Ermənistan-Azərbaycan danışıqları: Ermənistanın keçmiş XİN rəhbərindən yeni detallar
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Ermənistan mediasına Qarabağ münaqişəsinin nizamlanması mərhələləri ilə əlaqədar “Danışıqlar gündəliyinin imperativi” məqaləsini təqdim edib. O, 1998-ci ildən 2008-ci ilə qədər XİN rəhbəri vəzifəsini tutub və danışıqlar masasında baş verənlər haqda bütün təfərrüatları bilən az saylı diplomatlardan biridir.
Sabiq nazir açıq şəkildə Ermənistanın keçmiş hakimiyyətinin Azərbaycanla danışıqlarda hansı mövqeyi tutduqları haqda danışmağa başlayıb, hazırkı hakimiyyətin mövqeyi haqda fikrini bildirib və hətta tövsiyələr də verib.
Oskanyan danışmağı özünə borc bilib, çünki 2020-ci il müharibəsinin yarıda kəsdiyi ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların ən yaxın zaanda bərpa olunacağını ehtimal edir.
Keçmiş nazirin məqaləsini bəzi qısaltmalarla təqdim edirik.
Vəziyyətin dəyərləndirməsi
“Danışıqlar prosesinin necə keçəcəyini təxmin etmək çətindir, çünki 44 günlük müharibə nəticəsində status-kvo tərs çevrilib. Hətta həmsədr ölkələrin təcrübəli diplomatları üçün də bu gün hansı mövqe tutacaqlarına və prosesi nədən başlayacaqlarına qərar vermək çətindir.
Bir tərəfdən, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşməsini və müvafiq olaraq Rusiyanın mövqeyinin güclənməsini nəzərə alsaq, üç həmsədr ölkənin mövqeyi indi çətin ki, tam üst-üstə düşəcək. Digər tərəfdən həmsədr ölkələr münaqişə tərəfdlərinin danışıqlara hansı mövqe ilə gələcəyini bilmirlər.
Ermənistan tərəfinin ilk görüşdəcə təqdim edəcəyi gündəm çox mənada danışıqların bütün gələcək gedişatında hansı məzmunun formalaşacağı və möhkəmlənəcəyini müəyyən edəcək.
25 il ərzində Minsk Qrupu Qarabağ münaqişəsinin nizamlanması üzrə beş təklif irəli sürüb. Onların hamısı istisnasız olaraq o zamankı Ermənistan hakimiyyətinin mövqeyini ifadə edirdi”.
Ermənistanın birinci prezidentinin mövqeyi
“Levon Ter-Petrosyanın [1991-ci ildə seçilib, 1998-ci ildə nistefa verib — JAMnews] Qarabağla bağlı siyasəti” həmin günlərdə Ermənistanın mövcud və ümumi potensialının ayıq dəyərləndirilməsinə, bir də beynəlxaq və geosiyasi hadisələrə münasibətdə onun qeyd-şərtsiz realizminə əsaslanırdı. Ter-Petrosyan əmin idi: soyuq müharibədən sonra beynəlxalq əhval elədir ki, Dağlıq Qarabağın Azərbaycandan kənar tam öz müqəddaratını təyin etməsinə nail olmaq mümkün deyil.
Buna görə də o güman edirdi: əgər biz Qarabağ münaqişəsinin tam nizamlanmasını tələb ediriksə, DQ-ın Azərbaycanın tərkibində yüksək muxtariyyəti ilə razılaşmalıyıq, əks təqdirdə məsələnin mərhələli həllinə getməliyik.
Qeyd etmək lazımdır ki, 1997-ci ildə Minsk Qrupu Levon Ter-Petrosyanın məntiqini tam əks etdiyən iki sənəd təklif etdi.
Birincisi “paket” nizamlaması haqda sənəddir ki, buna əsasən, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət təklif olunurdu.
Ermənistan və Dağlıq Qarabağ dərhal bunu rədd etdi. Növbəti təklif Dağlıq Qarabağın statusu müəyyən edilmədən ərazilərin [90-cı illərin əvvəllərində birinci Qarabağ müharibəsindən sonra Ermənistanın nəzarəti altına keçən və DQ üçün təhlükəsizlik zolağı hesab olunan DQ ətrafındakı rayonlar] “mərhələli” qaytarılması haqda idi – Ter-etrosyan bunu iki şərdən daha az şər hesab edirdi və bu da nəticədə onun istefasının səbəblərindən biri oldu”.
Ermənistanın ikinci prezidentinin mövqeyi
“Robert Koçaryanın Qarabağ məsələsinin həllinə yanaşması [iki prezidentlik müddəti 1998-ci ildən 2008-ci ilə qədər] Ermənistan Respublikasının mövcud imkanlarına yox, mümkün gələcək potensiala əsaslanırdı və onun beynəlxalq siyasətdəki ciddi praqmatizmi ilə ahəng təşkil edirdi.
Koçaryan əmin idi ki, idarəçilik məsələlərində məqsədyönlülük və mütəşəkkillik inkişafı və danışıqlar prosesində daha yaxşı mövqetəmin edə bilər. Praqmatizm onda ifadə olunurdu ki, geosiyasi hadisələri və günün tendensiyalarını, o cümlədən də əsas oyunçuların əhvalını doğru dəyərləndirərək, o, öz şəxsi mövqeyinə rəğmən Qarabağ nizamlanmasına qarşı kəskin tələblər irəli sürmürdü.
Ermənistan tərəfinin o zamankı tələblər:
- Dağlıq Qarabağ və Azərbaycan arasında üfüqi əlaqə,
- DQ-nin təhlükəsizliyinin təmin olunması,
- DQ və Azərbaycan arasında əlaqənin təminatı.
Qeyd etmək lazımdır ki, Koçaryanın işlədiyi on il müddətində Minsk Qrupu üç təklif irəli sürüb:
- Qarabağ və Azərbaycan arasında üfüqi əlaqə təklif edən “ümumi dövlət”;
- Qarabağın Ermənistanın suverenliyi altına verildiyi “Ki-Vest”,
- Qarabağın gələcək referendum perspektivi ilə Azərbaycandan kənarda müvəqqəti status aldığı “Madrid sənədi”.
“Serj Sarqsyanın dövrü [iki prezidentlik müddəti 2008-ci ildən 2018-ci ilə qədər] əsasən Koçaryanın praqmatizminin qismən inersiya, qismən təşəbbüskar davamından ibarət idi.
Bu mərhələdə heç bir yeni sənəd ortaya qoyulmayıb, sadəcə Madrid sənədinə müxtəlif dəyişikliklər edilib – mahiyyətcə Madrid sənədinin mərhələli versiyası olan “Lavrov planı” da bunların sırasındadır”.
Hazırkı baş nazirin müharibədən əvvəlki mövqeyi
“Hakimiyyətə gələndən sonra Nikol Paşinyanın Qarabağ məsələsi ilə bağlı mövqeyi qeyri-müəyyən və xaotik idi. Təəssüf ki, o, keçmişdəkilərdən heç kimlə məsləhətləşmək istəmədi. O, aldadıcı çevrəyə düşdü: “əgər siz hara getdiyinizi bilmirsizsə, siz heç vaxt azmayacaqsız”, müvafiq olaraq, bircə dəfə də olsun yanlış yolda gedib-getmədiyi haqda özünə sual vermək tələbatı hiss etmədi.
Daha sonra Paşinyanda Qarabağla bağlı siyasətində itiuclu daşa çevrilən ideya yarandı: məsələnin həlli Ermənistan, DQ və Azərbaycan xalqları üçün məqbul olmalıdır.
Çoxları bildirirlər ki, müharibənin başlamasının səbəblərindən biri Paşinyanın “Artsax Ermənistandır və nöqtə” ifadəsi olub. Düşünürəm ki, məhz bu ideya Azərbaycana məsələnin danışıqlar yolu ilə həllinin mümkünsüz olduğunu əsaslandırmaq imkanı verdi. Azərbaycanlılar üçün bu, riyakarlıqla əsassız idealizmin birləşməsi idi”.
İndi nə baş verir?
“Müharibədən sonra və Minsk Qrupu çərçivəsində danışıqların mümkün bərpası ərəfəsində Paşinyanın riyakarlıq və idealizminin birləşməsi yeni təzahürlər alıb. Riyakarlıq itkilərimizin lazımı dərəcədə dəyərləndirilməməsi və onlara qarşı etinasızlıqda ifadə olunur, ən kədərlisi və ən qorxulusu onlara haqq qazandırılmasındadır, idealizm isə regionda yeni sülh erasını başlatmaq təklifindədir.
Qeyd etmək lazımdır ki, Azərbaycan sülhə can atmır. O, danışıqlarda hələ əməl olunmamış bütün tələblərinə nail olmağa və öz qənimətlərini beynəlxalq səviyyədə leqallaşdırmağa çalışacaq. Azərbaycan üçün bu nəticə sülh ola bilər.
Əgər sülhə can atmaq Ermənistan üçün əsas məqsəd olacaqsa, müharibə qorxusu rəqibin əlində silaha çevriləcək, bu da bizim ən azı mənəvi tərksilah olmağımıza gətirib çıxaracaq.
Paşinyanın öz əvvəlki səhvlərini təkrarlamamasını və danışıqlara hazırlıqsız getməməyini istəyərdim”.
Taktiki tövsiyələr
Məqaləsinin yekununda Vardan Oskanyan danışıqlarda Ermənistanı təmsil edəcək yeni fiqura tövsiyə edir ki,
- danışıqlar prosesi başlamazdan əvvəl öz töhfəsini verə biləcək şəxslərlə məsləhətləşsin;
- zaman təzyiqinə məhəl qoymasın və məsələnin tam həllinə tələsməsin, problemin mərhələli həlli yolu ilə getsin;
- qlobal və regional mənzərəni və əsas oyunçuların maraqlarını unutmadan sırf milli prioritetləri rəhbər tutaraq diqqəti öz konkret probleminə cəmləsin.
O, məqaləsini “Hər şey itirilməyib, çox şeyi bərpa etmək mümkündür” sözləri ilə bitirib.