Ermənistanda 1990-cı il Bakı talanları qurbanlarının xatirəsi yad edilib
Yanvarın 13-də Yerevanda 1990-cı il Bakı ermənilərinə qarşı talanların 30-cu ildönümü qeyd olunub.
Ermənistanda hesab edirlər ki, 1990-cı il yanvarın 13-dən 20-ə qədər Azərbaycan Xalq Cəbhəsinin minlərlə tərəfdarı Azərbaycan paytaxtında milli zəmində tütləvi talanlar həyata keçirib.
Müxtəlif dəyərləndirmələrə görə, 10 nəfərdən 100 nəfərə qədər həlak olub. Ermənistanda qurbanların sayının daha çox olduğunu hesab edirlər.
Azərbaycanda rəsmi səviyyədə talan faktı inkar olunmur, amma həmin hadisələrin üzərindən sükutla keçilir. Azərbaycandakı şahidlərin danışdıqlarına görə, talanlar iki gün davam edib və bu hadisələr qızışmaqda olan Qarabağ münaqişəsinin fonunda milli ayrıseçkiliyin kəskinləşməsinin və Ermənistandan gələn qaçqın axınının kortəbii nəticəsi olaraq baş verib.
• Qarabağda “aprel müharibəsinin” üçüncü ili. Bu nəyi dəyişdi? Bakı və Yerevandan olan ekspertlər
• Qarabağ: niyə ermənilər məscidi bərpa edir?
Ermənistanın hakimiyyət nümayəndələri bütün ermənilərin katolikosu İkinci Qareginlə birlikdə Tsisernakaberd memorialını ziyarət edib, Bakı talanlarında həlak olanların xatirəsinə abidə önünə gül çələngi qoyublar.
Baş nazirin rəsmi saytında müraciət dərc olunub və bu müraciətdə deyilir:
“Azərbaycanda baş verən bu hadisələrdən 30 il sonra Bakı talanlarının qurbanlarına qarşı heç bir hörmət və həmrəylik yoxdur. Öz ədəbi əsərlərində Bakı ermənilərinin talanları haqda yazmağa cürət edən azsaylı insanlar da “utanc dirəyinə mıxlanıb” və rəsmən satqın elan olunublar”.
Nikol Paşinyan həmçinin yazıb ki, “ermənilərin növbəti qırğınına və ya deportasiya cəhdlərinə” imkan verməyəcək.
30 il əvvəl Bakıda nə baş verib?
Ermənistanın versiyası
13-20 yanvar 1990-cı ildə Bakıda erməni əhalisinin talanları baş verib. Hərçənd bəzi mənbələrə əsasən, qurbanlar arasında başqa milli azlıqların nümayəndələri, o cümlədən ruslar da olub.
Şahidlərin danışdıqlarına görə, yanvarın 13-ü 1990-cı ildə təxminən 17:00-da Lenin meydanında mitinqdən sonra minlərlə insan qruplara ayrılaraq, ev-ev gəzməyə Bakını ermənilərdən azad etməyə başlayıblar.
Ermənistanda hesab edirlər ki, həmin günlərdə Bakıda 150 nəfərdən 300 nəfərə qədər erməni öldürülüb.
Öldürülənlərin dəqiq sayını müəyyən etmək mümkün deyil, çünki bu işlə bağlı ümumi istintaq aparılmayıb. Bu hadisələrə görə heç kim məsiliyyətə cəlb olunmayıb.
1990-cı il yanvarın 18-də Avropa Parlamenti Avropa Xarici İşlər Nazirləri Şurasını və Avropa Şurasını SSRİ hökuməti qarşısında ermənilərin müdafiəsinə səsləyən qətnamə qəbul edib.
Elə həmin gün bir qrup amerikalı senator Mixail Qorbaçova məktub ünvanlayıb və Bakı talanları ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Nəticədə yanvarın 20-də şəhərə sovet ordusu hissələri yeridilib.
Azərbaycanın versiyası
Azərbaycanda media və rəsmi strukturlar 1990-cı il Bakı talanlarının üzərindən sükutla keçməyə çalışır. Bununla belə, heç kim rəsmi səviyyədə bu faktı inkar etmir. Talançılar üzərində bir neçə məhkəmə prosesinin baş tutduğu, talanda iştirak edənlərin bəzilərinin uzun müddətli cəzalara məhkum edildiyi, amma Qarabağda müharibə başlayandan sonra onların azad olunduğu məlumdur.
Şahidlər danışırlar ki, həmin günlərdə Bakıda Azərbaycan Xalq Cəbhəsi tərəfindən təşkil olunan mitinqlərdə “ədalətin bərpası” şüarları səslənirdi. Dağlıq Qarabağ münaqişəsinin qızışdığı zaman Ermənistandan qovulan və Bakıya axışan azərbaycanlı qaçqınlar nəzərdə tutulurdu, halbuki həmin vaxt Bakıda ermənilər yaşamağa davam edirdilər.
Bir müddət sonra mitinq təşkilatçıları hiddətlənən kütlə üzərində nəzarəti itirir, sovet milisi isə qanlı hadisələrin qarşısını almaq üçün heç nə eləmir.
İki gündən sonra – yanvarın 16-da Bakı erməniləri bərə ilə Krasnovodsk şəhərinə evakuasiya edilir.
Yanvarın 20-də sovet qoşunları Azərbaycanın Sovet İttifaqından çıxması tələbi ilə baş qaldıran hərəkatı yatırmaq üçün şəhərə girir.
Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.