Ermənistanda komendantlığın tətbiq etdiyi qaydaları pozduqları üçün mindən çox şirkətin işi dayandırılıb
Ermənistanda mayın 29-a olan məlumata əsasən, komendantlığın fövqəladə vəziyyət dövründə tətbiq etdiyi normalları pozduğu üçün 1156 şirkətin fəaliyyəti dayandırılıb.
Fövqəladə vəziyyət rejimi iyunun 13-ə qədər uzadılıb, ölkədə koronavirusa yoluxanların sayı kəskin artır. Mayın 29-da 460 yeni yoluxma halı qeydə alınıb, ümumilikdə ölkədə yoluxanların sayı 8676 nəfər təşkil edir. Son sutka ərzində daha 10 nəfər ölüb və ölənlərin sayı ümumilikdə 120 nəfərə çatıb.
Hökumət karantin rejiminə qayıtmamağı öz vəzifəsi elan edirb, baxmayaraq ki, belə bir ehtimalı istisna etmir.
Baş nazir bildirib ki, hər şey intensiv müalicəyə ehtiyacı olan insanların sayından asılı olacaq. Tibb klinikalarında kritik vəziyyətdə olan xəstələri intensiv terapiya altına almaq üçün yeni yerlər hazırlanır.
İndi virusla mübarizə komendantlığın bütün ölkə sakinləri və işləməyə başlayan biznes obyektləri üçün tətbiq etdiyi yeni davranış qaydalarına və iş normalarına əməl olunmasına nəzarəti gücləndirmək formasında aparılır.
İlk dəfə qaydaları pozan şirkətlərin fəaliyyəti 24 saat ərzində dayandırılır. Amma ikinci dəfədən etibarən onlar daha uzun müddətə işlərini dayandırmalı olacaqlar.
- Yaşlı insanlar təcrid rejiminə necə tab gətirir?
- Şərh: Yoluxanların sayının kəskin artması üzündən Ermənistanı bir həftə sonra fəlakət gözləyir
Hansı şirkətləri və nəyə görə bağlayıblar?
Bütün Ermənistanda 45 kafe və restoranı yeni iş qaydalarını pozduğu üçün bağlamaq lazım gəlib.
Bəzi qayda pozucuları sosial şəbəkələrdəki səhifələrində yaxın 24 saat ərzində işləməyəcəkləri haqda məlumat veriblər.
Səhiyə və Əmək Nazirliyinin inspeksiya orqanının qeydə aldığı əsas pozuntular şirkət işçilərinin maska taxmaması olub.
Bundan başqa, komendantlıq məkana gələnlərin temperaturunu ölçməyi, masalar arasında sosial məsafəni qorumağı, maska və əlcəklər üçün ayrıca qapalı zibil qutuları qoyulmasını tələb edir.
“Komendantın tələblərini yerinə yetirmək məcburidir. Qayda pozan şirkətlərə münasibətdə ciddi məsuliyyət tədbirləri və cərimələr tətbiq olunacaq. Pozuntular təkrarlandığı təqdirdə ictimai iaşə obyektinin fəaliyyətinə qoyulan məhdudiyyətin müddəti uzadılacaq”, – hökumətin məlumatında deyilir.
Mayın 29-a qədər ümumilikdə 17 mindən çox yoxlama aparılıb.
Polis reydləri
Yerevan küçələrində də gözlənilməz yoxlamalar aparılır – polis müdafiə maskası olmayan insanları aşkarlayır.
Yalnız mayın 28-də bir gün ərzində pozuntular haqda 863 akt tərtib olunub – polis rəisi Arman Sarkisyan bildirib.
Yollarda xüsusi nəzarət məntəqələri yaradılıb və onlar maşınları yoxlayırlar.
Hazırda Ermənistanda sərnişinlər yalnız ictimai nəqliyyatda yox, əgər içəridə sürücüdən başqa ən azı bir nəfər varsa, şəxsi avtomobillərdə də maska taxmalıdır.
Bu tələb çoxlarını qəzəbləndirib. Sosial şəbəkələrdə ən çox müzakirə olunan məqam maşındakı ikinci sərnişin ailə üzvü olduğu təqdirdə belə maska taxmağın məcburi olması ilə bağlı olub.
Bu qaydanın vacibliyi polisin maşını saxladığı zaman içəridəki insanların qohumluq dərəcəsini müəyyən etməsinin çətin olacağı ilə izah olunur. Buna görə də avtomobilin içində maska taxmaq məcburiyyəti ailə üzvlərinə də aid edilir.
Polis rəisi xatırladıb ki, dayanacaqlarda da mütləq maska taxmaq lazımdır. Nəqliyyat vasitəsinə mindikdə isə əlləri dezinfeksiya etmək vacibdir.
Taksilərdə də maska taxmaq məcburi şərtdir. Sürücünün yanında oturmaq qadağandır – yalnız arxa oturacaqda əyləşmək olar.
Polis rəisi elan edib ki, nəzarət davam etdirilir:
“Biz yoxlamaları ona görə aparmırıq ki, insanları cərimələyək, ümumi təhlükəsizlik qaydalarına əməl olunmasını istəyirik”.
Maska taxmamağa görə 10 min dram [20 dollara yaxın] cərimə düşür.
“Hər gün onlarla ölüm normal deyil”
Koronavirusa gündəlik yoluxma sayının rekord həddində artmasını Ermənistan prezidenti Armen Sarqsyan şərh edib:
“Mən özümü həmvətənlərimə bir daha müraciət edərək, onları sosial məsafə qaydasına əməl etməyə çağırmağı özümə borc hesab edirəm. İstəmirəm ki, bizim vətəndaşlardan kimsə düşünsün ki, hər gün 10 və daha az adamın ölməsi normaldır. Bu, böyük bədbəxtlikdir”.