Ermənistanın jurnalist təşkilatları hakimiyyəti söz azadlığını məhdudlaşdırmaq cəhdində ittiham edir
Ermənistanın jurnalist təşkilatları ölkənin Ədliyyə Nazirliyinin cinayət məcəlləsinə dəyişiklik etmək niyyətindən narahat olub. Müzakirə olunan qanun layihəsinə əsasən, “nifrət ifadələrinin” yayılmasına görə vətəndaşlar real həbs cəzası nəzərdə tutan cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bu, ilk növbədə jurnalistləri təhdid edir.
• Macar oliqarxların milli medianı inhisara alıb, Avropaya doğru irəlilədikləri haqda
Jurnalist cəmiyyəti nədən narahatdır?
Altı jurnalist təşkilatı bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, qanunvericiliyə ediləcək dəyişikliklər söz azadlığının məhdudlaşdırılmasına gətirib çıxara bilər.
Ədliyyə Nazirliyi isə öz növbəsində açıq şəkildə zorakılığa çağırışa və insan həyatı üçün təhlükə təşkil edən zorakılığa açıq şəkildə haqq qazandırmağa görə cinayət məsuliyyətinin tətbiq edilməsini təklif edir.
Media nümayəndələrini ilk növbədə qanun layihəsində “nifrət ifadələri” anlayışının aydın açıqlamasının verilməməsi faktı narahat edir. Aydın deyil ki, “zorakılıq” anlayışı cinayət hüququ müstəvisində necə təfsir olunacaq. Amma bununla belə zorakılığa açıq çağırış, o cümlədən də zorakılığın təbliği və buna haqq qazandırılmasına görə cinayət məsuliyyəti və həbs cəzası tətbiq etmək nəzərdə tutulub:
“Biz hesab edirik ki, cinayət məcəlləsinin azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan norması daha dəqiq, aydın və səlis formalaşdırılmış olmalıdır ki, subyektiv yanaşmaya yol verilməsin”.
Qanun layihəsi məsələn, “zorakılığa çağırış” ifadə edən materialların dərcinə gətirib çıxaran səbəb və ya vəziyyətlərin üzə çıxarılmasını da nəzərdə tutmur. Bu isə o deməkdir ki, yüngülləşdirici vəziyyətlər də nəzərə alınmayıb.
“Elə vəziyyət yaranır ki, məsələn, 2016-cı ilin iyulunda medaida “Sasna Tsrer” [tərcümədə “Sasunlu fədailər” mənasını verir, silahlı qruplaşma Yerevanda polisin post-patrul xidmətinin binasını ələ keçirib, bir həftə saxlayıb – JAMnews] qrupu üzvlərinin çağırışları bu qanun layihəsinə əsasən, jurnalistlərin və ya redaktorların cinayət məsuliyyətinə cəlb olunmasına gətirib çıxara bilərdi”.
Qanun layihəsi necə meydana gəlib?
Yerevan press-klubunun rəhbəri Boris Navasardyan hesab edir ki, qanun layihəsi Ermənistanda məxməri inqilabdan sonra hazırlanıb və bir çox hallarda ictimai tələbata cavab kimi meydana gəlib. Bununla belə onun fikrincə, qanun layihəsi tələsik hazırlanıb, səlis təfsir olunmayıb və bu da söz azadlığı üçün təhlükə doğurur:
“Onun əsas çatışmazlığı, bu cür halların əksəriyyətində olduğu kimi, “nifrət ifadələri” anlayışına hüquqi nöqteyi-nəzərdən nələrin aid olduğu ilə bağlı dəqiqləşdirmələrin olmamasıdır. Bu mənada da əgər təşəbbüs məhz hazırkı formada qəbul edilərsə, söz azadlığı üçün müəyyən təhlükə kəsb edəcək”.
Boris Navasardyan vurğulayıb ki, qanun layihəsinin hazırlanmasında media qurumlarının nümayəndələri iştirak etməyib:
“Mənə məlum olan peşəkar təşkilatlarla nazirlik məsləhətləşməyib, amma biz tərəfdaşlarımızla öz şərhlərimizi təqdim etmişik və ümid edirik ki, onları diqqətə layiq görəcəklər”.