Ermənistan prezidenti səlahiyyətlərini genişləndirməyi təklif edib
Ermənistan prezidenti Armen Sarqsyan səlahiyyətlərinin genişləndirilməsini təklif edib. Düşdüyü vəziyyətdən narazı olmasını prezident konstitusiya islahatları üzrə ekspert komissiyasının üzvləri ilə görüşdə bildirib.
Əslində vəziyyət indi dəyişməyib. Armen Sarqsyan plkə parlament idarə üsuluna keçdikdən sonra vəzifəyə gəlib və bilirdi ki, ondan əvvəlki prezidentlərin sahib olduğu səlahiyyətlər onda olmayacaq. İndi dövlət başçısı baş nazirdir. Prezident vəzifəsi isə daha çox nümayəndəlik xarakteri daşıyır.
Amma məhz indi prezident özünün “məhdudlaşdırılmış” haqları haqda danışmaq qərarına gəlib. Bu, müəyyən məsələlərdə onun iqtidarda olan siyasi qüvvə ilə razı olmamasından irəli gəlib. Söhbət əsasən az əvvəl parlamentin təsdiqlədiyi konstitusiya dəyişikliklərindən, o cümlədən də əmlak vergisinin kəskin artmasından gedir.
● Ermənistan prezidenti “İngiltərə kraliçası” olmaq istəmir?
● Ermənistanın baş nazirinin fəaliyyətini əksəriyyət dəstəkləyir
Prezidenti nə narahat edir?
Hər şey parlamentin “Milli Məclisinin reqlamenti” haqda qanuna dəyişikliklər layihəsini qəbul edəndən sonra başlayıb. İndi konstitusiya dəyişikliklərinin təsdiqlənməsi üçün prezident imzasına ehtiyac yoxdur.
“Mənim addımım” iqtidar blokundan olan deputat Vaahn Ovakimyan niyə belə qərar qəbul edildiyini anladıb:
“Konstitusiya dəyişiklikləri referendumda qəbul ediləndə, onlar prezident imzası olmadan qüvvəyə minir, parlament qəbul edəndə isə prezident imzası tələb olunur. Buna görə də belə qərara alınıb ki, prezidentin səlahiyyətləri genişləndirilməsin (hər iki halda imzalamaq), əksinə azaldılsın (heç bir halda imzalamamaq)”.
Mahiyyət etibarilə prezident etiraz etməyib və “MM reqlamenti” haqda qanuna dəyişiklikləri imzalayıb.
Nəticədə konstutusiya dəyişiklikləri prezident imzası olmadan qüvvəyə minib. Bu dəyişikliklər Konstitusiya Məhkəməsi ilə bağlı olub. Hazırda KM hakimlərinin fəaliyyəti 12 illə məhhdudlaşır. Bu müddət başa çatandan sonra onlar tutduqları vəzifədən azad ediləcəklər. Qanun qüvvəyə minəndən sonra doqquz hakimdən üçü artıq KM-i tərk edib.
Prezident Sarqsyan da indi təklif edir ki, ona KM-in üç yeni hakiminin sadəcə namizədliyini parlamentə irəli sürmək yox, onları bilavasitə təyin etmək səlahiyyəti verilsin.
Bundan başqa sözügedən görüşdə Armen Sarqsyan yenidən parlament tərəfindən qəbul edilən Vergi Məcəlləsinə dəyişikliklərlə, daha doğrusu, əmlak vergisinin kəskin artımı ilə razı olmadığını bildirib.
● Dəbdəbənin qiyməti: Ermənistanda əmlak vergisi kəskin artıb
Prezident hesab edir ki, deputatlar detalları düşünməyiblər və indi təminatı yüksək olmayan insanların artmış vergini ödəməyə gücü çatmayacaq:
“Heç bir şübhə yoxdur ki, dövlət vergi qanunvericiliyini düşünməli və inkişaf etdirməlidir, daha varlı insanlar da daha çox vergi ödəməlidirlər… Amma məsələn, əgər bir adam Yerevanın mərkəzində yaşayan dosentdirsə və mənzil də ona tanınmış akademik babasından miras qalıbsa? Bu halda o neyləməlidir, mənzili satıb, şəhər kənarına köçməlidir? Onun mənzilini satıb ölkəni tərk edəcəyi, akademik arxivləri və tarixi, ümumilikdə Yerevanın və xalqımızın tarixinin bir hissəsini özüylə aparacağı istisna deyil”.
Sarqsyan vurğulayıb ki, qanunu Konstitusiya Məhkəməsinə göndərə bilmir, çünki sənəd konstitusiyaya zidd deyil:
“Mənə tək lazım olan qanunu imzalamaq və bəyanat əlavə etməkdir. Mən problemin nədən ibarət olduğunu təfərrüatlı izahını verməklə elə belə də elədim. Mənim qanunu yenidən Milli Məclisə qaytarmaq səlahiyyətim olsaydı, bunu edərdim və göstərərdim ki, bax bu səbəblərə görə qanuna dəyişikliklər edilməlidir. Belə bir imkanım olsaydı qanuna veto da qoyardım”.
İqtidar fraksiyasında nə deyirlər?
“Mənim addımım” iqtidar fraksiyasının başçısı Lilit Makunts bəyan edib ki, “prezidentin səlahiyyətlərinin azaldılmasından sözhbət belə gedə bilməz”.
Üstəlik Makuntsun fikrincə, “Milli Məclisin reqlamenti” haqda qanun prezident üçün məqbul deyildisə, onu imzalamaya bilərdi.
İqtidar blokunun başçısı bir məqamı diqqətə almır, əgət prezident qanunu imzalamasaydı, qanun avtomatik qüvvəyə minəcəkdi.
Makunts prezidentin ona KM-nin doqquz hakimindən üçünü təyin etmək səlahiyyətinin verilməsi ilə bağlı təklifini də şərh edib:
“Ədliyyə Nazirliyi konstitusiyaya dəyişiklik edilməsi üçün işçi qrup formalaşdırıb və məsələ məhz bu müstəvidə müzakirə edilməlidir. Təbii ki, prezident aparatının nümayəndələrinin, qanunverici və icra hakimiyyəti təmsilçilərinin iştirakı ilə müzakirələr olmalıdır…”
Ekspert rəyi
Daxili siyasi proseslərdə prezidentin rolu Ermənistan mediasında 2020-ci ilin fevralından, Armen Sarqsyan parlamentin qanuna qəbul etdiyi dəyişiklikləri imzalamayandan sonra müzakirə edilir. O zaman prezident “Bank sirri haqda” qanuna və “Cinayət Prosesial Məcəlləyə” edilən dəyişikliklərin konstitusiyaya zidd olduğunu ifadə etmişdi.
Bu, gözlənilməz olmuşdu – həm parlament nümayəndələri üçün, həm də bütün cəmiyyət üçün. O zmana bir çox ekspertlər prezidentin artıq “İngiltərə kraliçası” olmaq istəmədiyi haqda danışmışdılar.
Yeri gəlmişkən, həmin vaxt, əslində elə həmişə olduğu kimi Sarqsyanın ölkə sakinləri arasında etibar reytinqi kifayət qədər yüksək idi. GALLUP International-ın ölkədəki rəsmi təmsilçisi olan MPG (Marketing Professional Group) şirkətinin həyata keçirdiyi sorğuya əsasən, 2019-cu ilin dekabrında prezidentin reytinqi 83 faiz təşkil edib. Son sorğu iyulun 3-də aparılıb. Bu tədqiqatın nəticələri göstərib ki, sorğu edilənlərin 79,3 faizi prezidentin fəaliyyətini dəstəkləyirPolitoloq Qrant Mikaelyan prezidentin yüksək reytinqini “prezidentin siyasi münaqişələr subyekti olmaması” ilə izah edir:
“Deməli, o, hansısa konsolidasiya olunmuş mənfi mövqe ilə qarşılaşmır. Bir qayda olaraq, müsbət hadisələr, tendensiyalar, emosiyalar prezidentlə bağlanır, buna görə də o, yüksək dəstək səviyyəsini qoruya bilir”.