Ermənistan-Azərbaycan sərhədində təhlükəli vəziyyət: Ermənistan müttəfiqlərinə müraciət edib
Ermənistan-Azərbaycan sərhədində gərginlik davam edir. Ermənistanın baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan mayın 13-də XİN və Müdafiə Nazirliyi rəhbərlərinə Azərbaycanla sərhəddə yerləşən Sünik vilayətində (Azərbaycanda Zəngəzur adlandırılır) yaranan vəziyyətlə bağlı məsləhətləşmələrə başlamaq üçün Ermənistanın da üzvü olduğu KTMT hərbi blokuna müraciət etmək tapşırığı verib. İkinci Qarabağ müharibəsinin yekunlarına əsasən, Ermənistan-Azərbaycan sərhədi yenidən buradan keçir.
Mayın 12-də Azərbaycanın silahlı qüvvələri Qara göl yaxınlığında sərhədi keçərək, 3,5 kilometr məsafədə Ermənistanın ərazisinə daxil olublar. Paşinyanın sözlərinə görə, Azərbaycan tərəfi göl üzərində nəzarəti ələ keçirməyə çalışır. Artıq ikinci gündür ki, gərgin vəziyyət davam edir:
“Bu, Azərbaycan tərəfindən əvvəlcədən planlaşdırılmış təxribatdır. Onların [Azərbaycan hərbçilərinin] saxta xəritələri var, hansı ki, guya gölün onlara aid olduğunu sübut etməlidir, amma aydındır ki, bunlar saxta sənədlərdir. Azərbaycan SQ hərəkətə başladıqları mövqelərə geri qayıtmalıdır”.
Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan aydınlaşdırıb ki, Ermənistanın Rusiyanın liderliyi altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti gərginliyi tam nizamlamağa kömək edəcək.
Məsələ burasındadır ki, Azərbaycan SQ yalnız bu istqamətdə Ermənistan ərazisinə daxil olmaq istəmir.
Mayın 13-də Ermənistanın Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan SQ həm də Geqarkunik vilayətinin Vardenis rayonunda (Azərbaycanda Göyçə adlandırılır) da mövqelərini irəli çəkərək “sərhədlərin müəyyən edilməsi bəhanəsilə Ermənistanın suveren ərazisinə qarşı növbəti təxribata əl atıb”. Burada onların hərəkətinin qarşısı alınıb.
Ermənistan-Azərbaycan sərhədində, Sünikdə uzanan insident artıq Vladimir Putin və Nikol Paşinyan, Ermənistan və Rusiya XİN rəhbərləri arasında müzakirə olunub.
Fransa prezidenti Emmanuel Makron Ermənistana dəstəyini ifadə edib. ABŞ Dövlət Departamenti isə Ermənistan və Azərbaycanı təmkinə və vəziyyətin sülh yolu iləı nizamlanmasına çağırıb.
Bu arada isə Azərbaycan XİN Yerevana “vəziyyəti gərginləşdirməməyi” tövsiyə edib.
Yerevandan informasiya
Putin və Paşinyan nə müzakirə edib?
Ermənistan və Rusiya mətbuat xidmətlərinin məlumatları fərqlənir.
Kremlin mətbuat xidmətindən bildirilib ki, Ermənistan tərəfinin təşəbbüsü ilə telefon danışığı baş tutub və bu zaman Vladimir Putin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının bütün maddələrinin ciddi yerinə yetirilməsinin, birinci növbədə isə atəşkəs rejiminə qeyd-şərtsiz əməl olunmasının vacibliyini vurğulayıb.
Ermənistanın baş nazirinin mətbuat xidməti isə bildirib ki, Ermənistan və Rusiya liderləri Azərbaycan qüvvələrinin ilkin mövqelərə çəkilməsinin vacibliyi fikrində uzlaşıblar. Kremlin bəyanatında bu cümlə yoxdur.
KTMT-ə müraciət
Ermənistan hakimiyyəti birinci dəfə kömək üçün KTMT-a müraciət etmək qərarına gəlib.
Sünikdə vəziyyət gərginləşəndən sonra Nikol Paşinyan bildirib ki, Azərbaycan hərbçiləri qəsdən yeni münaqişəni təhrik edilər. O vurğulayıb ki, yaranmış vəziyyət tamamən təşkilatın nizamnaməsinə uyğundur və müvafiq olaraq Ermənistan müttəfiqlərindən kömək istəyə bilər.
Paşinyan xatırladıb ki, nizamnamədəki bu maddəyə əsasən, bu hərbi blok üzvünün təhlükəsizliyi, stabilliyi, ərazi bütövlüyü və suverenliyi təhdid edildikdə “iştirakçı dövlətlər dərhal öz mövqelərinin koordinasiyası məqsədilə birgə məsləhətləşmələr mexanizmini işə salır, kömək etmək üzrə tədbirlər hazırlayır və həyata keçirirlər”.
O, “təxribatların başladığı gün Azərbaycanın mayın 16-da 15 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərin keçiriləcəyini elan etməsinə” diqqət çəkib.
Əsas sualların cavabları
Ermənistan cəmiyyətində ən çox Azərbaycanın əməllərinə qarşı Ermənistanın niyə qətiyyətli addımlar atmadığı müzakirə olunur. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da aydınlıq gətirib ki, ölkə hakimiyyəti kəskin addımları yox, məsələnin tam mənasında həllini əsas hesab edir.
“Biz bunu lokal əhəmiyyətli məsələ hesab etmirik, baş verən hadisələr daha genişmiqyaslı əməllərin təməlidir”, – Qriqoryan bildirib.
Amma o hesab edir ki, problem mütləq KTMT üzrə müttəfiqlərlə birlikdə həll olunacaq.
Azərbaycan hərbçiləri Ermənistan sərhədini necə keçə biliblər sualının cavabında Qriqoryan bildirib ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar dayanandan sonra Ermənistan tərəfi bütün sərhəd boyunu təchiz edə bilməyib:
“Sərhəd xətti uzanıb və bu şərtlər altında bu problemi dərhal və tam həll etmək mümkün deyildi. Zamanla bu, aradan qaldırılacaq. Biz ən qısa zamanda məsələnin həlli üçün tədbirlər görürük”.
Beynəlxalq reaksiya
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays Twitter-də Ermənistan və Azərbaycanı təmkinə və sərhəddəki vəziyyətin sülh yolu ilə həllinə çağırıb:
“Biz Ermənistan-Azərbaycan sərhədinin demarkasiya prosesinin baş vermədiyi hissəsində gərginliyin artması ilə bağlı məlumatları diqqətlə izləyirik. Biz anlayırıq ki, tərəflər arasında danışıqlar davam edir və onları təmkinə, vəziyyətin sülh yolu ilə deskalasiyasına çağırırıq”.
Kanadanın Mühafizəkarlar partiyasından Maykl Çonq öz ölkəsinin hökumətini Ermənistanın ərazi bütövlüyünün müdafiəsinə çağırıb.
“Azərbaycana silah ixracına icazə verməklə Dağlıq Qarabağ müharibəsində qüvvələr balansının pozulmasına öz töhfəsini vürən Trüdo hökuməti Ermənistanın ərazi bütövlüyünün müdafiəsi haqda məsələ qaldırmalıdır”, – deputat Twitter-də yazıb.
Emmanuel Makron Nikol Paşinyanla telefon danışığı zamanı bildirib ki, Fransa Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycan SQ-nin Ermənistanın suveren ərazilərindən dərhal çıxarılmasının vacibliyini vurğulayır.
Daha sonra Makroon Facebook səhifəsində erməni dilində status yazıb:
“Azərbaycan silahlı qüvvələri Ermənistan ərazisinə soxulub. Onlar dərhal geri çəkilməlidir. Yenidən erməni xalqına müraciət edirəm: Fransa sizinlə həmrəydir və bundan sonra da belə olacaq”.
Azərbaycandan informasiya
XİN-in bəyanatı
“10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir”, – Azərbaycan XİN bəyanatında deyilir.
Xarici İşlər Nazirliyi qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sərhəd xətti müəyyən edilir və bu, tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmadığı üçün hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir:
“Bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək, təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur. Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir”.
Qurumdan bildirilib ki, 12 may tarixindən etibarən Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır:
“Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik. Bu kimi hallar hər iki tərəfdən hərbçilər arasında qarşılıqlı təmaslar vasitəsilə müzakirə olunaraq, həll oluna bilər və olunmalıdır”.
Azərbaycan XİN əlavə edib ki, Azərbaycan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir.
Bakıdan şərh
Azərbaycanlı politoloq Şahin Cəfərli JAMnews-un müxbiri ilə söhbətində qeyd edib ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiya prosesi sovet dövrünün xəritələri üzrə həyata keçirilir:
“Tərəflər köhnə xəritələr əsasında sərhədlərin müəyyən edilməsinə razılaşıb, çünki başqa istinad nöqtəsi sadəcə yoxdur. Dünyanın hər yerində olduğu kimi delimitasiya prosesində münaqişəsiz olmur.
Bu yaxınlarda Qırğızıstan və Tacikistan arasında yaşanan münaqişəni yada salaq. Baxırsan ki, dost ölkələrdir və hər ikisi KTMT-a daxildir. Amma sərhəddəki ziddiyyətlər hər iki tərəfdən onlarla qurban verilməsinə gətirib çıxardı.
Ermənistan və Azərbaycan dost ölkələr deyil, onlar arasında müharibə yenicə başa çatıb və belə lokal münaqişələr, düşünürəm ki, qaçılmazdır”.
Politoloqun fikrincə, sərhəd probleminin şişirdilməsinin əsas səbəbi Ermənistanın daxili siyasi həyatıdır:
“Bu mövzu Ermənistanda gündəmin əsas mövzusuna çevrilib və bunda ölkə müxalifətinin xidməti az deyil. Dövlət təhlükəsizliyinin təmin edilməsi Nikol Paşinyanın siyasətinin ən zəif tərəfidir. O, müharibəni uduzub, indi isə müxalifət onun artıq ölkənin ərazi bütövlüyünü qorumağa qadir olmadınığını bəyan edir.
Azərbaycanən mövqeyindən, hesab edirəm ki, Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsi yaxşı bir variant deyil. Bizim üçün Paşinyanın yürütdüyü siyasət nisbətən konstruktiv idi. Amma bəlkə Azərbaycan rəhbərliyində başqa informasiya var və öz maraqlarından çıxış edərək hərəkət edir. Amma bu vəziyyət hələ ki, Ermənistanda seçkiqabağı mübarizə dövründə Paşinyanın rəqiblərinin mövqelərini gücləndirir”.