Ermənistanda koronavirusla bağlı ölüm hallarının statistikasını başqa cür təqdim etməyə başlayıblar. Əgər əvvəl Səhiyyə Nazirliyi koronavirusdan ölənlərin ümumi sayını təqdim edirdisə, indi xəstələrin koronavirusa yoluxduğu, amma başqa xəstəlikdən öldüyü ayrıca dəqiqləşdirilir.
Mayın 12-ə qədər Ermənistanda artıq 19 belə ölüm halı qeyd edilib.
Son sutka ərzində Ermənistanda 146 yeni koronavirusa yoluxma halı qeyd edilib. Ümumilikdə ölkədə 3 538 nəfər yoluxub. Daha bir xəstə vəfat edib. Ümumilikdə ölənlərin sayı 47 nəfərə çatıb. Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, koronaviruslu xəstələrdən daha ikisi başqa səbəbdən həyatını itirib, onların ümumi sayı 19 nəfər olub.
Səhiyyə Nazirliyinin mətbuat katibi ölüm hallarının sayılması ilə bağlı dəyişikliyi izah edib.
“İndiyə qədər təsdiqlənmiş hallarda ölüm əlbəttə ki, koronavirus nəticəsində baş verib. Bizdə artıq belə problem yarananda – ölüm başqa səbəblərdən baş verdiyində, biz bu halları ümumi statistikadan ayırmaq qərarına gəldik”, – Alina Nikoqosyan bildirib.
Səhiyyə naziri Arsen Torosyan isə həyəcanlı proqnozla çıxış edib:
“Hazırda biz 15 gün ərzində koronavirus hallarının iki qat artdığı mərhələdəyik. Bu o deməkdir ki, əgər tendensiya belə qalsa, o zaman Ermənistanda mayın 24-də 6350 yoluxma halı olacaq, iyunun 8-də isə onların sayı 12 700-ə çatacaq”.
Onun sözlərinə görə, koronavirusdan minlərlə insan sağalacaq, amma təəssüf ki, onlarla insan öləcək.
Fövqəladə vəziyyət rejimi yenidən uzadılacaqmı?
Ölkədə fövqəladə vəziyyət rejimi ikinci dəfə uzadılacaqmı? Bu sual bütün ölkədə fəal müzakirə olunur.
Ən azı fövqəladə hal komendantlığı hadisələrin bu cür inkişafını istisna etmir.
Ermənistanda fövqəladə vəziyyət rejimi martın 16-da tətbiq edilib və aprelin 14-ə qədər davam etməli idi. Amma müddət bir ay, mayın 14-ə qədər uzadıldı.
Bununla yanaşı mayın 4-də məhdudiyyətlərin böyük hissəsi ləğv edildi: ölkə sakinlərinə daha azad hərəkət etmək imkanı verilib, müəssisələrin böyük hissəsi işə düşüb.
Bununla yanaşı yoluxma hallarının sayı kəskin şəkildə artıb. Bütün bu müddət ərzində Ermənistanda gün ərzində yoluxanların sayı yüzə qədər, hətta daha çox artır. Ancaq mayın 11-də yeni yoluxanların sayı az olub – 79 nəfər.
Komendantlığın mətbuat katibi Vahan Unanyanın sözlərinə görə, bununla əlaqədar olaraq, fövqəladə vəziyyət rejiminin uzadılması məsələsinə baxılır:
“Qəti qərar qəbul ediləndən sonra, əlbəttə ki, bu haqda elan olunacaq. Uzadılması ehtimalı var, çünki fövqəladə vəziyyətin elan olunmasına gətirib çıxaran şərait hələ də qalır…
Vəziyyətdən, hadisələrin inkişafından asılı olaraq, biz məhdudiyyətlərin yenidən sərtləşdirilməsinə də gedə bilərik, bu haqda komendant da dəfələrlə bəyan edib. Buna görə də fövqəladə vəziyyətin bu mənada saxlanılması da vacibdir”.
Əgər bu qərar qəbul edilsə, o zaman böyük ehtimalla fövqəladə vəziyyət rejimi daha bir ay uzadılacaq.