Ermənistan-Türkiyə münasibətlərində normallaşma: danışıqların üçüncü raundu Vyanada baş tutub
Xüsusi nümayəndələr Rubinyan və Kılıçın üçüncü görüşü
Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin münasibətlərin normallaşdırılması üzrə üçüncü görüşü artıq baş tutub. Parlamentin vitse-spikeri Ruben Rubinyan və səfir Serdar Kılıç Vyanada görüşüb. Görüşdən sonra verilən rəsmi məlumatda deyilir ki, tərəflər bu danışıqlar prosesinin məqsədini – Ermənistan və Türkiyə arasında münasibətlərin tam nizamlanmasına nail olmaq olduğunu bir daha təsdiqləyiblər.
Ermənistan XİN-in saytında dərc olunan mesajda həmçinin qeyd olunur ki, “xüsusi nümayəndələr arasında nəzərəçarpacaq irəliləyişə nail olmaq üçün səmimi və məhsuldar fikir mübadiləsi aparılıb”. Danışıq iştirakçıları “prosesi ön şərt olmadan davam etdirməklə bağlı razılıqlarını bir daha təsdiqləyiblər”.
Xüsusi nümayəndələrin danışıqlarının üçüncü raundu, ondan əvvəl və paralel olaraq baş verənlər haqda məlum olanlar, eləcə də bütövlükdə prosesə və mümkün nəticələrə dair ekspert rəyi.
- Azərbaycan Ermənistandan yan ötməklə Naxçıvana yol çəkəcək
- “Ermənistan-Azərbaycan sülh sazişi prioritetdir”: XİN-lərin bəyanatları nə anlama gəlir?
- Ermənistan-Türkiyə danışıqları: Yerevan sakinləri nə düşünür?
“Nizamlama üçün əsas şərt – siyasi iradə”
Xüsusi nümayəndələrin üçüncü görüşünün keçirilməsi ilə bağlı razılaşmanın olduğu haqda ilk olaraq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Türkiyənin NTV telekanalının canlı efirində Çavuşoğlu Ermənistanı daha cəsarətli olmağa və nümayəndələrinin görüşlərini üçüncü ölkələridən Ankara və Yerevana köçürməyə çağırıb.
2022-ci ildə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndələrin iki görüşü artıq baş tutub. Birincisi yanvarda Moskvada, ikincisi fevralda Vyanada baş tutub. Lakin hər iki halda, üçüncü görüşdən sonra olduğu kimi, rəsmi Yerevan və Ankara cüzi və demək olar ki, eyni məlumatları veriblər. Xarici işlər nazirliklərinin bəyanatlarında yalnız danışıqların məhsuldarlığından danışılıb, prosesin son məqsədinin ön şərt olmadan münasibətlərin tam tənzimlənməsi olduğu bildirilib.
Türkiyə xarici işlər nazirinin bəyanatına cavab olaraq Ermənistan tərəfi xatırladıb ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına dair əvvəlki cəhdlər zamanı həm Ermənistanda, həm də Türkiyədə görüşlər keçirilib, lakin “nəticəyə gətirib çıxarmayıb”.
“Nizamlamanın əldə edilməsində əsas şərt siyasi iradə və konkret substantiv addımlara hazır olmaqdır. Biz bunu nümayiş etdiririk və Türkiyədən də eyni şeyi gözləyirik. Əgər iradə olarsa, görüş yeri sırf texniki məsələyə çevriləcək.
Ermənistan tərəfi cəsarətli addımların atılmasının zəruriliyi ilə tam razıdır. Biz dəfələrlə irəliləyişə hazır olduğumuzu nümayiş etdirmişik, o cümlədən Xarici işlər nazirinin Antalyadakı diplomatik forumda iştirakı [2022-ci ilin mart ayında] və iqtisadi embarqonun [2020-ci il Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən qoyulmuş] aradan qaldırılması. Ermənistanla Türkiyə arasında hava əlaqəsinin bərpası da mühüm ikitərəfli addım idi”, – o zaman Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan bildirmişdi.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan son 10 ildən artıq müddətdə Türkiyəyə səfər edən ilk yüksək vəzifəli Ermənistan rəsmisi olub. Ondan əvvəl Ermənistan prezidenti Serj Sarkisyan Türkiyəyə səfər edib və o zaman Türkiyə ilə münasibətlərin normallaşdırılması təşəbbüsü ilə çıxış edib. 2008-ci ildə başlayan proses “futbol diplomatiyası” adlanırdı.
Əvvəlcə Serj Sarkisyanın dəvəti ilə Türkiyə prezidenti Abdullah Gül Ermənistana gəlib. Onlar Ermənistan prezidenti ilə birlikdə iki ölkənin milli komandaları arasında keçirilən futbol matçını izləyiblər. Daha sonra 2009-cu ildə Ermənistan prezidenti Türkiyəyə gedib və orada yenidən komandalar arasında matç keçirilib.
“Futbol diplomatiyası”nın nəticəsi 2009-cu ildə xarici işlər nazirləri tərəfindən imzalanmış Sürix protokolları adlanan sənədlər oldu. Bunlar diplomatik münasibətlərin qurulmasına və qarşılıqlı münasibətlərin prinsiplərinə dair sənədlər idi. Lakin tərəflər protokolları ratifikasiya etməyib.
Eyni zamanda Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bəyan edib ki, xüsusi nümayəndələrin görüşlərinin Ermənistan və Türkiyədə keçirilməsi təklifi Türkiyə tərəfinin prosesi ikitərəfli hesab etdiyinə işarədir:
“Və belə olan halda Türkiyə təmsilçilərinin az qala hər həftə öz fəaliyyətlərini Azərbaycanla koordinasiya edərək prosesi irəlilədikləri haqda açıqlamalar eşitməmək məntiqli olardı”.
Başlanmış normallaşma prosesini inkişaf etdirməyin yeganə yolu davamlı aydın hərəkətlərdir – Vahan Hunanyan hesab edir:
“Xüsusən də Türkiyə tərəfinə ilk mərhələdə diplomatik pasportu olan şəxslər üçün quru sərhədinin açılmasını təklif etmişik, lakin Türkiyə tərəfi ləng gedir. İnanırıq ki, bu kiçik, lakin məzmunlu və ən əsası məntiqli bir addım olacaq. Ümid edirik ki, bu məsələdə nəticə əldə edə biləcəyik”.
Türkiyə sərhədlərin müəyyənləşdirilməsi zərurətindən danışır
Türkiyənin xarici işlər naziri xüsusi nümayəndələrin üçüncü toplantısının gündəliyinə toxunaraq bildirib ki, “yaxın gələcəkdə atılacaq müxtəlif addımlar” müzakirə olunacaq.
Çavuşoğlu bildirib ki, iki ölkə arasında “sərhədlərin yenidən müəyyən edilməsi” üçün razılıq əldə olunub. Eyni zamanda, o, Ermənistan-Azərbaycan sərhədi məsələsində nəzərdə tutulduğu kimi, birgə komissiyanın yaradılmasının mümkünlüyünü də istisna etməyib.
Lakin Ermənistan Xarici İşlər Nazirliyi cavab olaraq bildirib ki, danışıqların gündəliyində belə bir məsələ yoxdur.
Şərh
Hələ Rubinyan-Kılıç görüşünün nəticələri ilə bağlı rəsmi məlumat ortaya çıxmamışdan əvvəl politoloq Areq Koçinyan JAMnews-a bildirib ki, ondan “dönüş nöqtəsi olan heç nə” gözləmək olmaz. O hesab edir ki, tərəflər “kifayət qədər siyasi iradə” nümayiş etdirsə, münasibətlərin normallaşması istiqamətində addımlar hiss olunacaq.
Politoloqun fikrincə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün ilkin şərtlər var:
• Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında çoxdan maraqlı olan ABŞ-ın bu istiqamətdə müvafiq iş aparması;
Mayın 2-dən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-da işgüzar səfərdə olub. O, artıq ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb. XİN-in məlumatına görə, nazir Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi barədə dövlət katibini məlumatlandırıb: “Katib Blinken qeyd edib ki, ABŞ Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasına tam dəstək verir və bu prosesdə Ermənistanın konstruktiv səylərini dəstəkləyir”.
• Ermənistanın nizamlamada marağı, çünki bu, təhlükəsizlik problemlərini yumşaltmağın ən qısa və real yoludur, onları daha idarəolunan etmək imkanıdır;
• Türkiyədən Ermənistana kömək etmək istəyi ilə deyil, öz milli maraqları ilə bağlı müsbət siqnallar, çünki Türkiyə üçün Rusiya imperiyasının tərkibində oaln yoxl, müstəqil Ermənistanın mövcudluğu daha sərfəlidir.
Areq Koçinyanın sözlərinə görə, Türkiyə ilə danışıqların nəticəsi tərəflərin işindən asılıdır:
“O cümlədən bizim işimizdən, sülhə, güzəştlərə hazır olmağımızdan, bəli, birtərəfli, ağrılı güzəştlərdən, çünki müharibədə məğlub olanlar güzəştə gedir, bu, aksiomadır. Müharibədə yaşadığımız məğlubiyyətdən sonra bizə də nəyinsə güzəşt olunacağına ümid etmək olmaz.
Politoloqun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması nəhəng oyunçular tərəfindən regional vəziyyətin nizamlanmasına doğru addım və ya mərhələlərdən biri kimi dəyərləndirilir:
“Əgər Ermənistan rasional, ağlabatan və realist davranış və siyasət nümayiş etdirərsə, mən həm regional oyunçuların, həm də qlobal aktorların vəziyyətin həllində maraqlı olduğunu görürəm”.
Koçinyan üçüncü ölkələrdə xüsusi nümayəndələrin görüşlərini keçirməyə üstünlük verən Ermənistan hakimiyyətinin mövqeyini başa düşmür. O hesab edir ki, münasibətlərin normallaşmasına doğru irəliləmək üçün onların Yerevanda və Ankarada baş tutması zəruri və vacibdir.
Türkiyə xarici işlər nazirinin Ermənistanla sərhədin dəqiqləşdirilməsi ilə bağlı bəyanatına toxunan politoloq Ermənistan tərəfinin mövqeyinin aydın şəkildə təqdim edilməsinin zəruriliyini qeyd edib. O hesab edir ki, rəsmi Yerevan təkziblə yanaşı, Türkiyə xarici işlər nazirinin bəyanatının nə ilə bağlı olduğunu və nə demək olduğunu izah etməlidir:
“Bizim danışıqlar prosesi ilə bağlı xəbərləri və ya təfərrüatları Türkiyə və ya Azərbaycan mənbələrindən öyrənməyimiz artıq ənənə halını alır. Bu yaxşı təcrübə deyil, yaxşı heç nəyə gətirib çıxarmayacaq”.
Areq Koçinyan onu da qeyd edir ki, Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq cəhdi Rusiyada təhlükə kimi qəbul edilir:
“Ermənistanda heç kim Rusiyanın maraqlarını şübhə altına almağa və ya zərər verməyə çalışmır, sadəcə olaraq Türkiyə ilə münasibətləri normallaşdırmağa cəhd edilir. Başqa məsələdir ki, Rusiya bunu təhlükə və təhdid kimi qəbul edir. Lakin təbii ki, bizim üçün başqa vətəni olmayan Ermənistan vətəndaşlarının maraqları birinci yerdədir”.
Nəyi normallaşdırmaq lazımdır: Ermənistan və Türkiyə münasibətləri haqda
1991-ci ildə SSRİ-nin dağılmasından sonra Türkiyə Ermənistan Respublikasını rəsmən tanısa da, diplomatik əlaqələr qurmaqdan imtina edib. 1993-cü ildə Türkiyə Ermənistanla hava və quru sərhədlərini birtərəfli qaydada bağlayıb. Ermənistan Xarici İşlər Nazirliyinin saytının yazdığına görə, hava sərhədi 1995-ci ildə “beynəlxalq ictimaiyyətin təzyiqi ilə” açılıb.
90-cı illərin əvvəllərində Qarabağ müharibəsindən sonra Türkiyə quru sərhədlərinin açılması və diplomatik münasibətlərin qurulması üçün bir sıra şərtlər irəli sürdü ki, bunlardan biri də tanınmamış DQR-in nəzarətində olan rayonların Azərbaycana qaytarılması idi. Bu şərt artıq keçərli deyil, çünki bu ərazilər 2020-ci ildə ikinci Qarabağ müharibəsindən sonra artıq Azərbaycanın nəzarəti altındadır.
Türkiyənin digər şərti hər zaman Erməni Soyqırımının beynəlxalq aləmdə tanınmasının rədd edilməsi olub. Söhbət 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş qırğından gedir. Bundan əvvəl Osmanlı İmperiyası ərazisində iki milyon yarıma yaxın erməni yaşayırdı. Qətllər və kütləvi deportasiya nəticəsində onların yarıdan çoxu həlak olub. Ermənistan, bir sıra Qərb dövlətləri və beynəlxalq təşkilatlar bu hadisələri rəsmən soyqırım kimi tanıyır. Türkiyə belə bir mülahizəni qəti şəkildə rədd edir.
Xüsusi nümayəndələr Rubinyan və Kılıçın üçüncü görüşü