Ermənistanın keçmiş iqtisadiyyat naziri ev dustağıdır: növbəti korrupsiya qalmaqalı
Ermənistanın sabiq iqtisadiyyat naziri ittiham olunur
Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyan iki ay ev dustaqlığında qalacaq. Bu qərarı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi qəbul edib. “Mən bu qərardan apellyasiya şikayəti verəcəyəm”, – deyə sabiq nazir məhkəmə zalında bildirib.
Kerobyan məhkəməyə çıxarılmazdan cəmi iki gün əvvəl istefa verib, bir gün əvvəl dindirilməyə dəvət edilib və hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Sabiq nazirin vəkilinin sözlərinə görə, o, bir qrup vəzifəli şəxslə əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Vahan Kerobyan özünü təqsirli bilmir. Müdafiə tərəfi hesab edir ki, “ittihamın əsasları zəifdir və fərziyyələr səviyyəsində nəticələr çıxarılıb”.
İstintaq Komitəsi yanvarın 31-də başlanmış bu cinayət işinin bəzi təfərrüatlarını açıqlayıb. Hazırda iş üzrə səkkiz nəfərin adı keçir. Onlardan beşi Kerobyan da daxil olmaqla İqtisadiyyat Nazirliyinin əməkdaşlarıdır. Söhbət İqtisadiyyat Nazirliyinin ehtiyacları üçün xidmətlərin satın alınması ilə bağlı keçirilən tender zamanı yol verilən sui-istifadələrdən gedir.
- Cəza kamerasında 300, həbsxanada 1120 gündən çox – Aleksey Navalnının həyatının son iki ili
- İlham Əliyev Azərbaycan Nazirlər Kabinetinin yeni tərkibini təsdiq edib
- Gürcüstanda səs-küylü “sianid işi” üzrə mühakimə olunan keşiş şərti azadlığa buraxılıb
“Siyasi konteksti görmürəm”
Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi qərarını açıqlamazdan əvvəl Vahan Kerobyan jurnalistlərlə danışıb. O, bu vəziyyətdə siyasi kontekst görmədiyini bildirib. O, istefası ilə bağlı təfərrüatları da açıqlayıb. Xüsusilə, o, baş nazirin aparat rəhbərinin təklifi ilə istefa məktubu yazıb.
“İşimdən razı deyildilər”, – deyə keçmiş nazir əlavə edib.
Baş nazirin özü ilə münasibətləri barədə suala o cavab verib ki, birgə fəaliyyətinə görə Nikol Paşinyana minnətdardır. Fevralın 14-də öz Facebook səhifəsində istefa verdiyini açıqlayan Kerobyan həmçinin “ölkəyə xidmət etmək üçün bu fürsətə” görə baş nazirə təşəkkür edib.
“Çoxsaylı fikir ayrılıqlarına görə bu müddət ərzində dəfələrlə vəzifəmi tərk etmək istəmişəm, lakin ölkəyə göstərdiyim xidmətlərin dəyərini artırmaq üçün şəxsi hisslərimi işlərə tabe etmişəm”, – o deyib. Lakin o, söhbətin hansı fikir ayrılıqlarının getdiyini dəqiqləşdirməyib.
İstintaq davam edir
İstintaq komitəsinin məlumatına görə, söhbət tender zamanı yol verilən sui-istifadələrdən gedir. Dövlət İnvestisiya Layihələri Bankının yaradılması ilə bağlı tender 2022-ci ildə elan edilib. İştirak etmək üçün dörd təşkilat müraciət edib. Onlardan ikisi (“S” şirkəti və “H” fondu) ilkin mərhələdən keçərək müsabiqədə iştirak edib.
Rəsmi açıqlamaya görə, hüquq-mühafizə orqanları gizli xarakterli araşdırma aparıb. Bundan başqa, əməliyyat-axtarış tədbirlərinə Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları da cəlb edilib.
“Məlum olub ki, İqtisadiyyat Nazirliyindən bir qrup vəzifəli şəxs “S” şirkətini nəyin bahasına olursa-olsun tenderin qalibi elan etmək kimi ilkin qərəzli mövqelərinə görə bu məqsədə nail olmaq üçün [cinayətkar] qrupun üzvləri olan şirkətin direktoru və əməkdaşlarının iştirakı ilə “S” şirkətinin rəqibinin müsabiqədən kənarlaşdırılması istiqamətində tədbirlər həyata keçiriblər”.
Bundan əlavə, tender zamanı onun şərtləri dəyişdirilib ki, bu da “H” fondunun təqdim etdiyi sənədlərin onlara uyğunsuzluğunun tanınmasına və şirkətin iştirakdan kənarlaşdırılmasına imkan verib. İqtisadiyyat Nazirliyinin tələb etdiyi bankın yaradılmasının dəyəri təxminən 300 min dollardır. Lakin tenderin qalibi 700 min dollara öz xidmətlərini təklif edən “S” şirkəti olub.
“Həmçinin məlum olub ki, “S” şirkətinin əməkdaşı və direktoru tenderdə şirkətin qalibiyyətinin təmin olunduğunu bilərək, real rəqibin olmadığından istifadə edərək, layihənin dəyərini 50 min dollar ekvivalentinə bərabər məbləğ qədərində artırıblar. 1 milyon dollar [392 milyon dramdan çox] tələb edən şirkət tenderin qalibi elan edilib”, – İstintaq Komitəsi bildirir.
Daha bir şirkət (Fond “N”) yalnız bir il sonra – 20 iyun 2023-cü il tarixli məhkəmə qərarı ilə tenderin qalibi kimi tanınıb. İstintaq Komitəsi bildirir ki, bundan sonra da “nazirlikdə yüksək vəzifə tutan şəxs öz müavininə, müvafiq idarənin rəisinə tapşırıb ki,[“S” şirkətinin] həyata keçirdiyi layihənin əldə edilməsi məqsədilə Maliyyə Nazirliyinə 400 milyon dram məbləğində büdcə tələbi təqdim etsin və bu tələb yerinə yetirilib”.
Hüquq-mühafizə orqanları elan edir ki, bu əməllər nəticəsində dövlətə və “N” fondunun qanuni mənafelərinə xeyli miqdarda ziyan dəyib.
Keçmiş nazir saxlanılmazdan əvvəl baş verənlər
Nəticədə bu iş üzrə İqtisadiyyat Nazirliyinin beş əməkdaşı və “Synergy” şirkətinin üç nümayəndəsi ittiham olunur.
Bundan əvvəl iqtisadiyyat nazirinin müavini Ani İspiryan tutduğu vəzifədən azad edilib, sonra isə bu iş çərçivəsində saxlanılıb. Eyni iş üzrə “Synergy” şirkətinin təsisçisi və direktoru Aşot Ohanesyan, bu təşkilatın əməkdaşı Lili Mkryan və keçmiş işçisi Ani Gevorqyan da ittiham olunurlar. Ani Gevorqyan Ermənistan parlamenti sədrinin qardaşının həyat yoldaşı olduğu üçün onun saxlanması cəmiyyətdə ən çox səs-küyə səbəb olub.
Məhkəmə qətimkan tədbiri olaraq Ani İspiryan barəsində ev dustaqlığı seçib, digər üç nəfər isə həbs edilib. Hakim “Mülki Müqavilə” fraksiyasının deputatları həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlə prokurorluğa müraciət ediblər.
Fevralın 12-də “Synergy” şirkətinin əməkdaşları Ani Gevorqyan və Lili Mkryan barəsində həbs qətimkan tədbiri dəyişdirilib. Prokuror istintaq orqanına “onlara qarşı birləşmiş alternativ qabaqlayıcı tədbirlər: girov, səyahət qadağası və zaminlik” tətbiq etməyi tapşırıb. Şirkətin təsisçisi Aşot Ohanesyan hələ də həbsdədir.
İqtisadiyyat naziri istefa verməzdən əvvəl demişdi ki, məmurların sübut olunmamış ittihamlarla həbs edilməsi “dövlət sistemini iflic vəziyyətinə salacaq”.
“Əgər adam oğurluq başında tutulmayıbsa… Kənd təsərrüfatı idarələrindən bizə sual verirlər – biz bundan sonra necə çalışaq ki, halal əməyimiz sonda cəzasını almasın? Düşünürəm ki, biz mədəni dəyişiklik etməliyik. Biz başa düşməliyik, bəzən insanların səhv etməsinə icazə veririkmi? Baxmayaraq ki, bu işdə xüsusi səhvlər olmadığına əminəm”, – deyə Kerobyan bildirib.