Ermənistanda keçmiş “supernazirin” ailəsi ətrafında detektiv
“Ucom” telekommunikasiya şirkətinin direktorlar şurasının sədri, həmçinin “Galaxy” şirkətlər qrupunun həmtəsisçisi, biznesmen Qurgen Xaçatryan cinayət araşdırmasının mərkəzi fiquru olandan sonra qaçıb gizlənib.
Haimiyyətin versiyası: vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusi böyük həcmdə talan.
Onun məhz hansı maddə ilə ittiham edildiyi hələlik məlum deyil. Amma artıq aydındır ki, Qurgen Xaçatryana qarşı ittihamlar onun atasının – keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sədri Qaqik Xaçatryanın fəaliyyəti ilə əlaqədardır.
İstintaq məlumatına əsasən, Qaqik Xaçatryanın oğlanlarının yaratdığı şirkət informasiya texnologiyalar xidməti üzrə bütün dövlət tenderlərində heç bir maneəsiz qalib gəlib, çünki atalarının rəhbərlik etdiyi strukturlar onlara bu işdə dəstək olub.
Qaqik Xaçatryanın özü vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusi iri həcmdə talan ittihamı ilə həbs edilib.
İndi ata və oğul 3 milyon dollar həcmində büdcə vəsaitini talamaqda və 22 milyon dollar həcmində rüşvət almaqda ittiham olunurlar.
Qurgen Xaçatryanın versiyası: hakimiyyət “Ucom” şirkətinin aksiyalarını onun əlindən almaq istəyir
Qaçıb gizlənənə qədər Qurgen Xaçatryan ictimaiyyətə qanunsuz təqib olunduğu haqda açıqlama verib və bildirib ki, ona “dövlət səviyyəsində” təzyiq göstərilir.
Mayın 3-də məhkəmə Xaçatryanın həbsi ilə bağlı qərar qəbul edib. Amma məhkəmənin qərarını hələlik həyata keçirmək mümkün olmayıb – istintaq altında olan şəxs yoxa çıxıb. Ermənistanın Milli Təhlükəsizlik Xidməti onu əldən buraxıb.
İttihamların təfərrüatları
Mayın 4-də Milli Təhlükəsizlik Xidməti Qurgen Xaçatıryan haqqında axtarış elan edib.
Bu barədə məlumatda Xaçatryan ailəsinin dövlətə vurduğu ziyanın həcmi konkret rəqəmlərlə ifadə olunub.
2008-ci ildən 2020-ci ilə qədər 12 il müddətində şirkət çox sayda özlərinə sərfəli müqavilələr bağlayıb.
Məsələn, MTX-nın məlumatında deyilir ki, şirkət 19 ədəd “yüksək qiymətə proqram modulu” alıb.
Bu modullar dövlətə 4.283.580.000 drama (8 milyon dollara yaxın) başa gəlib. İstintaqın dəyərləndirməsinə görə, onların real dəyəri 2.777.410.417 dram (4,5 milyon dollar) təşkil edib.
İstintaqın rəyincə, 1.506.169.583 dramlıq (3 milyon dollar) fərq məmurun oğlanlarının cibinə gedib.
Mənbəni və pul yuyulması faktının özünü gizlətmək üçün bütün məbləğ nağdlaşdırılıb və üçüncü şəxs tərəfindən “Ucom” şirkətinin hesabına köçürülüb.
Həmçinin 2011-ci il ərzində Xaçatryanların göstərdiyi hesaba 22,4 milyon dollar köçürülüb, sövdələşmənin gizlədilməsi üçün isə məbləğ borc haqda iki müqavilə kimi tərtib edilib.
Xaçatryanın vəkilləri bunların həqiqətən borc olduğunda israr edirlər, onların sözlərinə görə, müddət hələ bitməyib və məbləğ geri qaytarılacaq.
“Ucom” şirkətinin rolu
Qurgen Xaçatryan və onun qohumları birlikdə telekommunikasiya şirkətinin aksiyalarının böyük hissəsinə sahibdirlər.
Aprelin 10-da “Ucom” təsisçiləri – Hayk və Aleksandr Yesayan qardaşları digər aksionerlərin yürütdüyü inkişaf strategiyası ilə razı olmadıqlarını bildiriblər. Söhbət əsasən Xaçatryan ailəsindən gedir, baxmayaraq ki, şirkətdə kiçik pay sahibi olan başqa aksionerlər də var.
Yeseyan qardaşlarına isə aksiyaların yalnız altı faizi aiddir. Onlar aksiyaların 94 faizinin hamısını almağa çalışırlar ki, şirkətə nəzarəti ələ keçirsinlər. İstəkləri rədd edildikdən sonra hər ikisi şirkətdə tutduqları rəhbər vəzifədən imtina edib.
Müəyyən müddət keçəndən sonra Qurgen Xaçatryan bəyan edib ki, onu həbslə hədələyərək şirkəti əlindən almağa çalışırlar və beynəlxalq təşkilatların diqqətini tələb edib:
“Mənə aydın şəkildə bildirdilər ki, razılaşmasam, məni xüsusi ağır cinayətlər törətməkdə günahlandıracaqlar və həbs edəcəklər. Bunun ardınca qardaşıma, digər ailə üzvlərimə, qohumlarıma və yaxınlarıma qarşı da analoji addımlar atılacaq”.
Qurgen Xaçatryan onu konkret kimin hədələdiyini bildirməyib.
Amma baş nazirin mətbuat xidməti onun bəyanatına dərhal cavab verib.
Mane Gevorkyan Facebook səhifəsində yazıb ki, Xaçatryan ailəsi əvvəllər taladıqlarını geri qaytarmaq niyyətini açıqlayıb.
“Qaqik Xaçatryan və onun oğlanları Ermənistanda uzun illər hökm sürən korrupsiyalaşmış mafioz sistemə rəhbərlik ediblər, bunun da nəticəsində qanunsuz olaraq yüz milyonlarla dollarlıq sərvət toplayıblar”, – Mane Gevorkyan yazıb.
Onun sözlərinə görə, bu səbəbdən də hökumət hesab edir ki, öz hissələrini satdığı təqdirdə Qurgen Xaçatryan bütün əldə etdiyi məbləği atalarının vəzifədə olduğu müddətdə dövlətə vurduqları ziyanı kompensasiya etmək üçün Ermənistanın dövlət büdcəsinə köçürməli olacaq.
Qurgen Xaçatryan harada gizlənmiş ola bilər?
Xaçatryanların vəkilləri deyirlər ki, onlar Qurgen Xaçatryanın harada olduğunu bilmirlər. Hazırda Ermənistanı tərk etmək asan deyil – koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan olunandan sonra sərhədlər bağlıdır.