Ermənistan və Azərbaycan arasında sərhəddə yaşanan eskalasiya fonunda kim və necə "xalqları sülhə hazırlayacaq"?
Az əvvəl Ermənistan və Azərbaycan arasındakı sərhəddə yaşanan eskalasiya Qarabağ münaqişəsi tərəflərini bir-birindən daha da uzaqlaşdırdı. Biz Beynəlxalq Böhran Qrupunun analitiki Zaur Şiriyevlə bu təşkilatın “Ermənistan-Azərbaycan sərhədində məhsul yığımı dövründə qan tökülməsinin qarşısını necə almaq mümkündür?” mövzusunda hesabatı və sərhəddə baş verən eskalasiya haqda danışdıq.
Azərbaycanda jurnalistlərə əslində niyə ev paylandığı haqda
“Bizimlə heç kim maraqlanmır”. Azərbaycanda koronavirus xəstəsinin hekayəsi
Baş qərargahı Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupu (BBQ) müstəqil qeyri-kommersiya, çoxmillətli bir təşkilatdır, beş qitədə 80-ə yaxın əməkdaşı birləşdirir. Təşkilat yerlərdə vəziyyətin analizi və ölüm gətirən münaqişələrin qarşısının alınmasına və aradan qaldırılmasına istiqamətlənmiş fəal insan haqlarının müdafiəsi fəaliyyəti ilə məşğul olur.
Beynəlxalq Böhran Qrupunun təhlilçisi Zaur Şiriyevlə təmsil etdiyi təşkilatın “Ermənistan-Azərbaycan sərhədi boyunca məhsul yığımı zamanı qan tökülməsinin qarşısını necə almaq olar?” ən son hesabatı ətrafında və Azərbaycan-Ermənistan sərhədində baş vermiş eskalasiya ətrafında fikir mübadiləsi apardıq.
Beynəlxalq Böhran Qrupunun son hesabatından başlayaq. Burada 2020-ci ilin iyul eskalasiyasından danışılsa da, mövzunun ağırlığı mülki əhalinin sosial-iqtisadi vəziyyətinə yönəlib. Belə təəssürat yaranır ki, hesabat uzun zaman öncədən yazılmağa başlanıb, bu ilin iyulun sonlarında tamamlanıb… Bir il öncə və bir ildən sonra əsas fərqliliklər hansılardır?
Azərbaycan tərəfindən tədqiqatlar ötən ilin iyun-iyul aylarından, Ermənistan tərəfdən də həmin aylar, o cümlədən ötən ilin noyabr ayında da davam edib. 2019-cu ildə hər iki ölkə üzrə tədqiqatın baza hissəsi yekunlaşıb. Həmin dövrdə tədqiqat aparılanda siyasi və ictimai reallıqlar fərqli idi. 2019-cu ilin martında iki ölkə liderləri görüşmüşdü və Azərbaycan-Ermənistan beynəlxalq sərhədləri boyu insanların məhsul əkini və biçini dövründə atəşkəs rejiminə daha çox riayət olunmas barədə razılaşmalar var idi və bunu dəstəkləmək üçün siyasi iradə mövcud idi. Mühit pozitiv idi.
Bu mühit çərçivəsində biz axtarırdıq ki, iki ölkə sərhədində insanların həyatına təsir edən ortaq problemlər nədir və ortaq həll yolları nə ola bilər. Əslində, bəzi sosial iqtisadi məsələlər var ki, bunlar heç də tamamilə münaqişənin təsiri nəticəsində formalaşmayıb, amma münaqişənin təsiri ilə daha çıxılmaz hal alıb və yalnız iki dövlətin əməkdaşlığı ilə həll oluna bilər. Məruzəmizdə bunların həll yollarını göstərdik ki, orada yaşayan insanların, icmaların həyatında dönüş yarana bilər.
Bu addımların atılması heç şübhəsiz həmin bölgələrdə yaşayan insanların sülhə olan inamını artıra bilər, çünki ortaq problemlər həll olunduqca insanlar bunun iqtisadi və sosial bəhrəsini və təsirini öz həyatlarında görə biləcəklər. Yalnız o zaman, nə müharibə-nə sülh şəraitinin yerinə məhz sülhə doğru addımların atılmasının nə qədər faydalı və həyatlarında dönüş yaratdığını hiss edə biləcəklər.
Hesabatı iyulun 20-də dərc etməyi planlaşdırırdıq, amma ayın 12-də toqquşmalar başlandıqdan sonra, mühit və kontekst dəyişdi. Dəyişikliyə uyğun olaraq, son hadisələri də işıqlandırmağa çalışmışıq. Hesabatda göstərdiyimiz tövsiyələrdə və reallıqların dəyişmədiyi fikrində qalırıq. Yerlərdə icmalara təsir edən məsələlər olduğu kimi qalır.
Hesabatda Bakı ilə Yerevanın birbaşa kommunikasiya qurmasının vacibliyi qeyd olunur ki, uşaqlar məktəbə rahat getsin, fermerlər öz sahələrində manesiz işləsin və s. Bu kommunikasiya 2018, 2019-cu illərdə var idi. İyul hadisələrindən sonra perspektivi necə təhlil edə bilərsiniz?
2018-ci ilin sentyabrında Düşənbə, 2019-cu ilin martındakı Vyana görüşlərindən sonra kommunikasiya kanalı həm yaradıldı, həm də inkişaf etdirildi. Bu “kanal” əsasən Bakı ilə Yerevan arasında idi və önləyici xüsusiyyətlərə malik deyildi. Bu, daha çox müxtəlif hadisələr baş verdikdən sonra, tərəflərin bir-birini məlumatlandırması xarakteri daşıyırdı.
Biz məruzədə göstərirdik ki, bunun önləyici olması bir çox məsələdə kömək ola bilər. Hər iki tərəfin qoşunları, istər MN, istərsə də DSX olsun, bunlar arasında anlaşılmazlığın çıxma ehtimalı daha böyükdür. İstər mühəndis istehkam bölüyü, istərsə də patrul dəstələrinin fəaliyyəti hər iki tərəfdə fərqli anlaşıla bilər. Bunun aradan qaldırılması üçün tərəflər bir-brini məlumatlandırmalıdır. Azərbaycan tərəfdə sərhəddə yaşayan insanlara deyilirdi ki, Ermənistanla kommunikasiya kanalları var, atəşkəs rejimi daha az pozulacaq və bu da sizin qorxunuzu azaldacaq bir elementdir. Amma insanlar bunu xatırlamırlar.
Belə ki, hər bir insan özünün atəşə tutulduğu tarixi daha çox xatırlayır, nəinki ümumi atəşkəsin pozulduğu zamanı. Bu da paytaxtlar arasında olan kommunikasiyanın xalqa çatmadığının göstəricisi idi.
Bundan sonra kommunikasiyanın olub-olmayacağı Bakı və Yerevanın münasibətləri hansı formada inkişaf etdirməsindən asılı olacaqdır. Hər iki tərəf danışıqlara qayıdacaqsa, inam təchiz olunacaqsa, danışdığımız bu addımları yerinə yetirə bilərlər. Son hadisələrin əhaliyə vurduğu sosial, psixoloji zərbə də çox böyükdür. Onları inandırmaq daha çətin olacaq və bu, uzun zaman aparacaq.
Hesabatda toxunulan digər məsələ insan axınıdır. Yəni, insanların daha təhlükəsiz ərazilərə köçməsi. Məsələn, münaqişənin episentri Dağlıq Qarabağ və ona yaxın olan regionlarda geniş miqyaslı köç dalğasının şahidi olmamışıq. Sərhəddə belə bir tendensiyanın baş verəcəyini nəyə əsasən proqnozlaşdırırsınız?
Ermənistan və Azərbaycan üçün köç məsələsi fərqlidir. Köç deyəndə sərhəddən paytaxta və xarici ölkələrə köçü nəzərdə tutmuruq. Kəndlərdən mərkəzlərə doğru köç də mümkündür Bu, ilk növbədə işlə bağlıdır. İkincisi, münaqişə davam etdiyinə görə, turizm imkanlarının olmaması, investisiya qoyulmaması, nəqliyyat çatışmazlığı və s. Toqquşmalar isə vəziyyəti daha da gərginləşdirir.
Son hadisələrdən danışaq. Münaqişənin sərhədə daşınması kimin marağında ola bilərdi? Ermənistanın, yoxsa, bizdə maraqlı ifadə tərsi var, “yoxsa xarici qara qüvvələrin”?
Bu suala cavab verməzdən öncə, bir məqama toxunum ki, insanlar soruşa bilər ki, kommunikasiya kanallarının effektivliyi nə oldu, nə əldə etdik. Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı formalaşdırdığı Visual İzahedicisi var (Visual Explainer), orda göstərilir ki 2018-ci ilin senytabrından 2020-ci iyulun 12-dək həm qoşunların təmas xəttində, həm də beynəlxalq sərhəddə hər iki tərəfdən 15 hərbçi həlak olub, 9 nəfər yaralanıb. 2018-ci ilin əvvəli ilə müqayisədə sonrakı müddətdə itkilər daha az idi.
O ki qaldı bu suala, Azərbaycanın və Ermənistanın hansısa marağının olduğunu söyləməkdə çətinlik çəkirəm. Azərbaycan üçün bu hadisə qoşunların təmas xəttində baş versəydi, insanlarda gözləntini də artıra bilərdi ki, eskalasiya olarsa Azərbaycan hakimiyyəti belə addımda maraqlı ola bilərdi, çünki bu, birbaşa aprel eskalasiyası və ya başqa formada hansısa torpaqların geri qaytarılması ilə müşayiət oluna bilərdi.
Amma beynəlxalq sərhədlərdə isə hərbi və siyasi gözlənti yoxdur. Ermənistan üçün baxdıqda, bəziləri Azərbaycanda şərh edirlər ki, hər hansı məqsəd hərbi postu ələ keçirmək idi. Sizcə, bu son 2 ildə əldə olunmuş nəticələri silmək üçün kifayət qədər güclü arqument ola bilərmi? Bu baxımdan, hər iki tərəf üçün bu, böyük itkidir. Niyə orada baş verdi?
Son 6-7 ay ərzində həmin sərhəd zonasında toqquşmalar çoxalmışdı. Siyasi ritorika, dil-üslub dəyişmişdi, ittihamlar, narazılıqlar gərginliyin artmasına səbəb ola bilərdi. Bu hadisələrdə Ermənistanın rəsmi versiyası ortada idi, Azərbaycan tərəfinin isə şərhi yox idi. Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın versiyasının düzgün olmadığını qeyd elədi, Rusiyadakı səfirimiz isə dedi ki, UAZ tank deyil. Beynəlxalq Böhran Qrupu olaraq, Azərbaycan rəsmiləri bizə dedilər ki, ərazidə hərbi postlarımız arasında UAZ maşını patrul xidməti göstəirdi. Qarşı tərəf bir gün öncədən provokasiyaya hazırlaşmışdı və patrul xidməti göstərən UAZ-a hücum etmişdilər. Sonra maşındakı hərbçilər öz postlarına gedərkən artilleriya atəşinə tutulublar.
Üçüncü qüvvə məsələsinə gəldikdə isə, bunu Azərbaycanın enerji layihələrinə zərbə kimi də şərh edənlər var. Mən bunun düzgün şərh olduğunu düşünmürəm. Həmin istiqamətdə yalnız qaz və enerji deyil, dəmir yolu da keçir. Üçüncü tərəfin marağı olsaydı, bunu həmin layihələr çəkilən vaxt da edə bilərdi. Azərbaycan hazırda Rusiya ilə qaz bazarında rəqabətdə deyil.
Sizcə, Minsk qrupu hələ də ən yaxşı formatdırmı?
Minsk qrupundan nə gözləyirik? Samuel Bekketin “Qodonu gözləyərkən” (Waiting for Godot) pyesi var. Onu görmək, dərk etmək və anlamaq istəyi personajları onu gözləməyə sövq edirdi. Bizdə də Minsk qrupu və birbaşa onun gətirəcəyinə ümid edilən “sülh sazişi” ilə bağlı gözlənti bir az buna bənzəyir.
Bizim cəmiyyətdə (Azərbaycan) Minsk Qrupunun istəsə “sülh sazişi” gətirəcəyinə inanırıq amma cəmiyyət olaraq çox vaxt ona olan gözləntimizi şişirdirik. Amma yenə də gözləyirik və gəlməyəni gözləmək hünərimizə görə də məyus oluruq. Bu məyusluğun kökündə Minsk qrupunu biz vasitəçi kimi yox, bəzən arbitr kimi görməyimizdən qaynaqlanır. Cəmiyyətdə belə bir fikir hakimdir ki, həmsədr ölkələr münaqişəni tezliklə həll edə bilər, sadəcə siyasi iradə nümayiş etdirmirlər və onlar hansı təklifi istəsələr, münaqişə tərəflərinə qəbul etdirə bilərlər.
Vasitəçi kimi fəal deyillər. Bizdə belə bir fikir formalaşıb ki, Minsk qrupu son zamanalarda xəbər daşıması funksiyasını yerinə yetirir. İki ölkənin təkliflərini bir-birinə aparır. Belə olan halda, dövlətlər də bir-birinin təkliflərini qəbul etmir. Vasitəçinin işi ortaya planlar qoymaqdır və hər iki ölkə arasında ortaq məxrəc tapmaqdır. Bu səpkidə olan tənqidlərə mən qatılıram. Amma Minsk qrupunu aradan qaldıraq və ya başqa bir format olsun, bu, real deyil.
Minsk qrupu o vaxt fəal olub ki, həmsədr ölkələrdən biri rəhbərlik səviyyəsində bu işə müdaxilə etsin, başqa sözlə liderlik funksiyasını yerinə yetirsin. 2001-ci ildə Ki-Uest danışıqlarında ABŞ-ın liderliyi, 2006-cı ildə Rambue danışıqlarında Fransanın, 2008, 2011-ci illərdə Rusiyanın liderliyi vardı.
“Xalqları sülhə hazırlamaq” çağırışını etdilər, üstündən bir il keçmədi, xalqlar xarici ölkələrdə bir-biri ilə əlbəyaxa davaya çıxır.
2019-cu ilin yanvarında xalqları sülhə hazırlamaq haqqında bəyanat verildikdən sonra, təəssüf ki, bunun “içərisini” doldura bilmədilər. Bunun nə olduğunu nə özlərinə, nə cəmiyyətə, nə ekspertlərə, nə də jurnalistlərə izah etdilər. Xalqları sülhə hazırlamaq həm Ermənistanda, həm də Azərbaycanda fərqli olacaqdı. Bu müddətdə ərzində yalnız jurnalistlərin qarşılıqlı səfərləri oldu, həmin jurnalistlər də xalqlara mesaj ötürə bilmədilər.
90-cı illərin mediasına baxanda görürük ki, Azərbaycan jurnalistləri rəy formalaşdırırdılar. İndi vəziyyət o yerə gəlib ki, müstəqil olan, rəy formalaşdırmalı olan media nümayəndələrinin səsləri boğulub. Müstəqil medianın, onun nümayəndələrinin fəaliyyətinə maneə olmamalıdır, onların mesajlarının xalqa çatması üçün hər cür şərait yaradılmalıdır. Məhz sülh prosesində ən kritik məqamda belə insanların səsi cəmiyyətdə fikirlərinin formalaşdırılmasında və istiqamətlənməsində həlledici olur.
Bu gün baş verənlər təəssüf doğurur. Məsələnin episentri Azərbaycan və Ermənistandan xarici ölkələrə keçib. Məni narahat edən odur ki, burada məsələni qızışdırmaq ehtimalları daha çoxalır və bu genişlənir. Bunun hüquqi müstəvidə həll olunması üçün çağırışlar çox az və ya gec oldu.
Bu da liderlərdən, cəmiyyətdə rəy formalaşdıran insanlardan asılıdır. Bununla birbaşa bağlı olan məni narahat edən başqa bir məsələ var: bizdə terminlərin əhəmiyyəti çox yozlaşıbdır. Son günlər toqquşmaların dayandırılması üçün çağırış edənlərə qarşı istifadə olunan söz “pasifist”dir. Termin istifadəçiləri bilərək və ya bilməyərək ona alçaldıcı məna yükləyirlər ki, təslimiyyətçi, qorxaq, satqın və s. Bu da əslində ideoloji tərəflərin, “liberal”, “milliyyətçi”, “pasifist” və digər terminlərin də cəmiyyətin böyük kəsimi tərəfindən anlaşılmadığını göstərir.
Bir sıra insanlar məhz bu “qəliblərə”, birbaşa desək pasifist adlandırımamaq üçün sakit qalmağa və fikir bildirməməyə diqqət etdilər. Cəmiyyət üçün birbaşa münaqişə kontekstində aşkarlıq dövrü olmalıdır, danışıqlarda nə əldə olunub, nə olmayıb, kompromis nədir və s. İnsanlar ümumi çərçivəni başa düşmədlidirlər.
İnsanlar ümumi çərçivəni, keçilmiş yolu, kompromis nədir, necə əldə olunub başa düşmədən gözləntilər artacaq və münaqişənin həllində dəyişiklik olmadıqda bu özünü məyusluqla müşayiət edəcək. Təbii ki, əsas rol azad medianın, azad QHT-lərin və müsbət rəy formalışdıranların üzərinə düşür.