"Ermənistan və Bakı arasında sülh mümkündür, amma zəmanət verilmir" - Tomas de Vaal
Tomas de Vaal Sülh Sazişi haqqında
8 avqustda Vaşinqtonda baş tutan Tramp–Paşinyan–Əliyev görüşü sayəsində Ermənistan və Azərbaycan arasında sülh daha əlçatan olub. Bu fikri “Karnegi” Fondunun aparıcı analitiki Tomas de Vaal “Azatutyün” (Azadlıq) radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, sülh hələ ki, əldə olunmayıb, amma mümkündür. Sülh sazişinin imzalanması üçün hələ çox addım atılmalıdır. Bu kontekstdə o, sənədin imzalanması üçün Bakının əsas şərtini xatırladır: Ermənistan Konstitusiyasının dəyişdirilməsi.
Tomas de Vaal ehtimal edir ki, 2026-cı ildə keçiriləcək parlament seçkiləri ilə eyni vaxtda konstitusiya dəyişiklikləri ilə bağlı referendum da baş tutarsa, seçici fəallığının daha yüksək ola biləcəyi gözlənilir. Bununla yanaşı, ekspert referendumun nəticələrini proqnozlaşdırmağın çətin olduğunu, Bakının gözlədiyi nəticənin isə zəmanətli olmadığını vurğulayır.
“Biz bilirik ki, baş nazir Paşinyanın və onun partiyasının reytinqi enir. Eləcə də bilirik ki, Ermənistan müxalifəti və ona Rusiyanın dəstəyi mühüm faktordur. Böyük ehtimalla müxalifət konstitusiya məsələsindən sülh sazişinin bloklanması üçün də istifadə etməyə çalışacaq. Bu, kifayət qədər real senaridir”, – deyə ekspert qeyd edir.
Tomas de Vaal müsahibəsində Vaşinqtonda keçirilən üçtərəfli görüşün nəticələrini təhlil edib, həll olunmamış məsələlərə toxunub, Qarabağ münaqişəsinin “bağlanmış səhifə” olduğunu və ATƏT-in Minsk qrupunun buraxıldığını vurğulayıb.
“ABŞ həm Ermənistana, həm də Azərbaycana bel bağlayıb”: Yerevandan rəy
Paraflanan sülh sazişi Qarabağ münaqişəsinin yeni mərhələsi hesab edilə bilər?
Yerevan və Bakı marşrutun qarantı kimi Rusiyanı deyil, ABŞ-ı görmək istədilər
“Sünik [Ermənistanın cənub bölgəsi] üzərindən keçəcək yeni marşrut Trampın adını daşıyacaq. Düşünürəm ki, hər iki tərəf qəsdən bu addımı atdı ki, Donald Tramp şəxsən prosesə cəlb olunsun.
Söhbət Azərbaycanı Naxçıvan anklavı ilə Ermənistan ərazisindən keçməklə birləşdirəcək yoldan gedir. Bakıda bu yol “Zəngəzur dəhlizi” adlandırılırdı və ‘maneəsiz’ ekstraterritorial marşrut tələb olunurdu. Yerevan isə öz ərazisi üzərində suveren nəzarəti itirməyə razı deyildi. Vaşinqtonda tərəflər bu yolun açılması barədə razılığa gəldilər. O, “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (Trump route for international peace and prosperity – TRIPP) adını aldı.
Aydındır ki, tərəflər uzun müddət Sünik üzərindən keçəcək bu marşrut barədə danışıqlar aparıblar. 2021-ci ildən əsas vasitəçi üçtərəfli hökumətlərarası komissiya çərçivəsində Rusiya olub. 2020-ci ilin noyabr bəyanatında, atəşkəsin elan edildiyi sənədin 9-cu maddəsində göstərilirdi ki, Rusiyanın FTX sərhəd xidməti bu yola, Naxçıvana gedən marşruta nəzarət edəcək.
Son aylar ərzində dəyişən odur ki, hər iki tərəf razılığa gəlib: onlar Rusiyanın layihəsini, RF vasitəçiliyini və təhlükəsizlik təminatı təklifini rədd etmək istəyirlər.
Görürük ki, müxtəlif səbəblərdən həm Ermənistan, həm də Azərbaycan son aylar Rusiya ilə mübahisə edir. Və onların heç biri Rusiyanın nəzarət edəcəyi marşrutu istəmir.
Aydındır ki, [Paşinyan və Əliyev] iyul ayında Əbu-Dabidə keçirilən ikitərəfli görüşdə bu məsələləri müzakirə ediblər. Bu isə Tramp administrasiyasının prosesə daha tez müdaxiləsini sürətləndirdi. Bu mənada Tramp şanslı oldu. Hər iki tərəf bu marşrutun yeni qarantını istəyirdi ki, bu da Rusiya olmasın. Qarant elə bir güclü tərəf olmalı idi ki, həm ruslar, həm də iranlılar marşruta hörmətlə yanaşsınlar. Vaşinqton bəyannaməsi ilə əldə olunan nəticə də budur.
Aydındır ki, bu, böyük irəliləyişdir. Amma hələ də cavabsız çoxlu suallar var ki, onları müzakirə etmək olar.
İki məqamı vurğulamaq istərdim. Birincisi, sazişin detalları ilə bağlıdır: kim buna pul ödəməyə, kim təhlükəsizliyi təmin etməyə hazırdır? Bu barədə ictimaiyyətə açıq danışılmır.
İkincisi isə belədir: söhbət yalnız Ermənistan ərazisindən keçərək Azərbaycanın bir hissəsini digər hissəsi ilə birləşdirən yoldan gedir, yoxsa daha geniş nəqliyyat marşrutlarının açılmasından? Ermənistan üçün əsas məsələ aydındır: Ermənistan-Türkiyə sərhədinin açılması. Bu ciddi suallar hələ də cavabsız qalır.”
Ruslar məyus olublar, amma ermənistan–ABŞ razılaşması ilə barışacaqlar
“Rusiya, təbii ki, razı deyil, çünki Federal Təhlükəsizlik Xidmətini bu dəhlizin nəzarətçisi etmək cəhdlərində uğursuzluğa düçar oldu. Eyni zamanda, Rusiyanın rəsmi reaksiyası kifayət qədər təmkinlidir, çox da sərt deyil.
Düşünürəm ki, Rusiya da anlayır: əgər bu marşrut açılacaqsa, nə etmək olar. Ola bilsin, Rusiya onun təhlükəsizliyinə nəzarət etməyəcək, amma bu yol Rusiya üçün də müsbət olacaq. Çünki bu, İranla “Şimal-Cənub” dəhlizinin yeni bir halqasına çevrilir.
Rusiyanın marağındadır ki, bu yolda Qərbin təhlükəsizlik sahəsi üzrə iştirakı olmasın. Düşünürəm, ermənilər də Qərb təhlükəsizliyinin iştirakı barədə danışmırlar. Ola bilsin, hansısa özəl şirkət cəlb olunsun. Beləliklə, ruslar bu razılaşmadan məyus olsalar da, gələcəkdə yəqin ki, onunla barışacaqlar.”
Ermənistana hansı marşrut lazımdır
“Amerikalıların prosesə qoşulması müsbətdir. Amerikalıların gücü, təsiri və maliyyə imkanları var. Bunun Ermənistana da faydası olması üçün yalnız bir yolun açılması kifayət deyil. Bu, Ermənistan üçün Azərbaycan ərazisindən keçməklə digər ölkələrə çıxışı da əhatə etməlidir. Məncə, burada maliyyələşmə məsələsi çox önəmlidir.
Təkcə Sünik üzərindən keçən bir yol üçün böyük beynəlxalq maliyyələşmə əldə etmək çətin olacaq. Beynəlxalq maraq o zaman artır ki, bu, daha geniş marşrutun bir hissəsi olsun. Yəni, Qarsdan başlayıb, Gümrü, Yerask, Naxçıvan və daha sonra Meğridən keçərək Azərbaycana çıxan yol. Bu halda o, beynəlxalq marşruta çevrilir.
Ermənistanın istədiyi də budur. Düşünürəm ki, bu, beynəlxalq maliyyələşməni cəlb edəcək. Amma bu suala hələ cavab yoxdur.”
Qarabağ münaqişəsinin səhifəsi bağlanıb
“Bu, əlbəttə ki, qaçqına çevrilən Qarabağ erməniləri üçün acı bir xəbərdir. Amma məncə, onların çoxu anlayır ki, yaxın gələcəkdə vətənə qayıtmaq üçün şansları çox azdır.
Artıq Qarabağda erməni qalmayıb. Bunun necə dəyişə biləcəyini təsəvvür etmək çox çətindir. Hesab edirəm ki, insanların geri dönməsi üçün Ermənistan–Azərbaycan münasibətlərində çox ciddi dəyişikliklər baş verməlidir”.
ATƏT-in Minsk qrupu artıq fəaliyyət göstərə bilməzdi
“Minsk qrupu Qarabağ münaqişəsinin həlli üçün nəzərdə tutulmuşdu. Onun özəlliyi ondadır ki, bu formatda Rusiya və Qərb birgə çalışırdılar.
2020-ci il müharibəsi, 2023-cü ildə Azərbaycanın Qarabağa tam nəzarəti ələ alması, eləcə də Ukraynadakı müharibə əslində artıq Minsk qrupunun mövcudluğuna son qoydu. O, real olaraq fəaliyyət göstərə bilmirdi. Məncə, Minsk qrupunun buraxılması əslində artıq baş vermiş faktı rəsmiləşdirir”.
Qayıdış hüququ diskursdan itib
“Demək lazımdır ki, onlar [2023-cü il hərbi əməliyyatlarından sonra evlərini tərk edən Qarabağ erməniləri] bu münaqişə zamanı didərgin düşən bir çox başqa insanlara qoşulurlar. Məsələn, Bakı, Sumqayıt, Kirovabaddan olan ermənilərə. Onlar artıq uzun illərdir sürgündədirlər.
ATƏT-in tərəflərə təklif etdiyi sülh sazişi layihələrində, Madrid prinsiplərində həmişə bu münaqişə nəticəsində didərgin düşən bütün insanların qayıdış hüququndan bəhs olunurdu. Mənim üçün bu, vacib element idi. Amma bu məsələ bu günün diskursundan itib. Bu, mənim üçün çox kədərlidir.
Düşünürəm ki, ümid edə bilərik: əgər Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülh bərqərar olsa, insanlar özlərini kifayət qədər təhlükəsiz hiss edərək geri dönə bilərlər. Amma yaxın gələcəkdə ermənilərin öz əvvəlki evlərində yaşadığını görsək, çox təəccüblənərəm. Söhbət çox uzun illərdən gedir [yaxın gələcəkdən yox].”
Tomas de Vaal Sülh Sazişi haqqında