Ermənistanın keçmiş prezidenti Robert Koçaryan yenidən həbs olundu
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan yenidən həbs olunub. Bu qərarı iyunun 25-də hakim Armen Daniyelyan verib.
Beləliklə, Apellyasiya məhkəməsi Ermənistanın baş prokurorunun və 1 mart 2008-ci ilin faciəvi hadisələrinin qurbanlarının varislərinin vəsatətini təmin edib. O vaxt prezident seçkilərinin nəticələrini tanımayanların nümayişinin dağıdılması zamanı döyüş silahı tətbiq edilmiş və nəticədə, 10 nəfər həlak olmuşdu. Bununla əlaqədar Robert Köçəryan konstitusiya quruluşunun devrilməsində ittiham olunur. Baş prokurorun və qurbanların qohumlarının vəsatəti birinci instansiya məhkəməsinin keçmiş prezidentin həbsdən azad edilməsi qərarı ilə bağlı idi.
Məhkəmə Koçaryan barəsində məhkəmə istintaqının dayandırılması haqqında qərarı ləğv edib, həmçinin Konstitusiya məhkəməsinə müraciəti geri çağırıb. Bundan öncə hakim David Qriqoryan konstitusiya quruluşunun devrilməsi haqqında cinayət işi üzrə istintaqı dayandırmış və onu Konstitusiya məhkəməsinə göndərmişdi. Bu instansiya həmin maddənin konstitusiyaya uyğun olub olmamasına qərar verməli idi.
• Ermənistanın eks-prezidenti Robert Koçaryan həbsdən azad edilib
Təfərrüatlar: eks-prezident nədə ittiham olunur
2018-ci ilin iyulunda Robert Koçaryana qarşı 1 mart 2008-ci il işi üzrə konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülüb.
Söhbət 19 fevral 2008-ci il prezident seçkilərindən sonra baş vermiş hadisələrdən gedir. O vaxt ilk prezident, namizədlərdən biri olmuş Levon Ter-Petrosyanın başçılığı altında müxalifət etiraz aksiyası təşkil etdi. Müxalifətçilər Ter-petrosyanın qələbəsinə əmin idilər və süçkilərin nəticələrinə yenidən baxılmasını tələb edirdilər. Mərkəzi Seçki Komissiyası isə səsvermənin nəticələrinə görə Serj Sarkisyanı qalib elan etdi.
Nümayiş dağıdılarkən döyüş silahı tətbie edildi, insanlar həlak oldu. O vaxt ölkə prezidenti hələ ki Robert Koçaryan idi. Mərkəzi Seçki Komissiyasının məlumatlarına əsasən seçilmiş Serj Sarkisyan hələlik vəzifələrinin icrasına başlamamışdı. Buna görə də, hazırda nümayişin daöıdılmasında və konstitusiya quruluşunun devrilməsində Koçaryan ittiham olunur.
“1 mart” işi üzrə istintaq 2018-ci ilin erməni “məxməri” inqilabına qədər ölü nöqtədən tərpənmirdi. İnqilabın lideri Nikol Paşinyanın rəhbərliyi altında yeni hökumət dərhal bu işin qulpundan yapışdı.
İyulun 28-də eks-prezident bu iş üzrə ilk dəfə həbs olundu. Lakin iki həftə sonra onu azad etdilər. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin onun həbsi ilə bağlı daha əvvəl qəbul etdiyi qərarı qanunsuz kimi qiymətləndirdi. Azad edilmək üçün əsas keçmiş prezident olaraq Robert Koçaryanın toxunulmazlığı haqqında konstitusiya maddəsi oldu.
Koçaryanın 2018-ci ilin avqustunda azad edilməsindən sonra noyabrın 15-də kassasiya məhkəməsi yeni istintaqın aparılması üçün işi apellyasiya məhkəməsinə göndərdi. 2018-ci ilin dekabr ayının 7-də apellyasiya məhkəməsi esk-prezidentin təkrarən həbsi barədə qərar verdi. Ermənistanın ikinci prezidenti həmin gündən 2018-cu ilin may ayının 18-dək həbsxanada qaldı. Həmin gün Koçaryanın vəkillərinin qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətini nəzərdən keçirmiş hakim David Qriqoryan onun həbsdən azad edilməsi haqqında qərar çıxardı.
O, Dağlıq Qarabağın fəaliyyətdə olan və keçmiş prezidentləri Bako Saakyanın və Arkadi Qukasyanın zaminliklərini də nəzərə almışdı. Onlar öz məsuliyyətləri altında, onun “iki erməni respublikasının təşəkkülündəki payını, Qarabağ müharibəsində və erməni ordusunun qurulmasında nəhəng əməyini” nəzərə alaraq, Komaryan barəsində qətimkan tədbirinin dəyişdirilməsini məhkəmədən xahiş etmişdilər.
Lakin 2019-cu ilin fevralından etibarən Koçaryana qarşı daha bir ittiham irəli sürülüb – 927 milyon dram (təxminən 3 milyon dollar) rüşvətin alınması. Bu ittiham 2018-ci ilin noyabrında sahibkar Silva Ambartsumyanın keçmiş prezidentə qarşı irəli sürdüyü iddia ilə bağlıdır.
Koçaryan bildirib ki, ona qarşı irəli sürülmüş ikinci ittihamın məqsədi əmlakına həbs qoyulmasından ibarətdir. O xatırladıb ki, birinci ittiham üzrə onun əmlakına həbs artıq qoyulub. Lakin konstitusiya quruluşunun devrilməsi haqqında iş üzrə əmlakın müsadirə olunması şəklində əlavə sanksiya nəzərdə tutulmur, güman edilən rüşvət haqqında iş üzrə isə istisna edilmir.
Eks-prezident ona qarşı irəli sürülmüş ittihamlardan heç birini qəbuletmir və onları siyasi sifariş və Ermənistanın hazırkı hakimiyyətinin qisası hesab edir.
Koçaryan 2008-ci ilin iğtişaşlarına görə məsuliyyəti Paşnyanın üzərinə qoyur
İyunun 24-də yerli telekanallardan birinə müsahibəsində eks-prezident Komaryan bildirib:
«Ermənistanın hazırkı baş naziri 1 mart 2008-ci il kütləvi iğtişaşlarına görə birbaşa məsuliyyət daşıyır və tarixə yenidən baxmaq, günahkarlar tapmaq istəyir. Onun təsəvvüründə günahkar mənəm».
Baş nazir Paşinyan bütün siyasi karyerası boyunca qatı müxalifətçi olub. 2008-ci ilin prezident seçkilərində o, prezidentliyə namizəd Levon Ter-Petrosyanın maraqlarını müdafiə edib. Paşinyan seçkilərin nəticələrinin elan edilməsindən sonra başlamış etiraz aksiyalarında da fəal iştirak edib. Martın 1-də nümayişin dağıdılmasından sonra müxalifətçi xadim kütləvi iğtişaşların təşkili ittihamları üzündən bir il dörd üy müddətinə gizli fəaliyyətə keçib.
2010-cu ilin iyul ayının 1-də Paşinyan könüllü şəkildə prokurorluğa gəlib, həbs edilib və 7 il müddətinə həbs cəzasına məhkum olunub. Bir il 11 aydan sonra o, Ermənistanın müstəqilliyinin 20 illiyi münasibətilə verilmiş amnistiyaya düşüb. Hüquq müdafiəçiləri hesab edirlər ki, ölkə hakimiyyəti o vaxt beynəlxalq strukturların təzyiqi altında bu addımı atmağa məcbur olmuşdular.
Məhkəmənin onun işi barəsində qərarının elan edilməsi ərəfəsində verdiyi müsahibədə, qərar isə 25 iyun 2019-cu il tarixində çıxarılmalı idi, Koçaryan bəyan edib ki, özü üçün masbət qərar gözləmir. Onun sözlərinə görə, işə baxılması zamanı “hər şey edilib ki, müdafiə tərəfi öz mövqeyini təqdim edə bilməsin”.
Robert Koçaryan açıq şəkildə və artıq birinci dəfə deyil ki, ölkənin hazırkı hakimiyyətinə qarşı öz mövqeyini bəyan edir:
«Aydındır ki, mən bu hakimiyyətin əlyehdarı olacağam. Siyasi proseslər göstərəcək ki, əsas əleyhdaram, ya yox və müxalifəıt cəbhəsində mən hansı rolu oynayacağam».
• Ermənistanın eks-prezidenti Robert Koçaryan həbsdən sonra siyasətə qayıdır
Eyni zamanda, Ermənistanın ikinci prezidenti jurnalistin nun yenidən hakimiyyətə gəlməyə hazırlaşıb hazırlaşmamağı barədə sualına dəqiq cavab verməyib:
«Əgər daha gənc, enerjili, dərin biliyə malik insanlar olacaqsa və mən onlarda ölkəni irəli apara biləcək qüvvə görəcəyəmsə, bu halda problem görmürəm – əksinə, bu insanları görüb sevinərəm. Amma… bu sualı açıq saxlayaq».