Ermənistan politoloqları 2017-ci ildə baş verənlər və baş verməyənlər haqqında
Foto: Seda Qriqoryan, JAMnews
JAMnews Ermənistan üçün 2017-ci ilin vacib hadisələrini, həm də baş verməsi gözlənilən, amma baş verməyən hadisələri qeyd edərək, iki aparıcı politoloqdan onları şərh etməyi xahiş edib.
2017-ci ildə hansı hadisələrin baş verdiyini
Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskandaryan şərh edib
- Ermənistan Avropa İttifaqı ilə hərtərəfli və geniş əməkdaşlıq haqqında saziş imzalayıb. Ermənistan Avrasiya İqtisadi Birliyində Aİ ilə bu cür saziş imzalayan yeganə ölkə olub. Bu saziş iqtisadiyyatda əməkdaşlığın inkişafını və viza rejiminin liberallaşdırılmasını nəzərdə tutur.
“Bu, Ermənistan üçün vacib hadisədir. Amma heç bir şey dərhal dəyişməyəcək və məncə bu sənədlə bağlı sevinc hissi bir qədər şişirdilib. Bu sənəd özünü yaxşı aparmağa görə medal deyil, verilə bilən imkandır. Yeri gəlmişkən, heç bir imkan verilməyə də bilər.
İslahat və dəyərlər baxımından Ermənistanın qanunvericiliyini Avropa qanunvericiliyi ilə uyğunlaşdırmaq, xüsusilə inhisar və korrupsiya ilə mübarizə sahəsində ölkə idarəçiliyini və s. təkmilləşdirmək imkanı olacaq. Eyni zamanda korrupsiya ilə xaricdən mübarizə aparmaq mümkün deyil. Avropanın birbaşa hər hansı bir yolla küçədə polisin rüşvət almağının qarşısını alacağını düşünmək olmaz. Ermənistan özü bu yerə qədər gəlib çıxmalıdır.
Avropa ancaq texniki, mütəxəssis, maliyyə baxımından yardım edə bilər və etməyə hazırdır. Əslində Ermənistan artıq buna can atır, 7-8 ildir ki, bu yoldadır, çünki imzalanmış bu saziş əslində 2013-cü ildə qəbul olunmamış və bir qədər dəyişdirilmiş assosiasiya müqaviləsidir.
Buna baxmayaraq, bu sənədin hesabına Ermənistanın İsveçrəyə dönməsini gözləmək ağılsızlıqdır, çünki biz sənədi daha əvvəl qəbul etmiş ölkələri görürük: Gürcüstan, Ukrayna və Moldova. Onlardan heç biri İsveçrə olmayıb, bəzilərində isə vəziyyət bizdəkindən də acınacaqlıdır.
2018-ci ilin gözləntiləri
Düşünürəm ki, bütün Avropa ölkələri ilə müqavilənin ratifikasiyası başlayacaq və saziş qüvvəyə minəcək. Çox güman ki, ilin ortasında vizasız rejimə keçid prosesi başlaya bilər”.
- Vardenis – Martakert yolunun inşasının başa çatması. Bu yolun uzunluğu 116 kilometrdir, Dağlıq Qarabağı Ermənistan üzərindən xarici dünyayla bağlayan ikinci avtomobil yoludur. Tikinti “Ayastan” (Ermənistan) Ümumerməni fondunun maliyyəsi ilə həyata keçirilib. Bu yoldan orta hesabla gündə hər iki tərəfə 1500 maşın keçir. Vardenis-Martakert layihəsinə 2013-cü ildə Stepanakert – Qoris (Ermənistan) yoluna alternativ olaraq başlanılıb.
“Bu yol həm ciddi iqtisadi (o cümlədən Qarabağ, xüsusilə də onun şimal hissəsi ilə Ermənistan arasında əlaqə baxımından), həm də hərbi əhəmiyyətə malikdir, çünki hərbi tranziti də təmin edəcək.
Bundan əlavə, yol çox vacib siyasi əhəmiyyətə malikdir: o mətbuatda dərc olunan və ayrı-ayrı siyasətçilərin və vasitəçilərin dediyinə görə, münaqişə tənzimlənəndən sonra azərbaycanlılara verilməsi gözlənilən ərazidə çəkilib.
Bu da onu göstərir ki, Ermənistan tərəfi ən azı kifayət qədər uzun müddət ərzində münaqişənin tənzimlənməsində ciddi bir perspektiv görmür. Bu, ciddi araşdırmaçılara onsuz da aydındır, amma bu yol siyasi mühitdə bunun əyani sübutudur. Və bu, həqiqətən də ötən ilin ən vacib hadisəsidir.
2018-dən nə gözləməli
Vardenis-Martakert yolu onun ətrafındakı ərazidə abadlaşdırma işlərinə gətirib çıxaracaq. Yol dedikdə təkcə yolu deyil, həm də həmin sahənin infrastrukturunu nəzərə almaq lazımdır».
- İranla sərhəddə – Meqridə açıq ticarət zonalarının açılması. Onun Ermənistanın balanslaşdırılmış ərazi inkişafına, milli iqtisadiyyatın qlobal rəqabətə dözümlülüyünün artırılmasına, rəqabətə dözümlü malların istehsalına təkan verəcəyi gözlənilir. “Meqri” kənd təsərrüfatı, emal edici sənaye, ticarətdən tutmuş turizmə qədər bir çox sahələri əhatə edəcək.
“Bu layihənin ciddi perspektivi var. Burada artıq maliyyə və texniki yatırımlar var və görünən odur ki, layihə davam etdiriləcək. Ermənistan İranla əməkdaşlıqda bir növ paylayıcı olacaq, həm də Avrasiya İqtisadi Birliyi, yəni postsovet məkanının əksər ölkələri üçün paylayıcı olacaq.
Bu layihənin təkcə çox mühüm iqtisadi deyil, həm də ciddi siyasi əhəmiyyəti var. İranla əməkdaşlıqda Ermənistanın rolu sözügedən layihənin siyasi tərkib hissəsidir.
İran müxtəlif ölkələrlə müxtəlif münasibəti olan həddən artıq spesifik ölkədir, məhz Meqridəki Azad iqtisadi zona İranın müxtəlif ölkələrlə əməkdaşlığında mühüm rol oynaya bilər.
Zonanın tam fəaliyyət göstərməsi üçün heç bir daxili maneə yoxdur. Onu üçüncü ölkə və ya təşkilatlarla razılaşdırmağa artıq ehtiyac yoxdur, aydındır ki, məsələ artıq razılaşdırılıb, belə ki, azad iqtisadi zona artıq açıqdır.
2018-ci ildən nə gözləməli
Meqridə azad iqtisadi zonanın yaranması ilə Ermənistan-İran münasibətləri inkişaf edəcək. Bu elə münasibətlərdir ki, burada daxili resurslar demək olar ki, hazırdır. Lazım olan bütün işlər görülüb. İqtisadi münasibətlər yetərincə ciddidir. Siyasi münasibətlər də yaxşıdır. İran-Ermənistan-Gürcüstan-Rusiya və daha sonra digər ölkələr zəncirinin yaradılmasının tələbatı açıq-aşkar hiss olunur. Görüləcək işlər çoxdur, yol çəkilişindən tutmuş işıq çəkilişi və s-yə qədər. Azad iqtisadi zona buna təkan verəcək».
- Parlament seçkiləri baş tutdu. 6 dekabr 2015-ci ildə keçirilmiş referendumda qəbul edilən konstitusiyaya dəyişikliklərə əsasən, ilk dəfə parlament sırf proporsional zəmində seçilib. Parlamentə səs çoxluğu ilə Ermənistanın hakim Respublika partiyası, “Tsakuryan” və yeni yaradılmış müxalif “Yelk” bloku, həmçinin Danaksütun Erməni İnqilabi Federasiyası partiyası keçib.
2018-ci ilin aprel ayında fəaliyyətdə olan prezidentin səlahiyyət müddəti başa çatacaq və Ermənistan faktiki olaraq parlament idarə üsuluna keçəcək.
“Bu, Ermənistanın siyasi strukturunun dəyişdirilməsinə yönələn bir addımdır. Birinci addım konstitusiya islahatları ilə bağlı keçirilən referendum oldu. İkinci addım parlament seçkilərinin özü oldu, üçüncü addım isə konstitusiyaya edilmiş dəyişikliklərin qüvvəyə minəcəyi 2018-ci ilin aprel ayında olacaq.
Ermənistanın bir anın içində dəyişəcəyinə inanmıram, amma bir çox dəyişiklik baş verəcək, onlar indi də baş verir, parlamentin rolunun gücləndirilməsi, siyasi partiyaların rolunun gücləndirilməsi, hakimiyyətin ötürülməsinin depersonifikasiyası. Bunların hamısı, daxili siyasətdə əsas əhəmiyyət kəsb edən hər şey ölkənin idarə edilməsinə təsir edəcək.
Seçkilər nəticəsində müxalif “Yelk” bloku yarandı, amma o, Ermənistanda siyasi sahəni balanslaşdıra bilmədi, çünki cəmiyyətdə siyasi elitaya, hökumət və siyasi qurumlara münasibətdə müxalif yanaşma “Yelk”in parlamentdə təmsil etdiyindən xeyli daha geniş inkişaf edib.
Cəmiyyətdə qütbləşmə, sosial-siyasi narazılıq, həmçinin siyasi elitanın əhali tərəfindən rədd edilməsi çox yüksəkdir. “Yelk” tələblərə cavab vermir və lazımi etiraz əhval-ruhiyyəsini göstərmir. Bu, strukturun özünün zəifliyindən irəli gəlir. “Yelk” blokunun bunun üçün nə maliyyə, nə maddi, nə insan, nə də mütəxəssis resursları yoxdur.
Bu blok Ermənistan siyasi sistemi və ümumiyyətlə bütün yeni postsovet siyasi sistemləri üçün tipikdir. Bu, seçki qabağı cəmiyyətdə hökm sürən narazılıqlardan yararlanaraq, özündə olan resurslardan istifadə edərək, parlamentə keçmək imkanı olan müxalif qurumdur. Amma qərar vermə prosesinin bir hissəsinə çevrilməyə qadir deyil, buna görə də real müxalif əhval-ruhiyyə ilə parlamentdə təmsil olunan müxalifət arasında disproporsiya var.
2018-ci ildən nə gözləməli
2018-ci ilin aprel ayından politoloqlar üçün maraqlı dövr başlayır, çünki bu zaman idarə üsulunun strukturu dəyişəcək. Biri var hakimiyyət şəxsləşdirilir, yəni qərarların əksəriyyəti bir nəfər tərəfindən bir kabinetdən verilir. İndi isə partiya lideri öz partiyasını inandırmalı, sonra həmin partiya parlamenti, daha doğrusu orada oturan deputatlarını inandırmalıdır, onlarla da danışmaq lazım olacaq, sonra da çoxluq baş nazirə təsir etməlidir. Bu, başqa sxemdir. Əlbəttə onun dərhal qüvvəyə minməsi mümkün deyil, amma ölkənin idarə üsulu tədricən dəyişəcək”.
Gözlənilən, amma baş verməyən hadisələri
Gözlənilən, amma baş verməyən hadisələri Ermənistan siyasi və beynəlxalq araşdırmalar mərkəzinin mütəxəssisi, politoloq Ruben Meqrabyan şərh edib
- Qarabağ münaqişəsini izləyən mütəxəssislər Qarabağda müharibənin baş verəcəyini proqnozlaşdırıblar. 2016-cı ildə baş vermiş və “aprel müharibəsi” adını alan 4 günlük döyüşlər 1994-cü ildən sonra ən qanlı döyüşlər oldu. Həm Ermənistan, həm də Azərbaycanda hərbiləşmənin yüksək səviyyəsini nəzərə alsaq, 2017-ci ildə yeni müharibənin başlaması bir çoxları üçün real görünürdü. Amma müharibədən qaçmaq mümkün oldu.
“Ermənistan diplomatiyası keçən ilki aprel hadisələrinin qarşısını almaq üçün müəyyən addımlar atdı. Danışıqlar prosesinin özü və beynəlxalq münasibətlərin konyunkturası buna kömək etdi.
2017-ci il həm də onunla yadda qaldı ki, dünya siyasəti subyektləri arasında beynəlxalq meydançalarda müəyyən konsensus yarandı: dövlətlərin, o cümlədən Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı olan postsovet münaqişələri bir səbətə düşdü.
Helsinki prinsipləri əsasında həll olunmalı olan Dağlıq Qarabağ münaqişəsi isə başqa səbətə düşdü. Bu cür şaxəli yanaşma artıq bir sıra bəyanatlarla təsbit olunub, Ermənistanla Avropa İttifaqı arasında bağlanan hərtərəfli və geniş tərəfdaşlıq haqqında sazişin bağlanması ilə o hüquqi qüvvə də aldı.
Bundan başqa, Ermənistan tərəfinin gördüyü və аprel müharibəsinin əvvəlində olan gözlənilməzlik amilinin aradan götürülməsinə istiqamətlənən hərbi-texniki tədbirlər də mümkün müharibənin qarşısının alınmasında böyük töhfə oldu.
Azərbaycanın kobud siyasəti və buraxdığı səhvlər də, o cümlədən Azərbaycan-İsrail münasibətlərindəki qalmaqallar da müharibənin qarşısını almağa xidmət etdi. (беспилотники, Лапшин) . Azərbaycanla hərbi əməkdaşlıq səhv addım kimi görünməyə başladı.
2018-ci ildən nə gözləməli
Müharibənin baş verməməsi danışıqlar prosesinin fəallaşmasına, daha doğrusu danışıqlar prosesi haqqında danışıqlar prosesinə gətirib çıxardı və gətirəcək. Ermənistan nəfəsini dərməyə vaxt aldı və gözlənilməzlik amilini istisna edərək, müəyyən mənada ön cəbhədə yenidən silahlanmanı həyata keçirdi, bütün bunlar 2018-ci ildə də hərbi təhlükəsizliyi möhkəmləndirəcək”.
- Baş nazir Karen Karapetyan bəyan etdi ki, 3,2 milyard dollarlıq sərmayə proqramları işlənib hazırlanıb, bunlardan 830-840 milyon dollarlıq sərmayələr 2017-ci ildə gözlənilirdi. Proqramları ötən ilin yanvar ayında Rusiyada yaşayan erməni sahibkarları tərəfindən yaradılan Ermənistan Sərmayəçiləri Klubu həyata keçirməliydi. Vəd edilən sərmayələr gəlmədi.
“Karen Karapetyanın hakimiyyəti öz hesablarını Rusiyadan gələn sərmayələrin üzərində qururdu, Rusiya iqtisadiyyatında isə vəziyyət acınacaqlıdır. Rusiya rəhbərliyi indi özünə qarşı tətbiq olunan sanksiyaları hansısa yolla zəiflətmək, həm də fəaliyyəti Rusiyanın aqressiv siyasətinə xidmət edən fiziki və hüquqi şəxslərin dairəsini daraltmaq və siyahısını azaltmaqla, onun mümkün effektlərini azaltmaqla məşğuldur.
Eyni zamanda Rusiyanın məlumatına görə, ölkədə son 8 il ərzində istehsalat templərinin rekord səviyyədə azaldılması qeydə alınıb. Rusiyanın özü sərmayə aclığı yaşayır. Deməli, Ermənistanın Nazirlər Kabinetini sərmayə ilə bağlı əvvəlcədən xəyal qırıqlığı gözləyirdi.
Bundan əlavə, Karapetyan hökuməti qərbdə gündəmi olmayan hökumətdir, buna görə də vəzifədə olduğu müddət ərzində Karen Karapetyan Qərb ölkələrinin bir dənə də olsun paytaxtında olmayıb.
Biz görürük ki, Ermənistandakı infrastruktur layihələri dondurulub, həm də Ermənistanın ötən il xarici siyasətindəki nisbi uğurları (Aİ ilə sazişin imzalanması, İsraillə irəliləyiş, NATO ilə razılaşma, Çin və Hindistanla siyasi münasibətlərin dərinləşməsi) və onların iqtisadi konyukturada əksi arasında kəskin fərq görürük. Bu nailiyyətlər iqtisadi uğurlarla möhkəmlənmir, bu da onların müvəqqəti olması təhdidini yaradır. Onda sərmayələr haradır və nəyə lazımdır?
2018-ci ildə nə gözləməli
2017-ci ilin nəticələri iqtisadi siyasətdə kursun dəyişdirilməsinə gətirib çıxaracaq”.
- “Yelk” müxalif qrupu parlamentdə Ermənistanın Avrasiya İqtisadi Birliyində üzvlüyünün ölkənin iqtisadiyyatı üçün neqativ fəsadlarını göstərərək, bu təşkilatdan çıxmaqla bağlı müzakirələr təklif etdi. Parlament səs çoxluğu ilə birlikdən çıxmaqdan imtina etdi. Parlament müxalifətinin Ermənistanın AİB-dən çıxması ilə bağlı təşəbbüsü iflasa uğradı.
“Ermənistanın AİB-dən çıxmasıyla bağlı bu cəhdin əvvəlcədən uğur qazanmaq şansı azıydı. Bununla belə, cəmiyyətdə bu məsələ ilə bağlı müzakirələrin olması çox vacibdir. Bu müzakirələr olacaq və nəhayət Ermənistan bu lazımsız buxovlardan azad olacaq. Ermənistanla Rusiyanın iqtisadi münasibətlərinin formasını nəzərə alsaq, bu münasibətlər lazımsızdır.
Parlamentdə AİB-dən çıxmaqla bağlı müzakirələr ancaq birinci mərhələdir. Onlar hələ təkrarlanacaq. Məhz Rusiya siyasəti bu müzakirələrin yenidən başlaması üçün xeyli sayda əsas verəcək. Rusiyada təkcə istehsalat deyil, həm də bank sektoru, ölkə daxilində idarəçiliyin keyfiyyəti ilə bağlı böyük problemlər var, o, SSRİ-nin yuxusuna belə girməyən olduqca sərt sanksiyalarla üzləşib. Vəziyyəti müxtəlif cür mümkün fors-majorlar da ağırlaşdırır.
Siyasi bankrot həm də iqtisadi bankrota çevriləndən sonra Ermənistanın hakim Respublika Partiyasının özü ölkənin AİB-dən çıxması ilə bağlı qərar verəcək, başa düşəcək ki, heç nə vəd etməyən, heç nə verməyən, sadəcə vuran birlikdə qalmaq oradan çıxmaqdan xeyli pisdir. Bütün şərait və trendlər buna gətirib çıxaracaq, sadəcə vaxt və cəmiyyətin səyləri lazımdır.
2018-ci ildə nə gözləməli
Bu il onunla mühüm olacaq ki, Avropa İttifaqı ilə sazişin ratifikasiyası və bu sazişin implementasiyasına görə cavabdeh olan institutların formalaşdırılmasına başlanılacaq. Vətəndaş cəmiyyəti fəal şəkildə bu prosesə cəlb olunacaq, bu da öz növbəsində, AİB-in mükəmməl olmamasıyla bağlı müzakirələrə gətirib çıxaracaq”.
- Ermənistan hökuməti ölkədə bu gün təxminən 30% təşkil edən yoxsulluq səviyyəsini azaltmağa söz verib. Bu proqramı o, iqtisadi artım, minimal maaşın artırılması və sosial dəstək hesabına reallaşdırmağı planlaşdırırdı. Hökumət bu proqramı 2017-ci ildə həyata keçirə bilmədi.
“Maaşların və iqtisadi səviyyənin artırılması heç gözlənilmirdi də. Bu cür gözləntilər üçün heç bir əsas yoxuydu, çünki heç bir sistem dəyişikliyi həyata keçirilməmişdi. Heç hakimiyyətin belə niyyəti də yoxuydu. Hakimiyyətimiz bir az dəyişmək istəyirdi, özü də elə dəyişmək ki, heç nə dəyişməsin. Ola bilsin kəmiyyət göstəriciləri faizləri yaxşılaşdı, amma bu, “küləklə gəldi, küləklə getdi”.
Niyə getdi? Çünki 2018-ci ilin 1 yanvar tarixindən iki ziyanlı sənəd tətbiq olundu: yeni Vergi Məcəlləsi, bu məcəlləyə əsasən əlavə aksiz ödənişləri tətbiq olunur və AİB-in Gömrük Məcəlləsi, hansı ki, ixracdan asılı olan və inhisarlaşmış iqtisadiyyatı olan Ermənistanda mütləq bütün qiymətlərin qalxmasına gətirib çıxaracaq.
2018-ci ildə nə gözləməli?
Mən ölkədə yoxsulluğun səviyyəsinin artımını dayandıracaq bir şey görmürəm. Siyasi təfəkkürdən məhrum, siyasi məsələləri anlamayan səriştəsiz hökumət gözlənilən pis nəticəyə gətirib çıxaracaq”.
Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews-un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır.