashback alacaqlar. Hökumət artıq bu qərarı təsdiqləyib, qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək. Proqram özəl banklarla əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Layihə pilot xarakter daşıyır və ilin sonuna qədər altı ay davam edəcək. Uzadılması ilə bağlı qərar effektivliyinin təhlilindən sonra veriləcək.
Təfərrüatlar – pensiyaçılar real olaraq hansı məbləğı ümid edə bilər, hökumət bu addımı hansı məqsədlə atır.
- “Mən gərək öləydim?” – azərbaycanlı veteranlar problemlərilə baş-başa
- Azərbaycanda pensiyaçılara pul paylanacaq
- “Qalibsiz oyunlar”: Ermənistanda qumar və oyun “qurbanları”
Bütün alışlar və kommunal ödənişlər üçün keşbek
Bu təşəbbüsü ötən həftə Ermənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlayıb. Ancaq o zaman söhbət yalnız ərzaq və dərman alarkən keşbek təmin etməkdən gedirdi. Hökumətin mayın 19-da qəbul etdiyi yekun variantda isə belə bir məhdudiyyət yoxdur. Layihənin benefisiarları nağdsız alış-veriş zamanı keşbek ala biləcəklər.
Əmək və sosial məsələlər naziri Narek Mkrtçyan əlavə edib ki, qərar bu pensiya kartını verən bankın bankomatları vasitəsilə həyata keçirilən kommunal ödənişlərə də şamil ediləcək.
Benefisiarların siyahısı da genişlənib. Təqaüdçülərdən başqa, qərarın yekun variantına əsasən, müavinəti nağd deyil, bank kartı ilə alanlara da şamil olunacaq.
Əmək və sosial məsələlər naziri Narek Mkrtçyan bildirib ki, hazırda ölkədə cəmi 1000 belə insan var. Hökumət isə post-ödənişlərin verilməsi qərarının qalanların nağdsız ödənişlərə keçməsi üçün stimul olacağını gözləyir.
Həm pensiyaçılar, həm də banklar üçün sərfəlidir
Layihənin əsaslandırmasında deyilir ki,
- inflyasiyanın mənfi təsirlərini yumşaltmaq üçün bir vasitə kimi xidmət edir,
- müsbət iqtisadi effekt verəcək nağdsız əməliyyatların həcmini artıracaq,
- müasir maliyyə alətləri və texnologiyaları haqqında istehlakçıların biliklərini artıracaq və onların tətbiq dairəsini genişləndirəcək.
Ermənistanda pensiyanın 50 000 dramdan (90 dollar) bir qədər az olduğunu nəzərə alsaq, pensiyaçılar və müavinət alanlar orta nağdsız ödənişlərin məbləğinin 10%-i həcmində, lakin ayda 5 min dramdan (11 ABŞ dolları) çox olmayan keşbek alacaqlar.
Ermənistanın baş nazirinin sözlərinə görə, limit ölkədə 200 min dram (440 dollar) və daha çox pensiya alan pensiyaçıların olması səbəbindən müəyyən edilib.
Dövlət özəl banklarla layihənin həyata keçirilməsinə razılıq verib. Tərəfdaşlar orada bərabər şəkildə, yəni 5% nisbətində iştirak edəcəklər. İyunun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında bu proqramda dövlət tərəfdaşı olmağa razılıq vermiş bankların siyahısı dərc olunacaq.
Baş nazir Nikol Paşinyan layihənin müəlliflərinə sual verib: “Əgər təqaüdçü ona xidmət edən bankın bu layihə üzrə dövlət tərəfdaşları siyahısında olmadığını bilsə, başqa banka müraciət edə bilərmi?” Əmək və əhalinin sosial müdafiəsi naziri cavab verib ki, bankların siyahısı açıqlanandan və iyun ayında qərar qüvvəyə minəndən sonra iyul ayına qədər benefisiarların başqa bankdan kart almaq üçün bir ay vaxtı olacaq.
Bu kartların özəlliyi ondan ibarətdir ki, onlar üzrə hər hansı məbləği köçürmək mümkün olmayacaq, ona görə də bütün benefisiarlar diqqətli olmalıdırlar: onlar bütün məbləği bir anda götürməməlidirlər, əks halda bu ay ərzində proqramdan istifadə edə bilməyəcəklər.
Layihənin effektivliyindən danışan baş nazir Paşinyan bunun pensiyaçılar, banklar və ümumilikdə biznes üçün faydalı olacağını bildirib. Onun sözlərinə görə, ayın əvvəlində pensiyaçılar kartlarının bütün məbləğini dərhal nağdlaşdırırlar, indi isə hesablarında qalacaq ki, bu da banklar üçün qısamüddətli pul ehtiyatı yaradacaq – bir neçə gündən 3-4 həftəyə kimi. Bu, banklar üçün faydalı olacaq, çünki müavinətləri nəzərə almasaq, Ermənistanda ildə ödənilən pensiyaların ümumi məbləği təxminən 500 milyard dram (1 milyard dollardan çox) təşkil edir.
Layihənin benefisiarlarına gəlincə, hökumət onların ən çox hansı məhsulları aldıqlarını təhlil etməyə hazırlaşır ki, inflyasiya ilə hədəf prinsipi ilə mübarizə aparsın və məhz bu malların bahalaşmasına imkan verməsin.
Hökumətin “uzaqgedən planları” var
Layihənin həyata keçirilməsi 2022-ci il dövlət büdcəsinin xərclərini 5,66 milyard dram (12 milyon dollar) artıracaq. Baş nazirin müavini Mher Qriqoryan vurğulayıb ki, proqram özəl bankların xərclərini də artıracaq, lakin bu, hər iki struktur üçün özünü doğruldur. Qriqoryanın sözlərinə görə, bu təşəbbüs strateji əhəmiyyət kəsb edir və ona inkişaf etməkdə olan infrastruktur kimi yanaşmaq lazımdır:
“Əgər biz on milyardlarla dollar dəyərində nağdsız zəncir yaratsaq, bir müddət sonra bu, həqiqətən də kommersiya məntiqi məsələsinə çevriləcək və bundan sonra hökumət, təbii ki, nə vaxtsa proqramdan çıxacaq. Amma əminəm ki, layihə davam edəcək”.
Baş nazir Paşinyanın sözlərinə görə, proqramın pilot mərhələsi benefisiarlar haqqında məlumat toplamaq, onları təhlil etmək və müvafiq olaraq dövlət siyasətinə yenidən baxmaq imkanı verəcək:
“Bütün əvvəlki hökumətlərimizin proqramlarında yazılıb ki, sosial yardım mümkün qədər ünvanlı olmalıdır. Amma lazımi səviyyədə tədqiqatımız olmadığından buna nail ola bilmirik. Bizdə həmin şəxsin ünvanı var, amma ehtiyacının “ünvanı” yoxdur”.
Əmək və sosial məsələlər naziri də hesab edir ki, layihənin həyata keçirilməsi məqsədyönlü proqramların “inersia məntiqi”ni aradan qaldırmağa kömək edəcək. Narek Mkrtçyan bildirib ki, nazirlik müdafiəsizliyin qiymətləndirilməsi üzrə yeni sistem hazırlayır, bu sistem yardımın göstərilməsini deyil, insanların ehtiyaclarına əsaslanan xidmətlərin göstərilməsini nəzərdə tutur. Proqram 2023-cü ildə istifadəyə veriləcək.
Nağdsız əməliyyatlar üçün keşbek