Ermənistanın eks-prezidentinin cinayət işinə Avropa İnsan Haqları Məhkəməsi baxacaq
Ermənistanın Konstitusiya Məhkəməsi eks-prezident Robert Koçaryanın işi ilə bağlı konsultasiya üçün Avropa İnsan Haqları Məhkəməsinə və Avropa Şurasının Venesiya Komissiyasına müraciət edib. O, konstitusiya quruluşunun devrilməsində ittiham olunur.
Konstitusiya Məhkəməsi Yerevaın ümumi yurisdiksiya məhkəməsinin və Ermənistanın ikinci prezidentinin bəyanları əsasında bu addımı atıb. Bəyanlar cinayət məcəlləsinin 300.1 maddəsi (konstitusiya quruluşunun devrilməsi) ilə irəli sürülən ittihamın ölkənin əsas qanununa uyğun gəlib-gəlmədiyi sualı ilə bağlıdır. Qərar alınana qədər Ermənistanın Konstitusiya Məhkəməsində Robert Koçaryanın işinin baxışı dayandırılacaq.
O, yenə də həbsdə saxlanılır.
• Ermənistanın eks-prezidenti Robert Koçaryan yenə həbs edilib
İşin bütün təfərrüatları
Ermənistanın ikinci prezidenti ilk dəfə 2018-ci il iyulun 28-də konstitusiya quruluşunun devrilməsi ittihamı ilə həbs olunmuşdu. Amma iki həftə sonra o azad edildi. Apellyasiya məhkəməsi ilk instansiya məhkəməsinin həbslə bağlı çıxardığı hökmü qanunsuz elan etdi. Robert Koçaryanın həbsdən azad edilməsi üçün onun keçmiş prezident kimi konstitusiyada təsbit olunmuş toxunulmazlıq hüququ əsas oldu.
Cinayət işi 2008-ci il 1 mart hadisələri ilə bağlıdır. 2008-ci il fevralın 19-da keçirilən prezident seçkilərindən sonra etiraz aksiyaları başlanmışdı. Seçkilərdə namizədlərdən biri olan ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın başçılığı altında Ermənistan müxalifəti iki həftə ərzində fasiləsiz aksiya keçirmişdi. Müxalifətçilər Ter-Petrosyanın qələbəsində əmin idilər və seçki nəticələrinə yenidən baxılnasını tələb edirdilər. Mərkəzi Seçki Komissiyası isə səsvermə nəticələrinə əsasən Serj Sarqsyanı qalib elan etmişdi.
Nümayişin dağıdılması zamanı silah tətbiq edilmiş və insanlar həlak olmuşdu. Həmin vaxt ölkənin qüvvədə olan prezidenti Robert Koçaryan idi. MSK-nın məlumatına görə prezident seçilən Serj Sarqsyan hələ vəzifə başına keçməmişdi. Buna görə də indi nümayişin dağıdılması və konstitusiya quruluşunun devrilməsində Koçaryan ittiham olunur.
“1 mart” hadisələri üzrə istintaq 2018-ci ildə Ermənistanda baş verən “məxməri imqilaba” qədər bir addım belə irəliləməmişdi. İnqilab lideri Nikol Paşinyanın rəhbərliyi altında dərhal bu işin araşdırılmasına başlanıldı.
2018-ci ilin avqustunda Koçaryan azad ediləndən sonra Kassasiya Məhkəməsi noyabrın 15-də işi yenidən istintaq aparılması üçün Apellyasiya məhkəməsinə göndərib. 2018-ci il dekabrın 17-də Apellyasiya Məhkəməsi eks-prezidentin təkrar həbsilə bağlı qərar çıxarıb. Həmin gündən 2019-cu il mayın 18-ə qədər Ermənistanın ikinci prezidenti yenidən həbsdə saxlanılıb.
Həmin gün Koçaryanın vəkillərinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatətinə baxan hakim David Qriqoryan onun həbsdən azad edilməsi ilə bağlı qərar çıxarıb.
O, bu qərarı verərkən Dağlıq Qarabağın hazırkı və keçmiş prezidentləri Bako Saakyan və Arkadi Qukasyanın müraciətlərini nəzərə alıb. Onlar Koçaryanın “iki erməni respublikasının bərqərar olmasına, Qarabağ müharibəsinə və Ermənistan ordusunun qurulmasına verdiyi töhfələri” nəzərə alaraq şəxsi məsuliyyətləri altında həbsdən azad edilməsini məhkəmədən xahiş ediblər.
Bundan başqa, hakim Koçaryanın işini ona qarşı irəli sürülən konstitusiya quruluşunun devrilməsi ilə bağlı ittihamın konstitusiyaya zidd olub-olmadığını, o cümlədən də konstitusiya üzrə prezidentin toxunulmazlıq institutunun müəyyənləşdirilməsi üçün Konstitusiya məhkəməsinə göndərib.
Bundan sonra Ermənistanın Baş Prokurorluğu bu qərardan apellyasiya şikayəti verib və iyunun 25-də şikayət təmi edilərək eks-prezident yenidən həbs olunub.
Koçaryan ona qarşı irəli sürülən ittihamları rədd edir. O özünə qarşı qaldırılmış cinayət işini siyasi sifariş və hazırkı Ermənistan hakimiyyətinin qisası hesab edir.
Koçaryan 2008-ci il iğtişaşlarında baş naziri günahkar sayır
İyunun 24-də Koçaryan hələ azadlıqda olduğu zaman yerli telekanallardan birinə müsahibəsində bunları deyib:
“Ermənistanın hazırkı baş naziri 2008-ci il 1 mart hadisələrinə görə bilavasitə məsuliyyət daşıyır və o, olayları yenidən nəzərdən keçirib günahkarları tapmağa çalışır. Onun təsəvvüründə günahkar mənəm”.
Baş nazir Paşinyan bütün siyasi karyerası boyunca dönməz müxalifətçi olub. 2008-ci il prezident seçkilərində o, prezidentliyə namizəd Levon Ter-Petrosyanın maraqlarını təmsil edib. Paşinyan seçki nəticələri elan olunandan sonra başlayan etiraz aksiyalarında da fəal iştirak edib. Martın 1-də nümayiş amansızlıqla dağıdılandan sonra müxalifətçi kütləvi iğtişaşların təşkilində ittiham edildiyi üçün bir il dörd ay müddətində qaçaq həyatı yaşayıb.
2010-cu il iyulun 1-də Paşinyan könüllü şəkildə prokurorluğa gəlib və həbs edilərək yeddi il müddətinə azadlıqdan məhrum olunub. Bir il 11 aydan sonra Ermənistanın müstəqilliyinin 20 illiyi münasibətilə elan olunan amnistiyaya düşüb. Hüquq müdafiəçiləri hesab edirlər ki, ölkə hakimiyyəti o vaxt beynəlxalq strukturların təzyiqi aldında bu addımı atmağa məcbur olub.
Baş nazirin bəyanatı
Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan Azadlıq Radiosuna müsahibəsində bildirib ki, eks-prezident siyasi məhbus deyil:
“Əgər Robert Koçaryan siyasi məhbusdursa, o zaman mən və ya başqa ölkə lideri istənilən vaxt paytaxta tank yeridə və tanklarla istənilən müxalif çıxışları əzə bilərik. Əgər mənim belə bir haqqım yoxdursa, o zaman Robert Koçaryan siyasi məhbus deyil”.
Konstitusiya Məhkəməsinin rəyi
Konstitusiya Məhkəməsinin üzvü hakim Alvina Gülümyan Avropa İnsan Haqları Məhkəməsinə və Avropa Şurasının Venesiya Komissiyasına müraciət edilməsilə bağlı qərarı belə izah edib:
“Biz hələlik qəti qərar qəbul etməmişik. Bizim üçün bu təşkilatların fikrini bilmək vacibdir. Kim deyir ki, hər hansı məhkəmə bütün suallar ölçülüb-biçilənə, aydınlaşana qədər qərar qəbul edə bilər?”
Bütün bu işdə siyasi sətirarası mənaya gəlincə, Alvina Gülümyan qeyd edib ki, “KM həmişə siyasi səitrarası mənadan yüksəkdə olub”.