Ermənistanın eks-prezidenti həbsdən çıxacaqmı? – Hakim yaxın 5 gün ərzində qərar verəcək
Hakim Anna Danibekyan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan haqda qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətinə dair qərar vermək üçün məşvərət otağına gedib. Ermənistanın ikinci prezidenti “konstitusiya quruluşunun devrilməsi” ittihamı ilə həbs edilib.
• Konstitusiya Məhkəməsinin eks-prezident Koçaryanla bağlı qərarı
Sentyabrın 4-də Konstitusiya Məhkəməsinin elan etdiyi qərarı Koçaryanın vəkilləri və Baş Prokurorluq fərqli şərh edir. Vəkillər komandası hesab edir ki, bu qərar əsasında eks-prezident dərhaz azad olunmalıdır. Prokurorlar isə bildirirlər ki, KM-nin qərarı bunun üçün heç bir əsas vermir.
Məhkəmə eks-prezidentin vəkillərinin vəsatəti ilə bağlı qərarını sentyabrın 17-də açıqlayacaq
Hakim Anna Danibekyan bu məsələni təxirəsalınmaz hesab edir. Amma mahiyyətcə, sentyabrın 12-də Yerevanın ümumi yurisdiksiya məhkəməsində “1 mart” işi üzrə araşdırma başlayıb.
Söhbət 2008-ci il 1 mart hadisələrindən gedir. O vaxt prezident seçkilərindən sonra başlayan kütləvi etiraz aksiyasının daxıdılması zamanı 10 nəfər həlak olmuşdu. həmin ərəfədə Mərkəzi Seçki Komissiyası Serj Sarqsyanın yeni prezident seçildiyini artıq elna etsə də, dövlət başçısı səlahiyyətləri hələ Robert Koçaryanda qalırdı.
2018-ci ilin yazından baş tutan “məxməri inqilabdan” sonra Ermənistanın yeni hökuməti həmin hadisələrlə bağlı istintaqı yenidən başladıb və ilkin təqsirləndirilənlərdən biri də Koçaryan olub. Son bir ildə o bir neçə dəfə həbs edilib və yenidən azadlığa buraxılıb.
Bu iş üzrə Robert Koçaryanla yanaşı “konstitusiya quruluşunun devrilməsi” ittihamı ilə keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturov da həbs olunublar. Ermənistanın keçmiş baş naziri Armen Gevorqyan isə konstitusiya quruluşunun devrilməsinə yardımda ittiham olunur.
• Ermənistanın eks-prezidenti hazırkı baş nazirə qarşı iddiasından imtina edib. Niyə?
Məhkəmə konkret hansı məsələyə baxır?
“1 mart” işi üzrə araşdırmaya başlamazdan öncə məhkəmə Robert Koçaryan haqda qətimkan tədbirinin dəyişdirilməsi haqda eks-prezidentin vəkillərinin vəsatətinin müzakirəsinə başlayıb.
Koçaryanın müdafiəçi qrupu Konstitusiya Məhkəməsinin qrarının həyata keçirilməsinə və eks-prezidentin həbsdən dərhal azad edilməsinə israr edib.
Daha əvvəl Konstitusiya Məhkəməsi təsbit edib ki, cinayət məcəlləsinin 35-ci maddə Konstitusiyaya, o cümlədən də keçmiş prezidentlərə şəxsi azadlığı təmin edən 27-ci maddəyə ziddir.
Ermənistan Konstitusiyasında deyilir ki, prezident səlahiyyə müddətində və bu müddət başa çatandan sonra cinayət təqibinə məruz qala və statusu ilə şərtlənən əməllərə görə məsuliyyətinə cəlb oluna bilməz.
İttiham tərəfi tam əks fikirdədir və bildirir ki, 2008-ci il prezident seçkilərindən sonra Koçaryanın əməlləri onun statusu ilə şərtlənməyib.
Məhkəmə zalında və binanın qarşısında gərginlik
Məhkəmə iclasında iş üzrə bütün ittiham olunanlar iştirak edib. Yeri gəlmişkən, onnlardan yalnız Robert Koçaryan həbsdədir.
O, məhkəmə iclası zamanı bildirib ki, bir neçə aydır qətimkan tədbirinin dəyişdirilməsini gözləyir. Bununla yanaşı, eks-prezident bəyan edib ki, bu, Ermənistan tarixində ən biabırçı məhkəmə işidir:
“Bu il ərzində mənim hüquqlarım dəfələrlə pozulub. Bu, fərdiləşdirilmiş işdir, burada siyasi təqib elemeni var və bütün bunlar Qarabağda və Ermənistanda prezident olmuş bir insana qarşı edilir. Mən bir şeyi anladım: prokurorluq üçün qanun plastilin kimidir, necə istəyirlər, elə də şərh edirlər”.
Artıq ənənəvi olaraq, məhkəmə zalının qarşısında Koçaryanın yüzlərlə tərəfdarları və əleyhdarları toplaşıblar. Və onları adətən olduğu kimi bir-birindən polis kordonu ayırıb. Qruplardan biri ədalətli araşdırma və Koçaryanın azad edilməsini tələb edib. Digər qrup isə yenə də eks-prezidentin təqsirli olduğuna və cəza çəkməli olduğuna israr edib.
Koçaryanın tərəfdarları həmçinin hesab edirlər ki, eks-prezidentə qarşı cinayət işi saxtadır və siyasi kontekst daşıyır.
Eks-prezident nədə günahlandırılır?
2018-ci ilin iyulunda Robert Koçaryana qarşı 2008-ci il 1 mart işi üzrə konstitusiya quruluşunun devrilməsi ilə bağlı ittiham irəli sürülüb.
Söhbət 2008-ci il 19 fevral prezident seçkilərindən sonra baş verən hadisələrdən gedir.
Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrinə əsasən Serj Sarqsyanı qalib elan edib. Amma Ermənistan müxalifəti bu seçkilərdə namizədlərdən biri olan birinci prezident Levon Ter-Petrosyanın rəhbərliyi ilə etiraz aksiyalarına başlayıb. Müxalifətçilər Ter-Petrosyanın qələbə qazandığına əmin idilər və seçkilərin nəticələrinə yenidən baxılmasını tələb ediblər.
Nümayişin dağıdılması zamanı silah tətbiq edilib və 10 nəfər həlak olub.
Həmin vaxt ölkə prezidenti hələ Robert Koçaryan idi. Məekəzi Seçki Komissiyasının məlumatına əsasən prezident seçilərn Serj Sarqsyan isə hələ vəzifə başına keçməmişdi. Buna görə də indi nümayişin amansızca dağıdılmasında və konstitusiya quruluşunun devrilməsində məhz Koçaryan ittiham olunur.
“1 mart” işi üzrə istintaq 2018-ci ilin “məxməri” inqilabına qədər ölü nöqtədən tərpənməyib. İnqilab lideri Nikol Paşinyanın rəhbərliyi altında yeni hökumət hakimiyyətə gələr-gəlməz bu işi yenidən qaldırıb.
2018-ci il iyulun 28-də eks-prezident həmin iş üzrə ilk dəfə həbs edilib. Amma bir müddət sonra yenidən azad olunub.
Apellyasiya Məhkəməsi ilk instansiya məhkəməsinin onun həbsilə bağlı qərarını qanunsuz elan edib. Onun azad edilməsi üçün Robert Koçaryanın keçmiş prezident kimi konstitusiyada nəzərdə tutulan toxunulmazlığı əsas olub.
Koçaryan 2018-ci ilin avqustunda azadlığa buraxılıb.
2018-ci il dekabrın 7-də Apellyasiya Məhkəməsi eks-prezidentin təkrar həbsinə qərar verib.
Həmin gündən Ermənistanın ikinci prezidenti 2019-cu il mayın 18-ə qədər həbsxanada olub.
Mayın 18-də Koçaryanın vəkillərinin onun haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətinə baxan hakim David Qriqoryan onun azad edilməsinə dair qərar çıxarıb. O, bu qərarı verərkən, Dağlıq Qarabağın hazırkı və keçmiş prezidentləri Bako Saakyan və Arkadi Qukasyanın müraciətlərini nəzərə alıb. Onlar Koçaryanın “iki erməni respublikasının bərqərar olmasına verdiyi töhfəni və onun Qarabağ Müharibəsində və Ermənistan Ordusu quruculuğunda sərf etdiyi böyük zəhməti” nəzərə alaraq, haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsini və onların zəmanəti ilə azadlığa buraxılmasını istəyiblər.
Amma 2019-cu ilin fevralından Koçaryana qarşı 927 milyon dram [3 milyon dollara yaxın] rüşvət almaqla bağlı daha bir ittiham irəli sürülüb. Bu haqda iş adamı Silva Ambartsumyan istintaqa məlumat verib.
Koçaryan bildirib ki, ikinci iş bütün əmlakına həbs qoya bilmək üçün quraşdırılıb. Konstitusiya quruluşunun devrilməsi haqda iş üzrə əmlakın müsadirə edilməsi kimi əlavə sanksiya tətbiq edilmir – rüşvət haqda məsələ ilə bağlı isə bu mümkün ola bilər.
Sonuncu dəfə Robert Koçaryan iyunun 25-də həbs edilib.
Eks-prezident ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etmir və o, bütün bunları siyasi sifariş və hazırkı Ermənistan hakimiyyətinin qisası hesab edir.
2008-ci il 1 mart hadisələri niyə baş nazir Paşinyan üçün bu qədər vacibdir?
Baş nazir Nikol Paşinyan bütün siyasi karyerası boyunca qatı müxalifətçi olub. 2008-ci il prezident seçkilərində o, prezidentliyə namizəd Levon Ter-Petrosyanın maraqlarını təmsil edib.
Paşinyan seçki nəticələri elan olunandan sonra başlayan etiraz aksiyalarında da fəal şəkildə iştirak ediblər. 1 mart nümayişi dağıdılandan sonra kütləvi iğtişaşların təşkilində ittiham olunduğu üçün o, bir il dörd ay müddətində qaçaq həyatı yaşayıb.
2010-cu il iyulun 1-də Paşinyan könüllü şəkildə prokurorluğa gəlib, həbs olunub və yeddi il müddətinə azadlıqdan məhrum edilib.
Amma bir il və 11 ay sonra Ermənistanın müstəqilliyinin 20 illiyi ilə bağlı elan olunan amnistiyaya düşüb.
Hüquq-mühafizəçiləri hesab edirlər ki, o zaman ölkə hakimiyyəti beynəlxalq strukturların təzyiqi altında bu addımı atmağa məcbur olub.
Robert Koçaryan dəfələrlə açıq şəkildə Ermənistanın yeni hakimiyyətinə qarşı olduğunu bildirib.