Ermənistan hava məkanını Azərbaycan üçün açıb? Bakı və Yerevandan şərh
2021-ci il oktyabrın 6-a keçən gecə Azərbaycanın dövlət aviaşirkəti AZAL-a məxsus təyyarə Bakı-Naxçıvan mütəmadi reysini Ermənistanın hava məkanı vasitəsilə həyata keçirib. Bu nə deməkdir və region üçün nələr vəd edir? Hər iki tərəfdən informasiya və şərhlər.
- İranın yük maşınları üçün gömrük rüsumu: Ermənistan və Azərbaycan sərhədində nə baş verir?
- “Ciddi proseslər baş verir və bu, Ermənistanın xeyrinə deyil” – eks-prezident Robert Koçaryan
- İkinci Qarabağ müharibəsi niyə baş verdi? Azərbaycandan şərhlər və sorğu
Bakıdan informasiya
Çərşənbə baxşamı, oktyabrın 5-də İran Azərbaycan tərəfinə Azərbaycan hava yollarının Naxçıvan istiqamətində hərbi-yük avia-daşımaları üçün öz hava məkanını bağladığını elan edib. Uzun müddət Azərbaycan təyyarələri ölkənin əsas hissəsindən anklava – Naxçıvan Muxtar Respublikasına reyslər həyata keçirmək üçün Ermənistandan yan ötən İran üzərindəki hava dəhlizlərindən istifadə edib.
Rəsmi Tehranın qərarı İran İslam Respublikası ilə şimal qonşusu Azərbaycan arasındakı münasibətlərin gərginləşməsinin növbəti nəticəsidir.
Səhəri gün AZAL Naxçıvana sərnişin reysini Ermənistan ərazisindən edib. Qeyd etmək lazımdır ki, sərnişin daşımaları üçün İran öz hava məkanını Azərbaycanın üzünə bağlamayıb.
“Bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir, bu isə bütün sərhəd dövlətlərin maraqlarına cavab verir.
… Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişərək, Ermənistan üzərindən yerinə yetirilməsi uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq”, – AZAL-ın press-relizində deyilir.
AZAL-ln məlumatında vurğulanır ki, indən belə şirkət sözügedən reysi həyata keçirərkən bütün mövcud hava dəhlizlərindən, o cümlədən də Ermənistan və İran ərazisindən keçən dəhlizlərdən istifadə edə bilər.
Həmçinin qeyd olunub ki, Ermənistanın sərnişin təyyarələri də Azərbaycan üzərindən keçən hava marşrutlarından istifadə edə bilərlər. Bu haqda Azərbaycanın Avtomobil Nəqliyyatı Dövlət Xidmətindən bildirilib.
Bakıdan şərh
Sosial şəbəkələrin Azərbaycan seqmentində ümumilikdə bu xəbərə müsbət yanaşılıb. Amma bəzilərində yerli aviaşirkətə sual yaranıb.
Bəzi xarakterik şərhləri təqdim edirik:
“2010-cu ilin əvvəlində Naxçıvana çox uçurdum və yadımdadır ki, bir dəfə buludsuz havada Sevan gölü üzərindən uçduğumuzu aydın görürdüm. Bir də yadımdadır ki. Bir neçə il əvvəl Metyu Brayza Xankındidə (Stepanakert) aeroportla bağlı Azərbaycanın etirazlarına təəccüblənmişdi. O yazmışdı ki, Azərbaycan təyyarələri də Naxçıvana uçmaq üçün Ermənistanın üzərindəki hava yollarından istifadə edir”.
“AZAL deyir ki, bundan sonra Naxçıvana uçuşların vaxtı və yanacaq sərfiyyatı azalacaq. Amma siz, əlbəttə ki, biletlərin ucuzlaşacağını gözləməyin”.
“Zəngəzur dəhlizi açılır. İran yenə oyundan kənarda qaldı”.
Yerevandan informasiya
Ermənistanın Mülki Aviasiya Komitəsi oktyabrın 6-da Bakı-Naxçıvan marşrutu üzrə reysin bu ölkənin hava məkanı vasitəsilə həyata keçirildiyini təsdiqləyib. Bundan başqa komitədən bildirilib ki, həm Ermənistanın, həm də Azərbaycanın hava məkanından istifadə olunması sərnişin təyyarələri üçün məhdudlaşdırılmayıb, Qarabağda 44 günlük müharibə istisna olmaqla (2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər).
Ermənistan hökuməti vəziyyəti şərh etməyib, amma sosial şəbəkələrdə qızğın müzakirələr gedir. İstifadəçilərin böyük hissəsi hesab edir ki, Ermənistan hakimiyyəti Azərbaycanın pressinqinə görə güzəştə gedir. Politoloqlar da diskussiyaya qoşulublar.
Yerevandan şərh
“Dəhlizin birinci komponenti”
Türkoloq Varujan Geqamyan Facebook səhifəsində yazıb ki, Ermənistan birinci “türk dəhlizini” açıb.
“Faktiki olaraq bu, Azərbaycan-Naxçıvan-Türkiyə dəhlizinin birinci komponenti idi. […] 2020-ci ildən Ermənistanda mövcud olan kapitulyasiya rejimi öz hakimiyyətini qorumaq üçün Türkiyə və Sazərbaycanın əsas – öz ərazisindən iki ölkə arasında əlaqəni təmin etmək tələnbini yerinə yetirməyə razılaşıb. Bu gün səhər dəhlizin hava hissəsi rəsmi təqdim olunub.
Bu cür hallar tam sübut edir ki, bu gün Ermənistanda de-fakto Türkiyə yönlü hökumət fəaliyyət göstərir. Əgər kapitulyantın [Qarabağda atəşkəs haqda üçtərəfli sənədi imzalayan baş nazir Paşinyanı nəzərdə tutur] fəaliyyəti milli qüvvələrin və xarici tərəfdaşların təsiri ilə dayandırılmasa, hava dəhlizinin ardınca quru dəhlizinə də növbə çatacaq”.
Qarabağda atəşkəs bağlanandan dərhal sonra Azərbaycan eksklavı Naxçıvanla əlaqə saxlamaq üçün Ermənistanın cənubundan quru dəhlizinin verilməsini tələb edir. Ermənistan tərəfi bütün bu müddətdə israrla bildirir ki, Ermənistanın baş nazirinin imzaladığı bəyanatda bütün kommunikasiyaların açılmasından söhbət gedir, Ermənistanın nəzarət etməyəcəyi “dəhliz” haqda sənəddə söhbət getmir.
“Nə İran bağlayıb, nə Ermənistan açıb”
Politoloq Movses Harutyunyan da məsələni Facebook səhifəsində şərh edib və sosial şəbəkələrdə “vətənpərvət İran Azərbaycan üçün hava məkanını bağladı, Türkiyə yönlü Ermənistan isə açdı” fikrinə cavab verib:
“Bu ideya iki qat yanlışdır: öz hava məkanını nə İran bağlayıb, nə də Ermənistan açıb.
1.Birincisi, Ermənistanın hava məkanı heç vaxt Azərbaycanın mülki avia-daşımaları üçün qapalı olmayıb. Məhz Azərbaycan 2013-cü ildə öz şəxsi təşəbbüsü ilə Ermənistanın hava məkanından avi-daşımalar həyata keçirməyi dayandırıb ki, bizə iqtisadi zərbə vursun, dünəndən isə vətəndaşların daşınmasını yenidən bizim ərazidən həyata keçirmək qərarına gəlib.
2.Azərbaycanın hava məkanı da öz növbəsində Ermənistanın aviaşirkətləri üçün bağlı olmayıb. Amma Ermənistan Azərbaycan ərazisindən sərnişin daşımaqdan imtina edib. Eyni şəkildə biz də bu gündən onların hava məkanından istifadə edə bilərik.
3.İran hərbi təyinatlı uçuşlar üçün öz hava məkanını bağlayıb, Azərbaycandan mülki uçuşlar üçün isə hava məkanı açıq qalır.
4.Hətta əgər istəsək də, Azərbaycanın mülki təyinatlı uçuşları bizim hava məkanımızdan həyata keçirməsinə qadağa qoya bilmərik, çünki beynəlxalq mülki aviasiya haqda Çikako konve3nsiyası Beynəlxaq Mülki Aviasiya Təşkilatına (ICAO) üzv ölkələrə öz hava məkanından istifadəyə diskriminasiya yanaşması tətbiq etməyi qadağan edir”.