Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev MDB ölkələri liderlərinin sammitinin keçirildiyi Düşənbə şəhərində görüşüb. Onlar qeyri-formal söhbət ediblər. Daha sonra Nikol Paşinyan Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb ki, o və İlham Əliyev üç məsələ ilə bağlı razılığa gəliblər.
1.
Məsələn, iki ölkə lideri təmas xəttində insidentlərin qarşısının alınması üçün addımların atılması ilə bağlı razılıq əldə edib:
“Biz təmas xəttində gərginlik səviyyəsinin azaldılması üçün konkret addımlar atılması ilə bağlı müdafiə nazirlərimizə tapşırıq vermək haqda razılığa gəldik. Mən artıq bu barədə Artsax Respublikasının rəhbərinə məlumat vermişəm, bu qərar onun üçün də məqbuldur.
Mahiyyət etibarilə deyə bilərik ki, bütün Ermənistan-Azərbaycan, Qarabağ-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması hallarının qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi haqda razılaşma əldə edilib.
Mən bizim SQ-ə əmr verdim və ötən gecə baş nazir olduğumdan bəri ən dinc və sakit gecə oldu”.
2.
Paşinyan onu da bildirib ki, söhbət zamanı onlar bir daha danışıqlar prosesinə sadiq olduqlarını təsdiqləyiblər:
“Biz münaqişənin məhz danışıqlar nəticəsində həll edilməli olduğunu qeyd etdik”.
3.
Paşinyan və Əliyevin arasındakı üçüncü razılaşma operativ əlaqə sisteminin yaradılması ilə bağlıdır:
“Hələlik bu yalnız razılaşmadır. Bu əlaqə necə yaradılacaq – texniki məsələlərlə bağlı konkret razılaşma yoxdur. Biz sadəcə müvafiq qurumlara operativ əlaqə yaratmaq üçün sistemin qurulması ilə bağlı tapşırıq vermək haqda razılığa gəldik”.
Bu, iki ölkə liderinin ilk söhbətidir, amma onlar daha əvvəl tanış olub. Onları bir-birinə Rusiya prezidenti Vladimir Putin Moskvada, iyun ayında futol üzrə Dünya Çempionatı zamanı təqdim edib.
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağla bağlı silahlı münaqişə 1991-1994-cü illərdə baş verib. Atəşkəs haqda razılaşma əldə ediləndən sonra DQ Ermənistan da daxil olmaqla heç bir dövlət tərəfindən tanınmayan de-fakto müstəqil pespublika kimi mövcuddur.
Azərbaycan Qarabağı və müharibə zamanı ələ keçirilən ətraf əraziləri işğal olunmuş hesab edir və geri qaytarılmasını tələb edir.
Münaqişə tərəfləri təmas xəttində toqquşmalar haqda xəbər verir və bir-birini təxribatda günahlandırırlar.