“Ermənistanda inqilab davam edir və hakimiyyətin tranziti baş verir” – ekspertlər
2018-ci ilin oktyabr ayının əvvəli Ermənistanda yeni siyasi böhranın başlanğıcı oldu.
İndiyə kimi ölkənin siyasi rəhbərliyində iki bir-birinə zidd qrup birlikdə mövcud idi – müxalifətdən gəlmiş yeni baş nazir Nikol Paşinyan və çoxluğunu keçmiş hakimiyyətdən olan deputatlar təşkil edən parlament.
Lakin oktyabrın 2-də baş nazirlə parlament arasında faktiki qarşıdurma başladı.
Parlament Paşinyanın növbədənkənar parlament seçkilərini artıq 2018-ci ilin dekabrında keçirmək niyyətinə qarşı çıxdı.
Oktyabrın 2-də axşam parlament reqlament haqqında qanun layihəsinə düzəlişləri qəbul etdi və faktiki olaraq, belə bir imkanın qarşısını aldı.
Buna cavab olaraq, baş nazir xalqı “Facebook”dakı səhifəsi vasitəsilə küçələrə çıxmağa səslədi. Bir saat ərzində minlərlə insan Milli yığıncağın binasını mühasirəyə aldı.
Vəziyyət parlamentdə üç saatlıq danışıqlardan sonra sakitləşdi. Nikol Paşinyan toplaşanlarımn qarşısına çıxaraq bildirdi ki, şifahi razılıq əldə edilib və seçkilər 2018-ci ilin dekabrında keçiriləcək. Lakin sonradan düzəlişləri qəbul etmiş siyasi qüvvələr bəyan etdilər ki, yalnız müzakirələr aparılıb, razılaşma isə olmayıb.
Nə baş verir və nəyə görə
Ermənistanda yaranmış siyasi vəziyyəti çoxları böhran kimi qiymətləndirir.
Keçmişdə müxalifətçi deputat olan Nikol Paşinyan “məxməri inqilab”dan sonra hakimiyyətə gələ bildi, belə ki, ölkənin on minlərlə sakini onu dəstəklədi. Küçələrə çıxmış və müxalifətin tələblərinə dəstək vermiş insanların təzyiqi altında parlament onu baş nazir seçdi.
Nikol Paşinyan tərəfdaşlarından və həmfikirlərindən ibarət öz nazirlər kabinetini formalaşdırmaq imkanı əldə etdi. Lakin parlamentdə Paşinyanın hələ də dəstəyi yoxdur.
Burada onun başçılıq etdiyi siyasi qüvvənin üstünlüyü yoxdur. 2017-ci ildə keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, parlamentdə çoxluğu Ermənistan Respublikaçılar Partiyası qazanıb. O da o vaxt hakim partiyaya çevrilib.
İnqilabdan sonra Respubikaçılar Partiyası hakim partiya olmaqdan kənarda qaldı, lakin mandatlarının sayı etibarilə yeni hökumətin qərarlarını tormozlaya bilər.
Müvafiq olaraq, baş nazir Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri hesab edir. Bu siyasi qüvvələrin nisbətinin dəyişəcəyi yeni parlament formalaşdırmağa imkan yaradacaq. Oktyabrın 2-də o bildirib ki, növbədənkənar seçkilər 2018-ci ilin dekabrında keçiriləcək.
Növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruriliyi haqqında müddəa Paşinyanın seçilməsindən sonra qəbul edilmiş hökumət proqramında da var. Lakin o zaman baş nazir bildirmişdi ki, seçkilər 2019-cu ilin mayına qədər keçiriləcək.
Oktyabrın 2-də, yaxın zamanlarda baş tutacaq seçkilər haqqında xəbərlərdən dərhal sonra Ermənistan Respublikaçılar Partiyasının deputatları parlamentin növbədənkənar iclasını çağırdılar. Onlar parlamentin buraxılmasını qeyri-mümkün edən qanun layihəsini qəbul etdilər.
Səsvermədə parlamentdə təmsil olunmuş dörd siyasi qüvvədən üçü iştirak etdi. Yalnız baş nazir seçilənə qədər Nikol Paşinyanın rəhbərlik etdiyi “Yelk” fraksiyasının nümayəndələri səsvermədə iştirak etmədilər.
“Tsarukyan” fraksiyasının və “Daşnaksütun” partiyasının təmsilçiləri Respublikaçılar Partiyasının təşəbbüsünü dəstəklədilər və Nikol Paşinyanın bildirdiyi kimi, əksinqilabın bir hissəsinə çevrildilər.
Ekspert qiyməti
Erməni ekspertlər hesab edirlər ki, ölkədə “hakimiyyətin tranziti baş verir” və növbədənkənar parlament seçkiləri qaçılmazdır.
Politoloq Aleksandr İskəndəryan hesab edir ki, Nikol Paşinyanla Milli yığıncağın fraksiyaları arasında qarşıdurmanı gözləmək olardı.
“Bizdə mövcud olan siyasi sistem kimi sistemlərdə dörd il ərzində orada təmsil olunan həmin adamlarla icra hakimiyyəti ilə qanunverici hakimiyyətin birgə işini təsəvvür etmək olduqca çətindir. Nəsə baş verməli idi. Gec, ya tez, lakin baş verənləri gözləmək olardı. Bütün bunlar qanunauyğundur”.
Politoloq Stepan Qriqoryan düşünür ki, baş vermiş hadisə hələ ki, bitməmiş inqilabın davamıdır.
“O, yalnız Milli yığıncağa seçkilərdən sonra bitəcək ki, o zaman yalnız hökumət deyil, parlament də yenilənəcək. Buna görə də, Ermənistanda siyasi böhran davam edir”.
Nəyə görə deputatlar növbədənkənar parlament seçkilərinə qarşı çıxdılar
Stepan Qriqoryan hesab edir ki, siyasi böhranın dərinləşməsi keçmiş hakim partiyanın öz “siyasi ömrünü” uzatmaq səyləri ilə əlaqədardır.
O ki qaldı qanun layihəsini dəstəkləmiş digər siyasi qüvvələrə, bunlar da bu yaxınlarda ölkədə keçirilmiş seçkilərdən sonra narahatlıq hiss ediblər.
Yerevanda Ağsaqqallar Şurasına, başqa sözlə, paytaxt parlamentinə seçkilər keçirilib. Onun nəticələri sübut etdi ki, yerevanlıların əksəriyyəti yeni baş naziri və onun komandasını dəstəkləyir. Seçicilərin 80 faizindən çoxu səsini Nikol Paşinyanın dəstəklədiyi “Mənim addımım” blokuna verdilər. Bunu seçkilərin digər iştirakçıları gözləmirdilər.
“Son 20 il ərzində ilk ədalətli seçkilər keçirildi və burada kütləvi saxtalaşdırma, hakimiyyət tərəfindən seçki sisteminə təzyiq yox idi. Lakin parlament qüvvələri gözlədikləri qədər toplaya bilmədilər və onlarda qorxu yarandı ki, bu vəziyyətdə parlamentə də keçə bilməyəcəklər. Buna görə də, yeni parlament seçkilərinə qarşı çıxmağa qərar verdilər”, – Stepan Qriqoryan deyir.
Aleksandr İskəndəryan hesab edir ki, Milli yığıncağın indiki fraksiyaları yeni seçkilərdə öz mövqelərini qoruyub saxlaya bilməyəcəklər.
“Daşnaksütun”un elektoral bazası ümumiyyətlə yoxdur. Belə hesab etməyə əsasım var ki, onlar sadəcə olaraq parlamentə keçməyəcəklər. “Çiçəklənən Ermənistan” hesab edir ki, indi malik olduğu qədər yer yeni seçkilərdən sonra, hətta ora düşə bilsələr də, olmayacaq. Başqa sözlə, onların siyasətdə oynadıqları rolu saxlamaq mümkün olmayacaq”.
Ekspert həmçinin düşünür ki, bu qüvvələr müəyyən müddət hakimiyyətdə duruş gətirmək istəyirlər və ümid edirlər ki, Paşinyanın reytinqi aşağı düşəcək. Bu səbəbdən də, vaxtı uzadırlar.
Paşinyan nəyə görə seçkiləri dekabrda keçirmək istəyir
Növbədənkənar parlament seçkilərinin keçirilməsi səylərini Nikol Paşinyan iqtisadiyyatla əsaslandırır. O bildirir ki, investorlar sabitlik gözləyirlər və seçkilərə qədər onlar Ermənistan iqtisadiyyatına pul yatırmayacaqlar.
Stepan Qriqoryan bu arqumenti əsaslı hesab edir.
“İnvestorlar, donorlar inqilabın bitməsini gözləyirlər. Yeni parlamentsiz heç kim iqtisadiyyata pul yatırmaz. Oyun qaydaları hamıya məlum olmalıdır”.
Lakin Aleksandr İskəndəryan hesab edir ki, iqtisadiyyat yalnız bəhanədir. Əsas məqsəd tam hakimiyyətə nail olmaqdır.
“Parlamentin mühasirəyə alınması, növbədənkənar parlament seçkilərinin təyin edilməsi investorlara görə edilmir. Bunlar hakimiyyətə görə edilir”.
Stepan Qriqoryan başqa, siyasi arqument də irəli sürür: hazırkı parlament legitim deyil və xalqın iradəsini əks etdirmir:
“Bir çox deputatlar deyirlər ki, xalq bizə təzyiq göstərir. Bu mütləq mənada savadsızlıqdır, axı deputat elə xalqın nümayəndəsidir. Bu azmış kimi, bu parlamentə legitimlik baxımından ciddi suallar var, belə ki, indi məlum olur ki, həmin deputatların deputatlığa və xalqa heç bir aidiyyatları yoxdur.
Dünən deputatlardan heç kim xalqın qarşısına çıxmadı. [Oktyabrın 2-də Paşinyan bir daha ölkə sakinlərinə müraciət edərək onları küçəyə çıxmağa və Respublikaçılar Partiyasına əksinqilabi qərar qıbul etməyə imkan verməməyə çağırdı. On minlərlə insan bu çağırışa qoşuldu və parlamentin binasını mühasirəyə aldı ki, deputatlara təzyiq göstərilsin – JAMnews] Bu isə o deməkdir ki, onlar xalqı təmsil etmirlər. Onlar legitim deyillər”.
Paşinyanın əsas silahı nədir
Nikol Paşinyan əvvəlkitək ümid edir ki, insanlar onun arxasınca gedəcək. 2 oktyabr hadisələri göstərdi ki, bu ümidlər əsassız deyil.
Aleksandr İskəndəryan razılaşır ki, hazırkı vəziyyətdə Nikol Paşinyanın əsas silahı yüksək reytinqidir:
“Nikol Paşinyanın siyasi iradəsi və kütləvi dəstəyi var. Bu kütləvi dəstək Yerevan Ağsaqqallar Şurasına seçkilərdə də yoxlamadan keçdi. Həmin seçkilər sözün əsl mənasında sosioloji sorğu idi. Və bu, Paşinyanın populyarlığının zirvəsidir. Aydındır ki, bundan sonra o cür yüksək rəqəmlərə nail olmaq çətin ki mümkün olsun. Bu resursdan hazırkı vəziyyətdə istifadə etməməksə günahdır”.