Ermənistanda korrupsiya qalmaqalı: Gümrünün meri saxlanılıb
Ermənistanda Gümrünün meri saxlanılıb
Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bildirib ki, Gümrü meri Vardan Qukasyan və daha yeddi nəfər hədə-qorxu və rüşvət ittihamı ilə saxlanılıb. İstintaqın məlumatına görə, Ermənistanın ikinci ən böyük şəhərinin meri və şəhərin baş memarı qanunsuz tikilinin leqallaşdırılması üçün 4 milyon dram (10 500 dollar) məbləğində rüşvət müqabilində sövdələşməyə gediblər.
Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları səhər tezdən Gümrü Şəhər İcra Hakimiyyətinə gəliblər. Merin müşaviri Lilit Aqekyanın sözlərinə görə, Qukasyan bir neçə saat ofisində qalıb, bu müddətdə müstəntiqlər binada axtarış aparıb, sənədləri və kompüterləri müsadirə ediblər.
“Mer hazırda öz kabinetində təcrid olunub, axtarışlar davam edir,” – Aqekyan jurnalistlərə bildirib.
“Bizim gizlədəcəyimiz heç nə yoxdur. Qanuna uyğun hərəkət edirik və hər şey yaxşı olacaq,” – Qukasyan nəhayət kabinetini tərk edərkən tərəfdarlarına deyib.
Səhər saatlarından şəhər meriyası polis kordonu ilə əhatələnib, merin tərəfdaşları da burada toplaşıb. Bir neçə dəfə gərginlik yaşanıb.
Sonradan yayılan məlumatlara görə, təhlükəsizlik əməkdaşları Qukasyanı binadan arxa çıxışdan aparıblar. Sosial şəbəkələrdə yayılan videolarda onun təhlükəsizlik əməkdaşları ilə birlikdə Yerevana, Korrupsiyaya Qarşı Mübarizə Komitəsində dindirilməyə aparılmaq üçün avtomobillərə tərəf qaçdığı görünür.
Onun vəkili Aramayis Hayrapetyanın sözlərinə görə, Qukasyana hələ rəsmi ittiham irəli sürülməyib. “Şübhələr var ki, onlar bu cinayəti merlə əlaqələndirməyə çalışırlar,” – deyə vəkil bildirib.
Saxlanılmasından əvvəl Gümrü meri Vardan Qukasyan şəhər sakinlərinə videomüraciət yayımlayaraq hüquq-mühafizə orqanlarını onu hakimiyyətdən uzaqlaşdırmağa cəhd göstərməkdə ittiham edib.
Onun son səs-küylü bəyanatı mer seçkilərində qələbə qazandıqdan qısa müddət sonra səslənmişdi. Qukasyan Ermənistanın Rusiya və Belarusun İttifaq Dövlətinə qoşulmasına çağırış etmişdi.
Bundan bir neçə həftə sonra baş nazir Nikol Paşinyan cavab verərək bildirmişdi:
“Ermənistan Respublikasının suverenliyinə qarşı çıxan hər kəsi sadəcə siyasi və ictimai həyatdan uzaqlaşdırmalıyıq”.
Qukasyanın üzvü olduğu Kommunist Partiyası baş nazirin bu açıqlamasını “siyasi repressiyalara başlamaq üçün verilmiş açıq göstəriş” adlandırıb.
Paşinyanın tərəfdarları isə Qukasyanı və onun tərəfdarlarını hakimiyyəti ələ keçirməyə cəhd göstərməkdə ittiham ediblər. Onların sözlərinə görə, bu qrup “2026-cı il parlament seçkilərində, yazda bələdiyyə hakimiyyətini ələ keçirdikləri kimi, eyni planı təkrarlamaq” niyyətindədir. Hökumət nümayəndələri bunun qarşısını alacaqlarını bildiriblər.
Martın 30-da Gümrüdə növbədənkənar bələdiyyə seçkiləri keçirilib. Heç bir partiya səslərin 50 faizindən çoxunu qazana bilməyib. Hakim “Vətəndaş Müqaviləsi” Partiyası ən çox səs toplayıb. Müxalifət onunla koalisiya qurmaqdan imtina edib. Seçki baryerini keçən dörd müxalifət partiyasından üçü Ermənistan Kommunist Partiyasının namizədi Vardan Qukasyanı dəstəkləyib.
Məqalənin dərc edildiyi anda məlum olanlar bunlardır:
Keşişlə müsahibədən sonra: Ermənistanda din xadimləri saxlanılıb
Ermənistanda müxalifətçi qətlə yetirilib. Qisas, yoxsa siyasi sifariş?
“Dövlət Gümrünün müstəqilliyini məhdudlaşdırmamalıdır,” – deyə mer bildirib
Həbsindən əvvəl Vardan Qukasyan Gümrünün “qürurlu və ədalətli insanlarına” müraciət edərək sakinləri şəhərin ləyaqətini və şərəfini qorumağa çağırıb.
“Meriyanın binasında məni vəzifədən uzaqlaşdırmaq üçün tədbirlər görülür. Amma bu məsələ tək bir şəxslə bağlı deyil. Bu, bütün şəhərin müstəqilliyinə aiddir. Dövlət Gümrünün müstəqilliyini məhdudlaşdırmamalıdır. Biz, gümrülülər merimizi seçmək və qorumaq hüququmuzu fəal şəkildə müdafiə etməliyik. Danışın, susmayın. Axı Gümrünün gücü onun insanlarındadır”.
Kommunist Partiyası “siyasi təqibi” pisləyir
Gümrü Şəhər Şurasının Kommunist Partiyasından olan üzvləri Ermənistandakı xarici səfirlərə müraciət ediblər. Onlar bildiriblər ki, “Gümrünün qanuni şəkildə seçilmiş müxalifət meri siyasi təqib, təzyiq və repressiya ilə üzləşir”. Kommunistlər bildiriblər ki, hakimiyyət bunun üçün həm siyasi, həm də güc metodlarından istifadə olunur:
“Baş nazir Nikol Paşinyan Gümrü merinə qarşı siyasi repressiyalar aparmaq barədə açıq şəkildə göstəriş verdikdən sonra siyasi təqib daha da güclənib. O, bu göstərişi parlament tribunasında səsləndirib”.
Partiya məktubunda həmçinin yüksək rütbəli din xadimlərinin son həbslərinə də toxunaraq qeyd edib ki, Ermənistan hakimiyyəti “demokratiya pərdəsi altında söz və fikir azadlığına qarşı sistemli siyasət həyata keçirir”.
İstintaq Komitəsi korrupsiya sxeminin təfərrüatlarını açıqlayıb
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bildirib ki, istintaq nəticəsində Gümrü merinin və şəhərin baş memarının hədə-qorxu və rüşvət faktlarında iştirakına dair sübutlar əldə edilib.
“Məlum olub ki, Gümrü icmasının təhbəri və baş memar bir vətəndaşın Qaregin Njde küçəsi 1/9 ünvanında 1500 kvadratmetr sahədə qanunsuz tikili inşa etdiyini öyrənib. Tikilinin sökülməsi planlaşdırılıb. Bundan sonra onlar obyekt sahibi ilə “korrupsiya xarakterli” razılaşma əldə ediblər.”
10 500 dollar məbləğində rüşvət müqabilində sahibkara aşağıdakılar vəd olunub:
- qanunsuz tikilinin sökülməsi ilə bağlı heç bir tədbir görülməyəcək,
- guya bina sökülüb yenidən tikilibmiş kimi saxta rəsmi sənədlər hazırlanacaq,
- tikili leqallaşdırılacaq.
Baş memar əmlak sahibiylə leqallaşdırma prosesini müzakirə edib. Onlar rüşvətin “əməl–pul–əməl–pul” sxeminə uyğun mərhələli şəkildə ötürülməsini planlaşdırıblar.
Cinayət işi çərçivəsində mer və baş memar da daxil olmaqla səkkiz nəfər saxlanılıb.
Bundan başqa, istintaq sübutlar əldə edib ki, “cinayətkar qrupun üzvləri öz korrupsion əməllərinin gizliliyini və fasiləsizliyini təmin etmək məqsədi ilə bələdiyyədə onlara xoş olmayan üzvlərə məqsədyönlü şəkildə təsir ediblər”. Şantaj məqsədilə onlar barəsində kompromat toplayaraq, öz iradələrinə tabe etməyə çalışıblar.
Hüquq-mühafizə orqanları korrupsiya şəbəkəsi və onunla əlaqəsi olan bütün şəxslərlə bağlı istintaqın davam etdiyini bildiriblər.
Şərhlər
Hakim partiyanın deputatı, parlamentin sədr müavini Ruben Rubinyan sosial şəbəkələrdə yazıb:
“6 ay və 1 gün. Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, məhz bu qədər vaxt ona [Qukasyana] sevimli işi olan korrupsiyaya qayıtmaq və ifşa olunmaq üçün kifayət edib.
Bunun siyasi məsuliyyəti onu “mer təyin edənlərin” üzərindədir: [keçmiş prezidentlər] Koçaryan, Sarkisyan, ARF “Daşnaksütyun” [partiyaları] və digərləri. Onu xeyir-dua ilə dəstəkləyən Ktriç Nersisyan [bütün ermənilərin katolikosunun dünyəvi adı] və hakimiyyətə can atan arxiyepiskoplar da məsuliyyət daşıyırlar.
Onlar 2026-cı ildə eyni şeyi bütün ölkə miqyasında təkrarlamaq, qayıdıb talanlarını davam etdirmək istəyirlər. Amma biz buna imkan verməyəcəyik”.
“Vətəndaş Müqaviləsi” parlament fraksiyasının rəhbəri Hayk Koncoryan qeyd edib:
“Korrupsiyaya batmış Gümrü meri Vardanik Koçaryan–Sarkisyan quldur rejiminin eybəcər simasıdır. O, müxalifətin siyasi səmasında parlayan ulduz, onların kollektiv “qələbəsinin” məhsuludur. Vardanikə baxın və yadda saxlayın: Koçaryan, Serj [Sarkisyan], müqəddəsliyə əl uzadan klerikal oliqarxiya və onların xırda siyasi dostları nəyə qadirdirlər.
Sizə qulağınızın dibini görəndə hakimiyyətə yaxınlaşarsınız. Vardanikin ətrafında birləşməyə davam edin və böyük bir dəstəyə çevrilin ki, xalq talanın və murdarlığın əsl benefisiarlarını daha aydın görsün”.
Müxalif “Hayastan” fraksiyasının üzvü, vəkil Aram Vardevanyan isə bildirib:
“Bir neçə həftə əvvəl parlament tribunasında qanuni seçkilərin nəticəsində seçilmiş Gümrü merinin məsuliyyətə cəlb olunacağı barədə siyasi vəd səsləndirildi. Əgər kimsə siyasi proseslərlə cinayət-hüquq resursunun bu cür birləşdiyi başqa bir Avropa ölkəsini tanıyırsa, zəhmət olmasa, mənə xəbər versin. Demokratiya böhranı məhz belə görünür”.
Həbsdə olan iş adamı Samvel Karapetyanın yaratdığı “Öz Yolumuzla” hərəkatı bəyanatla çıxış edib:
“‘Öz Yolumuzla’ xalq hərəkatı Gümrünün seçilmiş merinə qarşı aparılan açıq-aşkar qeyri-mütənasib və amansız təqibi qəti şəkildə pisləyir. Mövcud vəziyyətdə ölkəmizin hər bir sağlam düşüncəli vətəndaşı anlamalıdır ki, xalqın etimadını itirmiş hakimiyyətin açıq repressiyaları gec-tez hər kəsə toxunacaq. Əgər xalq bu gün etiraz səsini ucaltmasa və meydanlara çıxmasa, Ermənistan çox yaxın zamanda tam diktaturaya çevriləcək”.
Ermənistanda Gümrünün meri saxlanılıb