Ermənistan və Gürcüstan: əməkdaşlıq üçün beş səbəb
Ermənistan Avrasiya İqtisadi Birliyinə qoşulanda, elə bir təəssürat yaranmışdı ki, Qafqazda siyasi reallıq birdəfəlik dəyişib və bir çox iqtisadi perspektivlər əldən çıxıb. Amma müqavilənin imzalanmasından xeyli vaxt keçib, indi bir çoxları belə bir qənaətə gəlir ki, müxtəlif qütblü Qafqaz heç də qorxulu deyil, hətta maraqlıdır.
Ermənistan və Gürcüstanın siyasi, strateji fərqlərinə baxmayaraq, əməkdaşlıq imkanlarını isbatlayan beş arqumentin müzakirəsini təklif edirik.
Arqumentlərin müəllifləri İctimai Siyasət İnstitutunun həmdirektoru Giorgi Tarxan-Mouravi (Tbilisi) və Mədəniyyət və Sivilizasiya problemlərinin Tədqiqi Mərkəzinin direktoru David Ovanesyandır (Yerevan).
Birinci artument
Ermənistan və Gürcüstan bir-biriylə münasibətləri pozmağa “qəti şəkildə hazır deyil.
İctimai Siyasət İnstitutunun həmdirektoru Giorgi Tarxan-Mouravi: “Tarix göstərir ki, müxtəlif mərhələlərdəki müəyyən tərəddüdlərə baxmayaraq, Gürcüstan və Ermənistan yenə də eyni istiqamət üzrə gedir. Bu istiqamət də qərb sivilizasiyasıdır. Biz məhz buna istiqamətlənmişik.
İkinci arqument
“Hər iki ölkənin uzun əsrlik birgə yaşam və uzun müddətli əməkdaşlıq təcrübəsi var. Düzdür, hərdən bu əməkdaşlıq “quduzluq tutmaları ilə əvəz olunub, – Avropa Humanitar Universitetinin sivilizasiya və mədəniyyətin tədqiqatı mərkəzinin direktoru David Ovanesyan bu tarixi əməkdaşlığı belə müəyyən etdi. O hesab edir ki, Ermənistan və Gürcüstan qarşılıqlı münasibətlər məsələsinə həmişə çox diqqətlə və ehtiyatla yanaşıb. İstənilən hakimiyyət bu məsələdə “zərər yetirməmək prinsipiylə hərəkət edib.
David Ovanesyan: “Bu bazanın üstündə daha məhsuldar, daha ciddi, daha daimi və daha çox bir-birini tamamlayan münasibətlər qurmağa çalışmaq olar.
Üçüncü arqument
Gürcüstanla Ermənistan arasında fərqli siyasi maraqlar onların başqa sahələrdəki əməkdaşlığının üstündən xətt çəkmir. Məsələn, iki ölkə arasında hələ 1995-ci ildən azad ticarət haqqında müqavilə qüvvədədir.
Bundan başqa, Ermənistan heç də Qərblə əməkdaşlıqdan imtina etməyə hazırlaşmır.
David Ovanesyan: “Bizim NATO ilə dərin əməkdaşlığımız davam edir – Ermənistan bir sıra proqramlara daxil edilib. Bu, Rusiyanı bir qədər əsəbiləşdirsə də həmin imkanlardan mütləq istifadə etmək lazımdır.
Dördüncü arqument
Ermənistanla Gürcüstan arasındakı münasibətlər bir qədər assimetrikdir – Ermənistan bu əməkdaşlığa xeyli daha çox maraq göstərir. Bu əsasən də onunla bağlıdır ki, Gürcüstan tranzit ərazi kimi çox vacib və Qara dəniz kurortu kimi olduqca cəlbedicidir.
Ermənistan Gürcüstan üçün bir o qədər də maraqlı deyil, amma əməkdaşlıq üçün potensial o qədər böyükdür ki, o gec-tez “assimetriyaya üstün gələcək. Ermənistanın uğurlu olduğu sahələr var (misal üçün, informasiya texnologiyaları), Gürcüstanda isə bu sahə əməlli-başlı axsayır. Yəni əməkdaşlıq perspektivləri realdır və kifayət qədər böyük xeyir vəd edir.
Beşinci arqument
Fayda haqqında daha ətraflı. Ermənilərin və gürcülərin kooperasiya etmək, birgə müəssisələr yaratmaq, yeni bazarlara çıxmaq və yaxşı pul qazanmaq üçün əla imkanı var. Amma bu əməkdaşlıqdan ötrü hazırda iki vacib komponent çatmır – iradə və maraq.
İnsanlar bir-biri haqqında yeni şeylər öyrənməyə maraqlı olmalıdır – bu, xəbərlər və ya tarixi qiymətlər də ola bilər.
Giorgi Tarxan-Mouravi: “Gürcüstanda hazırda bugünkü Ermənistanın necə bir ölkə olduğunu əks etdirən bir dənə də olsun gürcü dilli dərslik yoxdur.
Həm də Gürcüstan və Ermənistanın ümumi tarix anlayışı mövcud deyil. Xoş olmayan nəsə olanda, tarixçilər bu haqda danışmamağı üstün tutur. Misal üçün, heç kim 1918-ci il gürcü-erməni müharibəsi haqqında danışmır. Bu mövzunu qapalı saxlamaq nəyə lazımdır? Bunun baş vermə səbəbləri barədə konkret nəticələrə gəlmədən, qarşılıqlı etimad yaratmaq mümkün deyil.
Video: Henrix Bell fondu
İlk dəfə dərc olunub: 15.12.2015